Məhkəmə qərarları › İş №3(006)-1743/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1743/2021

02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1743/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 iyun 2021-ci il tarixli, 00100-1121/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 61K14930/61K3537 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin **********1790 sorğu nömrəli 04.06.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, X1 Şöbəsindən daxil olmuş 34/012/015185 nömrəli 07.06.2021-ci il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına 61K14930/61K3537 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin və Bakı Baş Gömrük İdarəsinin hüquqi ünvanlarına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan 07 iyul 2021-ci il tarixli, 3(006)-1743/2021 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (07 iyul 2021-ci il tarixli reyestr). İş materiallarında olan 17 iyul 2021-ci il tarixli, 3(006)-1743/2021 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (22 iyul 2021-ci il tarixli reyestrin 2 sıra nömrəsi ilə). Bununla da, Məhkəmə hesab edir ki, Şəxs MMC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında MMC-nin yeganə ünvanı kimi qeyd edilən ünvan 3irişlər göndərilmiş, həmçinin MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə 17 iyul 2021-ci il tarixli məhkəmə iclası 02 avqust 2021-ci il tarixə təxirə salınmışdır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 17 iyun 2021-ci il tarixli, 00100-1121/21 saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/015185 nömrəli 07.06.2021-ci il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına 03.06.2021-ci il tarixində 61K14930/61K3537 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********7691 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib olumamışdır. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X2 sistemi” informasiya resursundan “dəmir yolu ilə daşınan mallara” dair çıxarışdan görünür ki, 61K14930/61K3537 nömrəli nəqliyyat vasitəsi Şəxs MMC-nin ünvanına göndərilən mallar 03.06.2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasını gömrük ərazisinə gətirilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X2 sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 61K14930/61K3537 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallara dair təqdim edilmiş **********1790 sorğu nömrəli qısa idxal bəyannaməsi daha əvvəl **********3919 sorğu nömrəli, 29.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmişdir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli, **********7691 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, həmin bəyannamənin “əvvəlki bəyannamə və sənədin xülasəsi” adlanan 40-cı qrafasında heç bir qeydiyyat aparılmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xarici partnyoru tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən 21718,8 kq çəkidə quru bərk formada “Noxes” nişanlı sabunlar 61K14930/61K3537 nömrə nişanlı nəqliyyat vasitəsi 03 iyun 2021-ci il tarixdə “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Lakin, şirkət tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmiş, həmin bəyannmə malların gömrük ərazisinə daxil olmasından sonra, yəni 03 iyun 2021-ci il tarixdə elektron formada müvafiq orqana təqdim edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129,130 və 485.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar