Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1745/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 iştirakı ilə «VEUS HOLDİNQ LLC» şirkətinin Azərbaycan Respublikasındakı filialı (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi, ev 6; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi üzrə tərtib olunmuş 22.06.2021-ci il tarixli, EP ******* (00100-1169/21) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: «VEUS HOLDİNQ LLC» şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış malları on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparmış və ya bu əraziyə qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə müvafiq qaydada bildirişlər göndərilsə də, onların nümayəndələri məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 30.03.2021-ci il tarixli **********3826 saylı gömrük bəyannəməsinə əsasən «VEUS HOLDİNQ LLC» şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına BƏƏ-dən EE707SS/SS409B nömrə nişanlı yük avtomaşınında daxil olmuş 2 ədəd qazma quyularında qalan metal və sement qalıqlarının çıxarılması üçün mexaniki qurğu yükü 31.05.2021-ci il tarixədək müvəqqəti idxal xüsusi gömrük prosedura altında yerləşdirilmişdir; - Gömrük Xidmətinin “X1 Sistemi”ndən əldə olunmuş çıxarışa görə 31.05.2021-ci il tarixdə bitməsinə baxmayaraq 30.03.2021-ci il tarixli **********3826 saylı gömrük bəyannəməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş «VEUS HOLDİNQ LLC» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir; - Raportdan görünür ki, 30.03.2021-ci il tarixli **********3826 saylı gömrük bəyannəməsində qeyd edilən 2 ədəd qazma quyularında qalan metal və sement qalıqlarının çıxarılması üçün mexaniki qurğu yükünün müvəqqəti idxal müddəti 31.05.2021-ci il tarixdə bitsə də, həmin malların müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı «VEUS HOLDİNQ LLC» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən bu müddət bitdikdən 21 gün sonra gömrük orqanına müraciət edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, «VEUS HOLDİNQ LLC» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə: - Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir (192.1-ci maddə); - Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır (193.1-ci maddə); - Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər (193.2-ci maddə); - Şəxs bu Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 aya qədər uzadır (193.3-cü maddə); - Bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir (193.4-cü maddə). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında «VEUS HOLDİNQ LLC» şirkətinin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə «VEUS HOLDİNQ LLC» şirkətinin Azərbaycan Respublikasındakı filialının törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: «VEUS HOLDİNQ LLC» şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1745/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1745/2021
17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver