Məhkəmə qərarları › İş №3(006)-1762/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1762/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1762/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı Metropolitenində Polis X3 Bölməsi xidmət üzrə baş inspektoru X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Xaçmaz rayonu, Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ibtidai sinif müəlliməsi, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 07 aprel 2023-cü il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi-2” stansiyasında əl əşyasını yoxlama aparatına qoymayaraq polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı Metropolitenində PŞ-nin İTB xidmət üzrə baş inspektoru R.A.Şatırov tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 07 aprel 2023-cü il tarixdə, saat 08:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi-2” stansiyasından içəri daxil olarkən əl çantasını polis əməkdaşına təqdim etməmiş və bununla bağlı sonuncu ona əl çantasını təqdim etməsini söyləmişdir. O, tələsdiyini üçün əl çantasını təqdim edə bilməmiş və polis əməkdaşı onu saxlamışdır. O, həmçinin bildirmişdir ki, Binəqədi rayonu, 297 saylı məktəbdə müəllimə işləyir. Əməlindən peşmandır. Onun anası xəstəlikdən əziyyət çəkir. Göstərilənləri, təqsirini qismən boynuna almasını, əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını olmasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Metropolitenində PŞ-nin polis nəfəri X11 izahatında göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi-2” stansiyasında xidmətdə olduğu zaman bir nəfər sərnişin əl çantasını yoxlatdırmayaraq keçmişdir. O, həmin şəxsi çağıraraq əl çantasını təqdim etməsini xahiş etmişdir. Bu zaman həmin şəxs gərgin və yüksək səslə tələsdiyini söyləmiş və yoluna davam etmişdir. Bununla bağlı aralarında mübahisə yaranmış polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 07 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 07 aprel 2023-cü il tarixdə, saat 08:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi-2” stansiyasında əl əşyasını yoxlama aparatına qoymayaraq polis əməkdaşının qanuni tələbinə riayət etməmişdir. İş materiallarında olan 07 aprel 2023-cü il tarixli “şəxsi axtarış və fikizi şəxsdə olan əşyaların yoxlaması” haqqında protokoldan görünür ki, yoxlama zamanı Şəxs üzərindən və çantasından 314 (üç yüz on dörd) manat, 50 (əlli) qəpik pul vəsaiti, bir ədəd uşağının şəxsiyyət vəsiqəsi, dörd ədəd bank kartları, bir ədəd sığorta şəhadətnaməsi, bir ədəd sağlamlıq kartı, 7 ədəd plomastr, 1 ədəd “Redmi” telefon aşkar edilərək götürülmüş və növbətçi hissəyə təqdim edilmişdir. İş materiallarında olan AZ 071598 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, 09 oktyabr 2015-ci il tarixdə X6 və ilə X4 evlənmiş və sonuncuya Şixbabayeva soyadı verilmişdir. İş materiallarında olan AZ 408927 doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X7 16 dekabr 2019-cu il tarixdə doğulmuşdur. Sonuncunun atası X5r. X1r. İş materiallarında olan AZ 878550 doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 12 noyabr 2016-cı il tarixdə doğulmuşdur. Sonuncunun atası X5r. X1r. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 07 aprel 2023-cü il tarixdə saat 08:00 radələrində Şəxs Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi-2” stansiyasında əl əşyasını yoxlama aparatına qoymayaraq polis əməkdaşının qanuni tələbinə riayət etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Təsvir olunanlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar