Məhkəmə qərarları › İş №3(006)-1751/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1751/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1751/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə rəisi X1 iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsinə dair 17 may 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 17 may 2022-ci il tarixdə ünvan 2 ünvanda nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə rəisi X2 izahat verərək göstərdi ki, 17.05.2022-ci il tarixdə Şəxs DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 32 saylı ünvanda qonşusu tərəfindən ona məxsus mənzilin qapısına yanacaq töküb onu yandırmaq istəməsi barədə məlumat vermişdir. Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat qrupu tam tərkibdə qeyd edilən ünvana getmiş, lakin qeyd olunan fakt öz təsdiqini tapmamışdır. Həmçinin Şəxs heç bir səbəb bildirmədən polis əməkdaşlarını təhqir etmiş, həmçinin ictimai qaydanı pozmuşdur. Polis əməkdaşları Şəxs polis bölməsinə dəvət etsə də, şəxs öz qanunsuz əməllərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşlarının birlikdə səyi nəticəsində Şəxs Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmiş, bölmədə isə şəxs DİN-nin 102 xidmətinə yalan məlumat verdiyini etiraf etmişdir. Şəxs həmçinin bölmədə əməlini etiraf edərək peşman olduğunu və bir daha bu cür hərəkətlərə yol verməyəciyini bildirmişdir. Bölmədə Şəxs şəxsiyyəti müəyyənləşdirildikdən sonra inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun yaşadığı ünvan 2 mənzil binanın 17-ci mərtəbəsində yerləşir və 16-cı mərtəbədə yaşayan qonşusu tez-tez münaqişə yaradaraq onun evindən səs-küy gəldiyini bildirir. Bundan başqa qonşusu uşaqlarının evdə səs-küy salması ilə bağlı polisə də müxtəlif vaxtlarda şikayətlər etmişdir. Belə ki, evində müəyyən vaxtlarda ad günü və ya digər tədbirlər təşkil edilir və onun uşaqları evdə oyun oynayaraq istəmədən səs-küy yaradır. 17.05.2022-ci il tarixdə o, evə sərxoş vəziyyətdə gəlmiş və ona yenə də qonşu tərəfindən səs-küyə görə narazılıq edildiyini bildirmişlər. O, spirtli içkinin təsirində olduğundan DİN-nin 102 xidmətinə zəng vuraraq polis əməkdaşlarının gəlməsi məqsədilə guya, qonşusunun onun yaşadığı mənzilin qapısına yanacaq tökərək onu yandırmaq istəməsini demişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və gec saatlar olduğundan qonşunu narahat etməyəcəklərini bildirib yenidən ərazidən uzaqlaşmışlar. Lakin sonradan polis əməkdaşları onun yaşadığı mənzilə gələrək onu polis bölməsinə dəvət etmiş, o da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Orada DİN-nin 102 xidmətinə yalan məlumat verməsini etiraf etdikdən sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Buna baxmayaraq, o, polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş və hər hansı ictimai qaydanı pozmamışdır. Qeyd olunanların nəzərə alınaraq, barəsində tərtib olunmuş iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru X3 verdiyi izahatında göstərmişdir ki, 17.05.2022-ci il tarixdə saat 04:00 radələrində bir nəfər şəxsin DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 32 saylı ünvanda qonşusu tərəfindən ona məxsus mənzilin qapısına yanacaq töküb onu yandırmaq istəməsi barədə məlumat verilmişdir. Dərhal 21-ci Polis Bölməsinin digər əməkdaşı Həmzə Babayevlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 32 saylı ünvana gedərək şəxsiyyəti sonradan onlara tam məlum olan Şəxs görüb nə baş verdiyini soruşduqda həmin şəxsin sərxoş vəziyyətdə olduğunu görmüşlər. Şəxs qonşusuna müraciət edilərək ondan şikayət etməməsi barədə xəbərdarlıq edilməsini tələb etmişdir. Həmin şəxs spirtli içkinin təsirində olduğundan özünü xoşagəlməz şəkildə aparmış, lakin təhqir ifadələrindən istifadə etməmişdir. Onlar şəxsin vəziyyətini nəzərə alaraq, hadisə yerindən uzaqlaşmışlar və sabah erkən saatlarda yenidən həmin mənzilə gələrək Şəxs 21-ci Polis bölməsinə dəvət etmişlər. Şəxs polis bölməsinə gətirdikdən sonra barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru X6 verdiyi izahatında göstərmişdir ki, 17.05.2022-ci il tarixdə saat 04:00 radələrində bir nəfər şəxsin DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 32 saylı ünvanda qonşusu tərəfindən ona məxsus mənzilin qapısına yanacaq töküb onu yandırmaq istəməsi barədə məlumat verilmişdir. Bundan sonra 21-ci Polis Bölməsinin digər əməkdaşı Xalid ünvan 4 ünvana getmişlər. Orada onlara şəxsiyyəti sonradan məlum olan Şəxs onları qarşılayıb qonşusundan şikayətçi olduğunu bildirmiş və ona xəbərdarlıq edilməsini tələb etmişdir. Lakin Şəxs sərxoş vəziyyətdə olduğunu görüb onu polis bölməsinə dəvət etmişlər. Buna baxmayaraq, Şəxs onlara müqavimət göstərib qanuni tələblərini yerinə yetirməkdən imtina etmiş və ictimai qaydanı pozaraq nalayiq ifadələrdən istifadə etmişdir. Bundan sonra onlar ərazidən uzaqlaşmış və sabah erkən saatlarda yenidən Şəxs yaşadığı mənzilə gələrək onu polis bölməsinə gətirmişlər. X7 Davudov yalan ifadə verməsini etiraf etmiş və buna görə üzr istəmişdir. Məhkəmə, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş 17.05.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 17.05.2022-ci il tarixli, 2/10993 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, 1976-cı il təvəllüdlü Şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olması halı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq ona 10 (on) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 17 may 2022-ci il tarixdən, saat 08:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar