Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1761/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin inspektoru X5, Şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla Pakistan İslam Respublikasının vətəndaşları Masood Usama və Abbas Tayyabın iş icazəsi alınmadan Şəxs MMC-yə məxsus restoranda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol tamamilə əsassızdır. Belə ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Pakistan İslam Respublikasının vətəndaşları Masood Usamanı və Abbas Tayyabı yaşadıqları yerdə saxlamış və idarəyə aparılaraq izahatları alınmışdır. Həmin şəxslər Şəxs MMC-yə məxsus restoranda işləməyiblər, onların verdikləri izahatları tamamilə yalandır. Pakistan İslam Respublikasının vətəndaşları Masood Usama və Abbas Tayyab Şəxs MMC-yə məxsus restorana müxtəlif vaxtlarda gəlib getmişlər. Həmin şəxslər orada yeyib-içmiş, hətta restoranın müdriyyəti tərəfindən onlara yardımlar da edilmişdir. Bu isə protokolda qeyd olunan şəxslərin restoranda işləməsi anlamına gəlmir. Şəxs MMC-yə məxsus restoranın sahibi pakistanlı olduğundan oraya hər zaman Pakistan respublikasının vətəndaşları gəlib gedir. Şəxs MMC-yə məxsus restoranda 5 nəfər azərbaycanlı və 1 nəfər də xarici vətəndaş işləyir. Həmin xarici vətəndaşın iş icazəsinin alınması ilə bağlı onlar tərəfindən bir neçə dəfə Dövlət Miqrasiya Xidmətinə müraciətlər olunmuş, çətinliklə də olsa iş icazəsi alınmışdır. Onlar bütün işçiləri qanuni əsaslarla işə cəlb edir və vergisini də vaxtında ödəyirlər. İzahatının sonunda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla Pakistan İslam Respublikasının vətəndaşları Masood Usama və Abbas Tayyab iş icazəsi alınmadan həmin MMC-yə məxsus restoranda əmək fəaliyyətinə cəlb edilmişlər. Bununla bağlı həmin şəxslər Dövlət Miqrasiya Xidmətinə dəvət olunaraq tərcüməçi vasitəsilə yazılı izahatları alınmış və onlar izahatlarında həqiqətən Şəxs MMC-yə məxsus restoranda işlədiklərini bildirmişlər. Onlar orada yemək və içməklə təmin olunmuş və onlara əmək haqqı verilmişdir. Hətta onlardan birinin pasportu restoranın müdriyyəti tərəfindən alınaraq geri verilməmişdir. Şəxs MMC tərəfindən iş icazəsi olmadan işçiləri əmək fəaliyyətinə cəlb etməkdə məqsəd vergidən yayınmaq olmuşdur. Həmin şəxslərdən birinin izahatı alınaraq ölkədən deport olunmuşdur. Hesab edir ki, Şəxs MMC tərəfindən miqrasiya qanunvericiliyinin tələbləri pozulduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxs inzibati məsuliyyətlə cəlb edilməli və barəsində cərimə növündə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 61.1-ci maddəsinə əsasən 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs bu Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 63.4-cü maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. İş materiallarında olan Pakistan İslam Respublikasının vətəndaşları Masood Usamanın və Abbas Tayyabın izahatlarından görünür ki, onlar Şəxs MMC-yə məxsus restoranda işçi kimi fəaliyyət göstərmişlər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşları Masood Usama və Abbas Tayyab müvafiq iş icazəsi olmadan Şəxs MMC-yə məxsus restoranda ofisiant və təmizlikçi kimi işləmişlər. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq barəsində həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15.000 (on beş min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1761/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1761/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver