Məhkəmə qərarları › İş №3(006)-1747/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1747/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1747/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin nümayəndəsi X1 iştirakı ilə, 27.04.1990-cı il tarixdə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1-də yerləşən “Beer and Grill” ictimai iaşə müəssisəsinin sahibi, Naxçıvan MR, Şahbuz rayonu, keçili kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi üzrə tərtib olunmuş 11.05.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının X2 Bakı regional bölməsindən daxil olmuş 11.05.2022ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 11.05.2022-ci il tarixdə X2 Bakı regional bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən “Beer and Grill” kafesində YPK/0145- 22 nömrəli qərara əsasən plandankənar yoxlamanın aparılması üçün zəruri şərait yaratmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, agentliyə daxil olmuş şikayətə əsasən plandankənar yoxlama həyata keçirilmişdir. Yoxlama dövrü 6-11 may tarixlərini əhatə edir. İlk dəfə 06 may 2022-ci il tarixdə “Beer and Grill” ictimai iaşə müəssisəsinə qurumun nümayəndələri yaxınlaşmış, müəssisənin inzibatçısı kimi özünü təqdim edən Afiyəddin Kərimova yoxlama aparılması barədə məlumat verilmiş və o isə müəssisə rəhbərinin ölkə xaricində olduğunu və mayın 9-da ölkəyə qayıdacağını bildirmişdir. Bu barədə akt tərtib edilmişdir. 10 may 2022-ci il tarixdə həmin ünvana yenidən getdikdə müəssisənin qapısı bağlı olmuşdur. Afiyəddin Kərimovla əlaqə saxladıqda o, həmin obyekti işlətmədiklərini bildirmişdir. 11 mayda yenidən həmin ünvana getsələr də qapı yenə də bağlı olmuşdur. Hər üç günə dair akt tərtib edilmişdir. Sonradan də heç kim onlarla əlaqə saxlamamışdır. Protokol əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı işdə olan videogörüntülərin qeydə alındığı SD diskə baxış zamanı inzibati xəta haqqında protokolda əksini tapan məlumatların təsdiqini tapdığı, yəni müəssisənini inzibatçısı kimi özünü təqdim edən Afiyəddin Kərimovun 06.05.2022-ci il tarixdə X2 Bakı regional bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən “Beer and Grill” kafesində 06.05.2022-ci il tarixdə qanuna uyğun monitorinq keçirilməsinə maneçilik törədərək həmin məqsədlə səlahiyyətli şəxsləri ictimai iaşə obyektinə buraxmadığı müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatrını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXMnin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. İnzibati cərimə şərti olaraq tədbiq edilsin. Şəxs bir ay müddətində Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən ona məxsus “Beer and Grill” kafesində (ünvan 1) yoxlama aparılmasına maneçiliyi aradan qaldıraraq bu barədə məhkəməyə məlumat versin. Hüquqpozma bir ay müddətində aradan qaldırılmadıqda şərti olaraq tətbiq edilmiş 3000 manat məbləğində inzibati cərimə Şəxsdan tutulsun. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar