Məhkəmə qərarları › İş №3(006)-1767/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1767/2022

01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1767/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: ünvan 1sı İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş 31.03.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş İXP ******* nömrəli, 31.03.2022-ci il tarixli inzibati xəta haqqında protokola görə Şəxs MMC mülkiyyətində olan «Mercedes Benz GLE 450 minik» markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 25.01.2022-ci il tarixdə saat 21:22-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan məlumat sorğu daxil olduğu vaxtdan qanunvericiliklə müəyyən edilmiş 5 gün müddətində verilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, cəmiyyətin mülkiyyətində olan «Mercedes Benz GLE 450 minik» markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 25.01.2022-ci il tarixdə saat 21:22-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində məlumatın verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Dövlət X4 sorğusu şirkətə çatdırılmamışdır. Belə ki, şirkət artıq neçə müddətdir ki, fəaliyyət göstərmir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, Şəxs MMC-yə məxsus «Mercedes Benz GLE 450 minik» markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 25.01.2022-ci il tarixdə saat 21:22-də İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində Nəsimi Rayon Dövlət X5 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu 11.02.2022-ci il tarixdə Şəxs MMC-nin ünvanına göndərilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, Şəxs MMC-yə məxsus «Mercedes Benz GLE 450 minik» markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 25.01.2022-ci il tarixdə saat 21:22-də İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində Nəsimi rayon polis şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğunun 11.02.2022-ci il tarixdə həmin cəmiyyətə çatdırılması xəbərnamədə qeyd edilsə də, xəbərnaməyə yalnız imza edilmişdir və həmin imzanın kimə məxsus olması məlum deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə görə ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir, təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut da təqdim olunmamışdır. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar