Məhkəmə qərarları › İş №3(006)-1758/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1758/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1758/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərardan protest verən orqan Sabirabad Rayon Prokurorluğunun nümayəndəsi X5, qərarından protest verilən orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X1 13 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Sabirbad Rayon Prokurorluğu tərəfindən verilmiş protestə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Prokuroru Fəxrəddin Pənahov protestlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini R.M.İsmayılovun 13 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və X3 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, Sabirabad şəhər sakini F.S.Həsənovun xüsusi razılıq (lisenziya) olmadan Sabirabad şəhəri, H.Əliyev prospekti 52 ünvanında özünə məxsus “HF Dental” Stomatoloji Klinikada özəl tibbi fəaliyyətlə məşğul olması barədə daxil olmuş məlumat əsasında Sabirabad rayon prokurorluğunda araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində, əməlində cinayət tərkibi olmadığından 22 yanvar 2023cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən F.S.Həsənov barəsində cinayət işinin başlanılması rədd edilmiş, lakin sonuncunun əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğu müəyyən edilmişdir. Belə ki, F.S.Həsənov 01,12.2022-ci il tarixdən etibarən xüsusi razılıq (lisenziya) olmadan Sabirabad şəhəri, H.Əliyev prospekti 52 ünvanında özünə məxsus “HF Dental“Stomatoloji Klinikada özəl tibbi fəaliyyətlə məşğul olmuşdur. Qeyd olunanlara əsasən, vəzifəli şəxs F.S.Həsənov barəsində 17 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini R.M.İsmayılovun 13 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə fiziki şəxs F.Həsənov 2000 (iki min) manat miqdarında inzibati cərimə edilmişdir. Lakin, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini F.S.Həsənovun 13 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı inzibati xəta haqqında işin faktiki hallarına zidd olmaqla, həmin qərarda Azərbaycan Respublikası İXM-nin 6.1-ci və 17-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Sabirabad rayon prokurorluğunda aparılan araşdırma zamanı F.Həsənovun xx.xx.2006cı il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi orqanında uçota alındığı və inzibati xəta hadisəsini törədərkən vergi ödəyicisi kimi uçotda olduğu, yəni hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, qeyd olunan səbəblərdən 17 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda F.Həsənovun məhz vəzifəli şəxs olaraq inzibati məsuliyyətə cəlb olunmalı olduğu qənaətinə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində (vəzifəli şəxslərin inzibati məsuliyyəti) qeyd olunmuşdur ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilati-sərəncamverici və ya inzibati- təsərrüfat vəzifələrini yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. F.S.Həsənovun sözü gedən inzibati xətaya münasibətdə vəzifəli şəxs olması onunla əsaslandırılır ki, F.Həsənov inzibati xəta hadisəsini törətdiyi zaman faktiki olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, yəni həmin şəxs konkret olaraq təşkilati-sərəncamverici funksiyaları həyata keçirmək qabiliyyətinə malik olmuşdur. Fərdi sahibkar F.Həsənovun qeyd olunan funksiyalarından istifadə edib-etməməsi onun bu hüquqlarından məhrum etməməklə bərabər, nəticə etibarı ilə onun vəzifəli şəxs olması reallığını dəyişdirmir və yaxud vəzifələrinə xitam vermir. Belə olan halda isə, F.Həsənovun fiziki şəxs olaraq inzibati məsuliyyətə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsində nəzərdə tutulmuş qanunçuluq prinsipinin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsində isə göstərilir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Odur ki, Qanunun qeyd olunan tələbləri nəzərə alınmaqla F.S.Həsənov vəzifəli şəxs olaraq inzibati məsuliyyətə cəlb edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini R.M.İsmayılovun 13 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından qərarını ləğv edilməsini və X8 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sabirabad Rayon Prokurorluğunun nümayəndəsi K.E.Ağayev protestin məzmununa uyğun izahat verərək protestin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi İ.M.Hacıyev izahatında bildirmişdir ki, Konstitusiya Məhkəməsinin plenumun qərarında göstərilmiş vəzifəli şəxslər haqqında anlayışa əsasən F.S.Həsənovun fəaliyyəti hər hansı bir hüquqi əhəmiyyət kəsb etmədiyindən vəzifəli şəxs hesab oluna bilməz. Bu səbəbdən sonuncu vəzifəli şəxs kimi deyil, fiziki şəxs kimi məsulliyətə cəlb olunmuşdur. Hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmışdır. Göstərilənləri nəzərə alaraq protestin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, prostesti və digər iş materiallarını araşdıraraq hesab edir ki, protest qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sabirabad Rayon Prokurorluğuna ünvanlanmış 15 fevral 2023-cü il tarixli “məlumatın təqdim edilməsi barədə” məktubundan görünür ki, 15 fevral 2023-cü il tarixə olan uçot məlumatlarına əsasən, F.S.Həsənov xx.xx.2006-cı il tarixdə, ********** nömrəli VÖEN-lə vergi orqanında uçota alınmışdır. Hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış, şəxsi vərəqə üzrə dövlət büdcəsinə ödənməli olan vergi borcunun olmadığı aşkar edilmiş və əsas fəaliyyət növünün “Stomatoloji kabinetdə fəaliyyət” (8623002) olması aşkar edilmişdir. Uçot-baza məlumatlarında F.S.Həsənovun (VÖEN 6********) ünvan 3 ünvanında yerləşən 680030912-14003 kodlu təsərrüfat subyektinin (obyektinin) olması barədə məlumatlar aşkar edilmişdir. Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi (rəhbəri) olduğu müəyyən edilmişdir. Şəxsi hesab vərəqəsi üzrə Cəmiyyətin vergilər üzrə 126.20 manat, o cümlədən 40 manat əsas, 86.20 manat faiz borcu, həmçinin Muzdla işləyənləri işə götürən sığortaedənler (MDSS) üzrə 153.66 manat penya borcu mövcuddur. Hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv, əsas fəaliyyət növünün "Stomatologiya sahəsində fəaliyyət" (86230), əlavə fəaliyyət növünün isə "Stomatoloji kabinetdə fəaliyyət" (8623002) kimi qeyd olunmuşdur. Uçot-baza məlumatlarında AZ1126, ünvan 4 ünvanında yerləşən **********- 20001 kodlu təsərrüfat subyekti (obyekti) mövcuddur və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərara əsasən vergi ödəyicisi xx.xx.2023-cü il tarixə riskli vergi ödəyici kimi müəyyən edilməmişdir. Məktubda əlavə olaraq göstərilmişdir ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin xx.xx.2013-cü il tarixli **********6813 nömrəli Qərarı ilə X6 məxsus təsərrüfat subyektində (obyektində) "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi" məsələləri üzrə operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanun pozuntusu faktı aşkar edilərək müvafiq qaydada xx.xx.2013-cü il tarixli OVN/3 seriyalı 005361 nömrəli aktla rəsmiləşdirilmişdir. X4 rəhbəri olduğu "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti üzrə operativ vergi nəzarəti tədbiri, səyyar vergi yoxlaması keçirilməmiş və həmin vergi ödəyicilerinə kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmamışdır. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma nəticəsində S.M.Həsənovun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanmasının rədd edilmişdir (Qeyd: əsas olaraq toplamış material üzrə əməldə cinayət tərkibinin olmaması göstərilmişdir). İş materiallarında olan 13 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Sabirabad Rayon Prokurorluğunun 17 fevral 2023cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlaması haqqında qərarına əsasən 01 dekabr 2022-ci il tarixdə S.M.Həsənovun ünvan 5 ünvanında lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmiş və nəticədə Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini R.M.İsmayılov tərəfindən o, fiziki şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sabirabad Rayon Prokurorluğu tərəfindən 01 dekabr 2022-ci il tarixdə S.M.Həsənovun ünvan 5 ünvanında lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilərək 17 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlaması haqqında qərar qəbul olunmuş, baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Naziriliyinə göndərilmiş və nəticədə Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini R.M.İsmayılov tərəfindən S.M.Həsənov vəzifəli şəxs olduğu halda fiziki şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin tərəfindən natamam araşdırma aparılmış, F.Həsənovun fiziki şəxs və ya vəzifəli şəxs olması müəyyən olunmadan sonuncunun məhz fiziki şəxs kimi inzibati məsuliyyətə cəlb olunması qənaətinə gəlinərək qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, fərdi sahibkar F.Həsənovun vəzifəli şəxs olaraq qeyd olunan funksiyalarından istifadə edib-etməməsi və yaxud fəaliyyətini dayandırması onun bu hüquqlarından məhrum etmir və yaxud vəzifələrinə xitam vermir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: 1) qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; 2) dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd:“Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə,“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə“təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini R.M.İsmayılov tərəfindən 13 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinə əsasən prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Həmin Məcəlləsinin 129.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə“qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, protest qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini R.M.İsmayılovun 13 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Protest qismən təmin olunsun. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X7 təfərindən qəbul edilmiş 13 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar