Məhkəmə qərarları › İş №3(006)-1759/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1759/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1759/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi ilə, X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 06 noyabr 2020-ci il tarixli, MN ******* saylı, 23 noyabr 2020-ci il tarixli, MN ******* saylı, 10 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 06 noyabr 2020-ci il tarixli, MN ******* saylı, 23 noyabr 2020-ci il tarixli, MN ******* saylı, 10 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini və barəsində başlanmış inzibati işlər üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdə keçirib, hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İş materiallarından müəyyən edilir ki, müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara görə E.İ.Qubadovun barəsində ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, müxtəlif vaxtlarda törədilmiş iki müxtəlif inzibati xətaya görə (211.2 və 211.3-cü maddələri üzrə) E.İ.Qubadovun qəbul edilmiş üç inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş üç inzibati tənbeh vermə haqqında qərardan şikayətə bir icraatda baxıla bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol və qərar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 06 və 23 noyabr 2020-ci il və 10 iyun 2021-ci il tarixlərdə törədilmiş bir neçə inzibati xətalara görə E.İ.Qubadovun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxılması qeyri-mümkün olduğundan şikayət geri qaytarılmalı və şikayətçiyə izah edilməlidir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində qəbul edilmiş 06 noyabr 2020-ci il tarixli, MN ******* saylı, 23 noyabr 2020-ci il tarixli, MN ******* saylı, 10 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət geri qaytarılsın. Şikayəçiyə izah edilsin ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar