Məhkəmə qərarları › İş №3(006)-1766/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1766/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1766/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 iştirakı ilə Bakı şəhəri X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun barəsində Bakı şəhəri X5 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi üzrə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında xx.xx.2024cü il tarixli qərar qəbul olunaraq 40 manat məbləğində cərimə olunmuşdur. İnzibati xəta haqqında qərar qəbul edilməsinə əsas olaraq məcburi hərəkət istiqamət nişanı (4.1.4) tələbinə riayət etməyərək sürücünün sol istiqamətə hərəkət etməsi göstərilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, barəsində qəbul edilmiş qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, o, S.Vurğun küçəsi ilə Ak.H.Əliyev küçəsinin kəsişməsindən keçərək Ak.H.Əliyev küçəsindən üzü Tbilisi prospekti istiqamətinə gedən yol kəsişməsini keçdikdən sonra sola dönmüşdür. Bu zaman yol hərəkət qaydasını pozduğu qeyd edilərək onun barəsində sözügedən protokol tərtib olunmuş və əsas olaraq yolun kənarında sağ tərəfdə 4.1.4 nişanının olması göstərilmişdir. Qanunvericiliyin tələblərinə əsasən 4.1.1 - 4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. Buradan aydın olur ki, həmin nişan sadəcə ilk yol kəsişməsinə şamil olunmaqla yol kəsişməsi bitdiyi andan etibarən isə artıq qüvvədən düşür. Bununla da yol kəsişməsini keçdikdən sonra sürücünün məcburi hərəkət isitiqamət nişanına əməl etmədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsinin qanunsuz olması öz təsdiqini tapır. Beləliklə də, H.Əliyev küçəsindən Tbilisi prospektinə gedən yol kəsişməsini keçdikdən sonra artıq həmin nişan qüvvədən düşdüyündən sürücünün sola dönməsi zamanı qeyd edilən nişana əməl edilməsi heç bir halda tələb edilə bilməz. İnzibati xəta haqqında protokol tərtib edilərkən sözügedən nişanın həmin kəsişməyə şamil edilmədiyi polis əməkdaşına izah edilməsinə baxmayaraq, sonuncu buna məhəl qoymamışdır. Eləcə də protokol tərtib olunarkən S.Süleymanlı tərəfindən ona etiraz yazılmış, həmçinin onlayn qaydada şikayət də olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Lakin nə qərar qəbul edilərkən barəsində qərar qəbul edilmiş S.Süleymanlı şikayəti ilə əlaqədar dəvət olunmamış, nə də qanunsuz şəkildə tərtib olunmuş həmin protokol ləğv edilməmişdir. Qərar elektron sistemə yerləşdirilsə də, onun hansı əsasla qəbul edildiyinə dair hər hansı sübut (foto, video materiallar və s.) əlavə edilməmişdir. Lakin inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilir. Qeyd olunanları nəzərə alaraq İXP ******* saylı protokolun və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X1 xx.xx.2024-cü il tarixdə, saat 18:45-də Bakı şəhəri, S.Vurğun küçəsi ilə Ak.H.Əliyev küçəsinin kəsişməsində idarə etdiyi “LiXiang L9 Max PLUG-İN” hibrid minik markalı, **- RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; • Portaldan çıxarışa əsasən X1 xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhər X6 İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan, habelə barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar