Məhkəmə qərarları › İş №3(006)-1765/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1765/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1765/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 20229566 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 20229566 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yol nişanlarının tələblərinə riayət edilməməsi əsası ilə (5.9 Marşrut nəqliyyat vasitələri üçün zolaqla hərəkət) barəsində xx.xx.2024-cü il tarixli EQ 20229566 saylı İnzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Barəsində qəbul edilmiş həmin elektron qərar AR İXM-nin 125.2.3-cü maddəsinin tələblərinə baxmayaraq kağız daşıyıcıda ona göndərilməmiş, yalnız “SMS Radar” tətbiqi vasitəsi ilə qeyd edilən qərara dair natamam məlumatlar ona göndərilmişdir. Həmin qərarın surətinin rəsmi qaydada ona verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə rəsmi olaraq müaciət etsə də, elektron ünvanı vasitəsi ilə ona xx.xx.2024-cü il tarixli Q-26874 saylı məktubla cavab verilmiş, lakin kağız daşıyıcıda, sənəd formasında həmin qərarın surəti ona göndərilməmişdir. Cavabda formal olaraq, hətta tarixi belə düz yazılmadan (xx.xx.2024) 20229566 saylı elektron qərarın qanuni olduğu və qüvvəsində saxlanıldığı vurğulanmışdır. Barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 20229566 saylı elektron qərarın mahiyyətinə gəldikdə, aşağıdakılara əsaslanaraq hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır, ona görə də ləğv olunmalıdır, övladı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 23 nömrəli tam orta məktəbin 6-cı sinifində oxuyur. O, hər gün övladını etibarnamə əsasında idarə etdiyi "Hyundai Santafe” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin məktəbə aparır. 28 May küçəsi həmin saatlarda tıxac olduğu üçün o, Rəşid Behbudov küçəsinin 28 May küçəsi ilə kəsişməsinə az qalmış yolun kənarında saxlayır və həmin vaxtı ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün heç bir maneə yaratmadan, bir dəqiqədən də az müddətdə uşağı düşürdüb gedir. (EQ 20229566 saylı elektron protokolda xətanın aşkar olunma saatı - 07:54 dediklərini təsdiq edir). O, artıq iki ildir bu qaydada övladını məktəbə aparır. Əvvəllər ona orada uşağı düşürdüyü üçün elektron protokolla cərimə gəlmirdi. Son bir neçə gündə ona qanunsuz cərimələr gəlir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İV hissəsinin tələbləridə əsasən) 5,91, 5.10.1-5.10.3 yol nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Həmçinin qeyd etmək istəyir ki, həmin zolağa o, qırıq-qırıq nişanlama xətti olan yerdən girmiş və saxladığı yerin yanındakı qırıq-qırıq nişanlanma xətti pozulduğu üçün (ərizəmə əlavə etdiyim fotoşəkildə saxladığım yerin yanındakı qırıq-qırıq nişanlanma xətti pozulduğu aydın görünür) qarşıdaki qırıq-qırıq nişanlama xətti olan yerdən qayıtmışdır. Videogörüntüləri təqdim etsələr aydın görünəcək. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 20229566 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunur. Qərarı barəsində şikayət verilmiş qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iş materialları ilə tanış olmuşuq, verilmiş şikayəti əsassız hesab edirik, belə ki, şikayətçi marşrut zolağında hərəkət etmiş və ani olaraq hərəkətini dayandırmış və yenidən hərəkətinə davam etmişdir. Məhz bu səbəbdən onun barəsində inspektor tərəfində protokol tərtib olunmuşdur. Həmin xəta ilə bağlı videogörüntü təqdim edə bilmirlər. Şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 20229566 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 (qırx) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması və fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X2 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, eləcə də X1 izahatında göstərdiyi dəlillər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Belə ki, inzibati xətanın törədilməsi ilə bağlı xüsusi texniki vasitənin qeydə aldığı fotoşəkildən aydın olur ki, sözügedən yolda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq müəyyən hissələrdə qırıq-qırıq nişanlama xətləri ilə digər hərəkət zolağından ayrılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 barəsində yenidən əsaslı qərar qəbul edilməlidir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində EQ seriyalı 20229566 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul etmişdir. Bu səbəbdən X2 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və ədalətli qərar qəbul edilməlidir. Sadalanan xüsusatlara əsasən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 20229566 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 20229566 nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar