Məhkəmə qərarları › İş №3(006)-1763/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1763/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1763/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ermənistan, Spitak rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 29.05.2021-ci il tarixdə, saat 11:00 radələrində Zərərçəkmiş şəxs qolunu sıxaraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 izahatında bildirmişdir ki, Şəxs 29.05.2021-ci il tarixdə, saat 11:00 radələrində Zərərçəkmiş şəxs qolunu sıxaraq sonuncuya dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs və X4 müraciəti əsasında Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Orxan Abaslı tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərar qəbul edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra üçün onlara göndərilmişdir. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunmuş və toplanmış materialla birlikdə məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, “Capital City” yaşayış kompleksində fəhlə işləyir. O, 29.05.2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində fəhlə yoldaşları ilə birlikdə N.Yusifbəyli küçəsi ilə A.Səhhət küçələrinin kəsişməsində yerləşən həyət evlərini dəmir dirəklərlə hasara almaq istəyərkən həmin ünvanda yaşayan Mikayıl adlı şəxs ona yaxınlaşaraq işi dayandırmağı bildirmiş, O isə burdan çörək pulu qazandığını və işini gördüyünü bildirmişdir. Bundan sonra Mikayıl getmiş və 15-20 dəqiqə sonra avtomobillə gələrək onun işlədiyi yerdə saxlayıb işlərinə mane olmağa çalışmışdır. Bu zaman aralarında mübahisə baş vermiş və Mikayıl onun sol qolundan sıxaraq ona xəsarət yetirmişdir. Bundan sonra X2 avtomobillə onu digər maşına sıxmağa başlamışdır. Ona vurulan xəsarətlə bağlı ekspert rəyi də var. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, 29 may 2021-ci il tarixdə, səhər saat 11:00 radələrində evin qarşısında fəhlələrin hasarlama işləri apardığını görmüşdür. Zərərçəkmiş şəxs adlı şəxsə yaxınlaşıb işi dayandırmasını demişdir. Amid isə ona çörəyinə mane olmamasını bildirmişdir. Sonra o, avtomobilini həmin yerə gətirərək onların işlərinə mane olmağa çalışmış və 102 xidmətinə zəng etmişdir. Kənarda dayanıb video çəkiliş etmişdir. O, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş və qolundan yapışmamışdır. Əksinə Amid onları söymüş, əlində bellə sakinləri hədələmişdir. Göstərilənlərə əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirir ki, Şəxs onun qolundan tutub və sıxıb. Amidin bədən quruluşuna baxdıqda Mikayılın onun qolundan sıxması absurd görünür. Hadisə yerində çəkilən fotoşəkillərdən və video görüntülərdən görünür ki, Mikayıl tərəfindən Amidə heç bir təmas olmamışdır. Hətta onlar bir-birindən aralı məsafədə dayanmışlar. Amidin bu şikayətinin əsas məqsədi işlədiyi “Caspian City” tikinti şirkətinin maraqlarını təmin etməkdir. Onun şikayətinin heç bir əsası yoxdur. Şikayət edən şəxs heç bir əsaslı fakt göstərmədən müdafiə etdiyi şəxsə böhtan atır. Bu əməldə heç bir inzibati xətanın tərkibi yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, hadisə olan gün binanın sakinləri həyətə yığışmışdı. Zərər çəkmiş şəxs əlində bel ilə onlara qışqırıb deyirdi ki, “mənim cibimin puluna qarışmayın”. Əl-qol atırdı. Nə Mikayıl, nə də ki Rusxay Zərərçəkmiş şəxs vurmamışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyini” X10 19 iyun 2021-ci il tarixli, 407 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sağ budun qançır-şişkinliyi, sol bazunun qançırları və sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 29.05.2021-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs və X4 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilm iş, Şəxs və X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul olunmuş qərar icra olunması üçün bölmənin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 08 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatı özünümüdafiə xarakteri daşıdığından və şahid Dilbər Əhmədovanın izahatı ekspert rəyi ilə təkzib olunduğundan qeyd olunanlar sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməldə onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar