Məhkəmə qərarları › İş №3(006)-1741/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1741/2021

17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1741/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 69, “İsr Plaza”; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi üzrə tərtib olunmuş 24.06.2021-ci il tarixli, EP ******* (00100-0335/21/1) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış malları bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparmış və ya bu əraziyə qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə müvafiq qaydada bildirişlər göndərilsə də, onların nümayəndələri məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 20.12.2014-cü il tarixli **********9123 saylı gömrük bəyannəməsinə əsasən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına Qazaxstandan daxil olmuş 6 ədəd xüsusi təyinatlı avadanlıq və 781 kq yer və tunel qazan maşın hissələri yükü 26.11.2015-ci il tarixədək müvəqqəti idxal xüsusi gömrük prosedura altında yerləşdirilmişdir; - Raportdan görünür ki, sonradan bu müddət 26.11.2016-cı il tarixədək uzadılmışdır. Daha sonra sözügedən gömrük bəyannaməsinin 1-ci mal mövqeyində qeyd edilən 6 ədəd xüsusi təyinatlı avadanlıq yükü şirkət tərəfindən təqdim edilmiş 17.03.2016-cı il tarixli **********7262 saylı gömrük bəyannəməsi ilə təkrar ixrac gömrük prosedurunda rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. 20.12.2014-cü il tarixli gömrük bəyannəməsinin 2-ci mal mövqeyində qeyd edilən 781 kq yer və tunel qazan maşın hissələri yükünün müvəqqəti idxal müddəti 26.11.2020-ci il tarixədək uzadılmışdır. Lakin bu müddətin bitməsinə baxmayaraq bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Həmin yükün müvəqqəti idxal müddəti 26.11.2020-ci il tarixdə bitsə də, həmin malların müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən bu müddət bitdikdən 02 ay 28 gün sonra gömrük orqanına müraciət edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə: - Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir (192.1-ci maddə); - Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır (193.1-ci maddə); - Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər (193.2-ci maddə); - Şəxs bu Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 aya qədər uzadır (193.3-cü maddə); - Bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir (193.4-cü maddə). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbehin aşağı həddinə uyğun tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar