Məhkəmə qərarları › İş №3(006)-1764/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1764/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1764/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, şikayətçi X1 və onun vəkili “Yusifbəyli və Parntyorları” Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Nəsimi RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 02 aprel 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 02 aprel 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 02.04.2021-ci il tarixdə Nəsimi RPŞnin axtarış üzrə inspektoru polis leytenantı X11 20 mart 2021-ci il tarixində, saat 00:50-də Neftçilər prospektində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı X2 Xətalar Məcəlləsinin 327.6-cı və 327.2-ci maddələrinin tələbləri pozduğuna görə məsuliyyətə cəlb olunaraq barəsində protokol tərtib edilmişdir. Eyni zamanda, Nəsimi Rayon DYPŞ polisi X4 tərəfindən qəbul edilmiş TP ******* saylı, 02.04.2021-ci il tarixli qərarı ilə X2 Xətalar Məcəlləsinin 327.6-cı və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü seçilmişdir. Bildirmək istəyir ki, tərtib edilmiş protokol və qərar əsassızdır və bu səbəbdən həmin qərar ləğv edilməlidir. Belə ki, hadisə zamanı, yəni 20 mart 2021-ci il tarixdə Neftçilər prospekti ilə hərəkət edərkən “Mersedes Benz GİS450” markalı, **-AA-*** nömrəli avtomobil manevr edərək yolun solunda dayanmış vəziyyətdə olan ona məxsus “BMW” markalı **-LG-*** nömrəli avtomobili vurmuşdur. Həmin vaxt “Mersedes Benz GİS450” avtomobilini idarə edən şəxs Turan Həsənzadə olmuş və o, spirtli içki və ya psixotrop maddə qəbul etmiş şəxsə bənzəyirdi. Protokol hadisədən dərhal sonra tərtib edilmədiyinə görə özünü Turanın sürücüsü kimi qələmə verən E.R.Cəlilov hadisəni törədənin özü olduğunu iddia etmiş və buna görə protokolda da onun barəsində tərtib edilmişdir. Lakin inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, hadisəni törədən şəxs T.Həsənzadə olmasına baxmayaraq E.R.Cəlilov barəsində protokol tərtib edilmişdir. Bunu sübut edən halları diqqətə çatdıraraq bildirir ki, əvvəla onda hadisə zamanı öz maşının yanında şəkili çəkilmiş T.Həsənzadənin şəkli vardır. Bundan başqa, hadisə vaxtı onun telefon nömrəsi (***-***-**-**) T.Həsənzadə tərəfindən yığılmışdır və T.Həsənzadənin telefon nömrəsi (***-***-**-**) onunda mobil telefonuna düşmüşdür. Bu zəng məhz hadisə dəqiqələri ilə eyni vaxtdadır. Hadisəni görən və ona bildirən şəxslər vardır. Məsələn, onlardan onu tanıyan Vüsal Turanın tapşırığı ilə onu tapıb avtomaşının vurulduğunu bildirmişdir. Bu barədə o, polis şöbəsində öz izahatında bildirmişdir. Protokolda göstərilən E.Cəlilov sonradan peyda olmuş və onun bu işi öz üzərinə götürməsini o, Turanın məsuliyyətdən qaçmağa kömək etmək istəməsi kimi qəbul edir. Əgər maşınını E.Cəlilov vurubsa, necə olur ki, birinci olaraq ona Turan zəng edərək öz nömrəsini bildirir. Elvin isə öz telefon nömrəsi ilə yalnız sabahı gün ona zəng edib və soruşub ki, maşın haradadır. Həmin vaxt Elvin özünü ona Turanın işçisi kimi təqdim etmişdir. Hesab edir ki, avtomobili özü yox guya E.R.Cəlilovun idarə etməsini T.Həsənzadə maddi və mənəvi məsuliyyətdən yayınmaq üçün etmişdir. Beləliklə, daha sonra 03 mart 2021-ci il tarixində, saat 00:50-də Neftçilər prospektində baş vermiş yol nəqliyyat hadisəsinə görə E.R.Cəlilov yox, T.Həsənzadə məsuliyyətə cəlb olunmalıdır. Bu səbəbdən də E.R.Cəlilovun barəsində tərtib edilmiş protokol ləğv edilməli və T.Həsənzadənin ona məxsus ’’BMW” markalı, **-LG-*** nömrəli avtomobilə ziyan vurduğuna görə inzibati xəta məsuliyyətinə cəlb olunmalıdır. Ona məxsus ’’BMW” markalı, **-LG-*** nömrəli avtomobil hal-hazırda da qəzalı vəziyyətdə, təmirsiz qalmışdır. Qüsur aktına əsasən təmir xərcləri 19.950 manat təşkil edəcəkdir. Göstərilənlərə əsasən şikayət təmin edilməsi, Nəsimi RPİ-nin DYPŞ-nin polis leytenantı Q.M.Abdullayev tərəfindən qəbul edilmiş TP ******* saylı, 02.04.2021-ci il tarixli qərarın ləğv edilməsi, E.R.Cəlilov barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və baş vermiş hadisə ilə bağlı T.Həsənzadə barəsində yeni protokol və müvafiq qərar qəbul edilərək məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.E.İsgəndərov şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin vəkili T.Ə.Məmmədov şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, inzibati xəta hadisəsinin T.Həsənzadə tərəfindən törədilməsinə baxmayaraq E.Cəlilov xətanın onun tərəfindən törədilməsini demiş və məsuliyyəti öz üzərinə götürmüşdür və protokol E.Cəlilov barəsində tərtib edilmişdir. Belə ki, hadisə zamanı T.Həsənzadə içkili vəziyyətdə olmuşdur, T.Həsənzadə özünün hadisə yerində olmamasını bildirsə də onun orada olmasını təsdiqləyən foto-şəkillər və şikayətçiyə zəng etməsi ilə bağlı telefon nömrələri mövcuddur. Həmin halı təsdiq edən foto-şəkilləri və telefon nömrələrini məhkəməyə təqdim edir. Baş vermiş hadisə nəticəsində şikayətçinin avtomobilinə maddi ziyan dəymiş, buna görə T.Həsənzadə A.E.İsgəndərova zəng etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o, 20 mart 2021-ci il tarixdə evə qayıdan zaman yol nəqliyyat hadisəsinin baş verdiyini, ora yaxınlaşan zaman A.E.İsgəndərovun avtomobilinin əzildiyini, sonuncudan başqa orada 2-3 nəfərin olduğunu görmüşdür. Həmin vaxt T.Həsənzadənin A.E.İsgəndərova “mən səhər həll edəcəm” dediyini eşitmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ-nin DYPŞ-nə lazımi qaydada məlumat verilsə də, Nəsimi RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Nəsimi RPİ-nin DYPŞ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan 02 aprel 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, E.R.Cəlilov 20 mart 2021-ci il tarixdə, saat 00:50-də Neftçilər prospektində “Mercedes Benz GLS” markalı, **-AA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən sola manevr edib, yolun solunda dayanmış vəziyyətdə olan “BMW” markalı, **-LG-*** nömrəli avtomobili vuraraq hadisə yerini tərk etmişdir. Baş vermiş hadisə zamanı xəsarət alan olmamış və E.R.Cəlilovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 02 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, E.R.Cəlilov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə iclasında foto-şəkillərə baxış keçirilərək müəyyən edilmişdir ki, hadisə yerində olan “Mercedes Benz GLS” markalı, **-AA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında A.E.İsgəndərovla bir nəfər şəxs söhbət edirlər. İş materiallarına əlavə edilmiş şikayətçi A.E.İsgəndərovun telefon çıxarışlarından görünür ki, A.E.İsgəndərov telefonuna T.Həsənzadənin nömrəsini “Tura 90aa575” adıyla qeyd etmiş və T.Həsənzadəylə arasında 01:11 saniyə telefon danışığı olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 20 mart 2021-ci il tarixdə, saat 00:50-də Neftçilər prospektində T.Həsənzadə özünə məxsus “Mercedes Benz GLS” markalı, **-AA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən sola manevr edib, yolun solunda dayanmış vəziyyətdə olan şikayətçi A.E.İsgəndərova məxsus “BMW” markalı, **-LG-*** nömrəli avtomobili vurmuş, lakin inzibati xəta haqqında protokol hadisəni törədən şəxs barəsində deyil, orada olan digər şəxs E.R.Cəlilov barəsində tərtib edilmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, A.E.İsgəndərovun şikayəti əsasında aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, A.E.İsgəndərovun şikayəti əsasında aparılan inzibati iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin “Mercedes Benz GLS” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan T.Həsənzadə tərəfindən törədilməsi qeyd edilsə də, inzibati xəta haqqında protokol E.R.Cəlilov barəsində tərtib edilmişdir. İnzibati iş üzrə icraat zamanı hadisənin kim tərəfindən törədilməsi dəqiq müəyyən edilməmiş, hadisənin necə baş verməsinin səbəbləri düzgün araşdırılmamış və işə səthi yanaşılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 02 aprel 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 02 aprel 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Nəsimi RPİ-nin DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Nəsimi RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 02 aprel 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Nəsimi RPİ-nin DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar