Məhkəmə qərarları › İş №3(006)-1756/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1756/2021

05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1756/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili “İsmayılbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 21 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 82.575,49 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 06 may 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 82.575,49 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili R.K.Yolçuyev bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə barədə qısa məlumat 01.01.2019-cu il tarixdə Şəxs MMC və Türkiyənin MTM şirkəti arasında X2 (“Açar təhvili” şərti ilə tikinti haqqında müqavilə) bağlanmışdır. Onun şərtlərinə əsasən, podratçı (MTM şirkəti) sifarişçiyə (Şəxs MMC-yə) məxsus olan “X8” mağazasını, yeni avadanlıqla təchiz etməklə və onu quraşdırmaqla əsaslı təmir etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin dəyəri sabit bütöv məbləğlə əks etdirilmiş (“Fixed lump sum”) və 20% avans ödəniş nəzərdə tutulmuşdur. Müqavilə üzrə qabaqcadan köçürülmüş və Proforma İnvoice-da (Hesab- Fakturada) “Avans ödəniş” kimi göstərilən, müqavilənin dəyərinin 20%-i təşkil edən 82.575,49 ABŞ Dolları məbləğində ödəniş 6 may 2019-cu il tarixdə həyata keçirilmişdir. Həmin ödənişin müqabilində podratçı tərəfindən müxtərlif təmir-tikinti işləri yerinə yetirilmiş və həmin işlər (xidmətlər) tərəflər arasında 2 may 2021-ci il tarixdə imzalanmış 1 saylı təhvil-təslim aktına əsasən sifarişçi tərəfindən qəbul edilmişdir. Lakin podratçı MTM şirkətinin təqsirindən həmin 1 saylı Təhviltəslim aktı sifarişçi Şəxs MMC-yə yalnız 2021-ci ilin iyul ayında, yəni ödənişdən artıq 2 il keçdikdən sonra təqdim edilmişdir. Həmin 1 saylı Təhvil-təslim aktı, pul vəsaitinin ödəyicisi olan Şəxs MMC-nin bankı ("xxxx" ASC) tərəfindən 02.08.2021-ci il tarixdə qəbul edilmişdir və bankın 02.08.2021-ci il tarixli, PB/PBL-OUT-01234-2021 №-li məktubu ilə, yuxarıda göstərilən müqavilə üzrə 6 may 2019-cu il tarixdə həyata keçirilmiş 82 575,49 ABŞ Dolları məbləğində avans ödənişin 2 may 2021-ci il tarixli 1 saylı Təhvil-təslim aktına əsasən bəyan edilməsi təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində, eləcə də Konstitusiya Məhkəməsinin bu maddənin şərh edilməsinə dair qərarlarında (məsələn, 19 dekabr 2019-cu il və 28 fevral 2020-ci il tarixli Qərarlarda), həmçinin inzibati xəta barədə Protokolu tərtib edən tərəfin istinad etdiyi “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarf'nda, malları (xidmətləri) ölkəyə idxal edən şəxsin bu barədə nəzarətedici orqana vaxtında məlumat vermədiyinə görə inzibati məsuliyyət nəzərdə tutulmamışdır. Əksinə, məsuliyyətin yaranması malların və xidmətlərin ölkəyə faktiki olaraq idxal edilməməsi ilə əsaslandırılır. Məsələn, İXM-nin 430.4-cü maddəsində əsasən, inzibati məsuliyyət “avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə” yaranır. Qanunverici, məlumatın nəzarətedici orqana vaxtında verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutmaq niyyətində olsaydı, bunu Məcəllədə açıq-aydın əks etdirərdi (məsələn, İXM-nin 347 maddəsinə əsasən inzibati məsuliyyət sırf məlumatların müvafiq dövlət orqanına müəyyən edilmiş müddətdə çatdırılmamasına görə yaranır). “Qaydalar”ın 4.3.1.3 bəndi isə müvafiq sənədlər (gömrük bəyannaməsinin və ya xidmətlərin göstərilməsini təsdiq edən sənəd) ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə hər hansı məsuliyyətin yaranmasından deyil, sadəcə bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlərin Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsinindən bəhs edir. Konstitusiya Məhkəməsi 19 dekabr 2019-cu il tarixli Qərarında belə nəticəyə gəlir ki, “məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir.” Beləliklə, qanunvericiliyin təhlilindən və Konstitusiya Məhkəməsinin Qərarından göründüyü kimi, İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində “Qaydalar” ilə nəzərdə tutulmuş müddətdən (2 ildən) artıq müddət ərzində idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilmədikdə deyil, həmin müddət ərzində ümumiyyətlə xidmətlər göstərilmədikdə yaranır. Onların halında, 82.575,49 ABŞ Dolları məbləğində avans ödəniş müqabilində xidmətlər “Qaydalar” ilə nəzərdə tutulmuş müddət çərçivəsində, 2 may 2021-ci il tarixədək başa çatdırılmışdır və bu barədə 1 saylı Təhvil-təslim aktı tərtib olunmuşdur və ödəyicinin bankı tərəfindən işlərin yerinə yetirilməsinin kifayətləndirici sübutu kimi qəbul edilmişdir. Aktda qeyd edilən işlərin nəticəsi, o cümlədən, müvafiq foto-şəkillərdə əks olunur. Ümumiyyətlə, “X8” mağazasının tikintisi ilə bağlı bütün işlər başa çatdırılıb və həmin obyekt 2019-cu ildən etibarən fəaliyyət göstərir. Konstitusiya Məhkəməsi 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd etdiyi kimi, “məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.).” Göründüyü kimi, hətta işlərin vaxtında icra edilməməsi təqdirdə (baxmayaraq ki, bizim halda bütün işlər vaxtında icra edilmişdi), Qaydalar ilə müəyyən edilmiş müddət mütləq (absolyut) xarakter daşımır. Məsələn, Şəxs MMC tərəfindən 1 saylı Təhvil-təslim aktının qarşı tərəfdən gec əldə edilməsi və Qaydalar ilə müəyyən edilmiş müddət ərzində banka təqdim edilməməsi Şəxs MMC-nin iradəsindən asılı olmayan səbəblərə görə baş vermişdir (COVİD-19 koronavirus pandemiyası və MTM şirkətinin imzalanmış 1 saylı Təhvil-təslim aktının bizə təqdim edilməsindən imtina etməsi nəticəsində). Yubanmanın Şəxs MMC-nin iradəsindən asılı olmayan səbəbə görə, qarşı tərəfinin təqsirindən baş verməsi tərəflər arasında elektron poçt vasitəsi ilə yazışmadan açıq-aydın görünür. Yuxarıda qeyd edildiyi kimi, hazırki Müqavilə “Açar təhvili” şərti ilə tikinti haqqında, mahiyyəti üzrə podrat müqaviləsidir. Həmin Müqavilə qarışıq müqavilə xarakteri daşıyır, yəni həm satınalma, həm də xidmət müqaviləsinin əlamətlərini əhatə edir. Müqavilədə tərəflər Sifarişçi və Podratçı kimi qeyd edilib. 82 575,49 ABŞ Dolları məbləğində avans ödəniş Müqaviləyə görə heç bir konkret nəticəyə və ya hər hansı işlərin görülməsinə bağlı deyil və Podratçının mülahizəsinə əsasən istifadə edilir (Podratçı aldığı avans ödənişi müqabilində həm avadanlıq idxal edə bilər, həm xidmətlər göstərə bilər, həm də işlər görə bilər). Ümumiyyətlə, müqavilədə hər hansı işlərin dəqiq yerinə yetirilməsi mərhələləri və onların müddət çərçivələri nəzərdə tutulmayıb və ödənişlər onlara əsasən bölünməyib. “Açar təhvili” şərti ilə tikinti haqqında müqavilələrin xüsusiyyəti ondan ibarətdir ki, işlərin nəticəsi müştəriyə (sifarişçiyə) hazır məhsul kimi təqdim olunur. Yəni, müqavilədə nəzərdə tutulan bütün işlər Podratçı tərəfindən planlaşdırılır, dizayn edilir, müvafiq avadanlıq gətirilir və quraşdırılır və yekun təhvil-təslim aktına əsasən (aralıq təhvil-təslim mövcüd olmaya bilər) sifarişçiyə təhvil verilir və sifarişçi tərəfindən qəbul olunur. Materiallar və quraşdırılan avadanlıq Podratçı tərəfindən təchiz olunduqda, işlərə daxil olan malları və xidmətləri bir-birindən ayırmaq mümkün deyildir. Bu müddəalar hazırki Müqavilədə xüsusi olaraq öz əksini tapır. Məsələn, Müqavilənin 1.31 bəndinə əsasən, Müqavilənin predmeti olan “İşlər”ə həm materiallar, həm də xidmətlər daxildir. Müqavilənin 11.2 bəndinə əsasən, hazırki Podrat Müqaviləsinin məbləğinə (konkret hissəsi göstərilmədən) bütün materiallarla və avadanlıqla təchiz edilmə daxildir. Müqavilənin 11.7 maddəsi, Podratçının idxal etdiyi materialların İşlərin tərkib hissəsi olduğundan bəhs edir. Müqavilə üzrə 82.575,49 ABŞ Dolları məbləğində avans ödənişi əsaslandıran, Podratçı MTM şirkəti tərəfindən təqdim edilən AZE230208 nömrəli 24.04.2019-cu il tarixli Proforma İnvoice-də (Hesab- Fakturada), ödəniş müqabilində Azərbaycan Respublikasına idxal olunmalı məhz “İŞLƏR” (mallar və xidmətlər daxil olmaqla) göstərilmişdir. Ödənişin təyinatı kimi bank tərəfindən “İşlər” sözünün əvəzinə “Xidmətlər” sözündən istifadəsinin səbəbi, adı çəkilən Qaydalarda qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasının ərazisində görülən işlərin, idxal olunan xidmətlərin anlayışına daxil olmasıdır (yəni idxal olunan xidmətlərin anlayışına həm göstərilən xidmətlər, həm də görülən işlər daxildir). Beləliklə, nəzərə alaraq ki, Podratçı tərəfindən ölkəyə Müqaviləyə əsasən həm mallar, həm də xidmətlər idxal oluna bilər, Podratçı 82.575,49 ABŞ Dolları məbləğində avans ödənişin müqabilində ölkəyə mal (avadanlıq) idxal edib, bu da kı çoxsaylı X3 ilə təsdiq olunur. Bütün bəyannamələr vaxtında (avans ödənişi tarixindən sonra 2 ildən gec olmayaraq) banka təqdim olunmuşdur və onların hamısı hazırki Podrat müqaviləsinə istinad edir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXMnin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş **********7962 saylı gömrük bəyannaməsindən görünür ki, 9445.59 manat dəyərində mallar 26 iyul 2019-cu il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş **********4151 saylı gömrük bəyannaməsindən görünür ki, 4447.93 manat dəyərində mallar 01 avqust 2019-cu il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş **********9659 saylı gömrük bəyannaməsindən görünür ki, 1792.58 manat dəyərində mallar 06 avqust 2019-cu il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş **********1802 saylı gömrük bəyannaməsindən görünür ki, 4390.11 manat dəyərində mallar 08 avqust 2019-cu il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş **********3128 saylı gömrük bəyannaməsindən görünür ki, 7423.11 manat dəyərində mallar 09 avqust 2019-cu il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş **********1001 saylı gömrük bəyannaməsindən görünür ki, 20804.81 manat dəyərində mallar 04 sentyabr 2019-cu il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş **********8851 saylı gömrük bəyannaməsindən görünür ki, 11281.91 manat dəyərində mallar 11 avqust 2019-cu il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş **********5565 saylı gömrük bəyannaməsindən görünür ki, 11364.42 manat dəyərində mallar 03 oktyabr 2019-cu il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş **********8568 saylı gömrük bəyannaməsindən görünür ki, 22108.14 manat dəyərində mallar 14 oktyabr 2019-cu il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş **********1931 saylı gömrük bəyannaməsindən görünür ki, 34183.20 manat dəyərində mallar 16 oktyabr 2019-cu il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş **********5650 saylı gömrük bəyannaməsindən görünür ki, 2324.09 manat dəyərində mallar 29 aprel 2021-ci il tarixdə ölkəyə idxal edilmişdir. İş materiallarına əlavə edilmiş 02 may 2021-ci il tarixli 1 saylı Təhvil-Təslim aktından görünür ki, Şəxs MMC ilə “MTM X7 San.Ve Tic.Ltd.Şti” şirkəti arasında 01 yanvar 2019-cu il tarixində podratçı və müştəri arasında və tərəfindan bağlanılan “Açar təhvili” şərti ilə tikinti haqqında müqavilə çərçivəsində müştəri və podratçı tərəfindən görülən işlərə və göstərilən xidmətlərə dair bu təhvil-təslim aktını imzalamışlar. Bu akt 06 may 2019-cu il tarixində müştəri tərəfindən edilən 82.575,49 ABŞ dolları məbləğində ilkin ödənişdən sonra podratçının aşağıdakı işləri (xidmətləri) icra etdiyini, müştərinin isə onları qəbul etdiyini təsdiq edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış məktubdan görünür ki, Şəxs MMC (VÖEN: **********) şirkətinin Paşa Bank ASC-də olan AZ48PAHA40190USDHC********** USD hesabından 06 may 2019-cu il tarixində MTM X9 San Ve TİC LTD şirkətinə 01 yanvar 2019-cu il tarixli müqavilə üzrə ödənilmiş 82.575,49 USD avans ödənişi 02 avqust 2021-ci il tarixində banka təqdim edilmiş 02 may 2021-ci il tarixli akt sənədinə əsasən bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 24 aprel 2019-cu il tarixli, AZE230208 nömrəli invoysdan görünür ki, “X8”-X5 şirkəti tərəfindən "xxxx" şirkətinə 82.575,49 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin rəhbərliyi tərəfindən "xxxx" şirkətinə ünvanlanmış 12 fevral 2021-ci il tarixli elektron məktubdan görünür ki, vəziyyəti gərginləşdirməyə ehtiyac olmadığını, müqavilənin şərtlərinə müvafiq olaraq hər hansı digər yazılı sazişlə dəyişdirilməsi mümkün olmayan sabit qiymət müəyyənləşdirilib. MMC aşkar edilmiş qüsurların siyahısına düzəliş edilməsi üçün ödənilməli olan məbləğlər çıxılmaqla qalan məbləği dərhal ödəməyə hazırıq. Bunun üçün isə uzun müddət əvvəl şirkətə təqdim edilmiş hesablaşma sənədinin imzalanmalıdır. Beləliklə, əslində ödənişlə bağlı gecikmə sizin hesablaşma sənədini imzalamaq istəməməklərindən irəli gəlir. Əlavə məbləğlə bağlı tələbləri qəbul edilə bilməz. Elektron məktubu MMC-nin əlavə iddialara dair yekun və qəti mövqeyi barədə məlumatı kimi qəbul edilməsi xahiş edilmişdir. Bu məsələ hər iki tərəfin yazılı razılığı olmadan heç bir əlavə xərclərin meydana çıxmayacağı barədə müqavilədə dəqiq və birmənalı şəkildə razılaşdırılan mexanizm çərçivəsində həll olunmalıdır. Bəyan etdikləri əlavə xərclərin heç biri müştəri tərəfindən yazılı şəkildə razılaşdırılmamışdır. Əksinə əlavələrin və ya dəyişiklərin əksəriyyəti əlavə xərclər olmadan aydın şəkildə göstərilmişdir. MMC müqavilədə əks olunmayan arqumentlərə və ya izahatlara vaxt sərf etməməyi təklif etmiş, MTM şirkəti 2019-cu ildə layihənin təhvil verilməsini bir neçə dəfə təxirə salıb, istismar başlandıqdan sonrakı 1 ildən də artıq müddətdə aşkar edilmiş qüsurların siyahısına heş bir düzəliş edilməmişdir. Beləliklə razılaşdırılmış məbləğin ödənilməsi və bu mövzunun müzakirəsinin yekunlaşdırılması üçün hesablaşma sənədini imzalayaraq MMC-yə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin rəhbərliyi tərəfindən "xxxx" şirkətinə ünvanlanmış 17 iyun 2021-ci il tarixli elektron məktubdan görünür ki, 2019-cu ildə “X6” üçün imzaladıqları İnşaat müqaviləsi üzrə yekun sənədlərlə bağlı şirkətdən cavab almadıqlarını, işlər başa çatdırıldığından və bütün retifikasiya işləri də başa çatdırmaq üzrə olduğundan, bütün rəsmi işləri yekunlaşdırmaq üçün təhvil-təslim aktı imzalamaları olduqlarını bildirmişdir. Bu prosesin onların qəbul edə bilməyəcəkləri əlavə ödənişlər haqqında əsassız iddialarının ucbatından çox uzun çəkmişdir. Buna görə də "xxxx" şirkətindən MMC tərəfindən daha əvvəl göndərilmiş təhviltəslim aktının imzalayın geri göndərilməsi xahiş edilmişdir. Həmçinin bildirilmişdir ki, ödəniş tarixindən (iyun 2019-cu il) təxminən 2 il ərzində Təhvil-təslim aktı təqdim olunmadığına görə dövlət tənzimləyici orqanları tərəfindən böyük cərimələrlə üzləşmək riskləri olduğunu da vurğulamışdır. Buna görə də məktuba əlavə olunmuş hesablaşma sənədini və Təhvil-təslim aktını dərhal imzalayaraq onlara məktuba əlavə olunmuş hesablaşma sənədini və təhvil-təslim aktını dərhal imzalayaraq geri göndərilməsini xahiş etmiş, MMC tərəfindən təhvil-təslim aktını iyunun 21-dək təqdim etməsələr də məhkəmənin qərarından asılı olaraq 16.575 ABŞ dollarından 24.772 ABŞ dollarına qədər cərimə olunacaqlarını bildirmişdir. Belə ki, iş materiallarında olan 02 may 2021-ci il tarixli 1 nömrəli akta əsasən müəyyən edilir ki, 01 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdüyü 82.575,49 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait müqabilində müvafiq xidmətlər yerinə yetirilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq xidmət yerinə yetirildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin müqavilə imzalanmış xarici şirkətə dəfələrlə müraciət etməsinə baxmayaraq xarici şirkət MMC-yə işlərin görülməsi ilə bağlı sənədləri göndərməmiş və buna görə də sənədlərin banka təhvil verilməsi gecikmişdir. Zəruri sənədlər MMC-yə yalnız 2021-ci ilin iyul ayında, yəni ödənişdən artıq 2 il keçdikdən sonra təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar