Məhkəmə qərarları › İş №3(006)-1768/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1768/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1768/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katib Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİnin DYPŞ-nin Yol Patrul xidməti inspektoru, polis baş serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdi̇ : Nəsimi RPİ-nin DYPŞ-nin Yol Patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs 07.07.2021-ci il tarixdə, saat 03:40 radələrində Nəsimi rayonu, R.Behbudov küçəsindən sola Bakixanov küçəsi istiqamətində «BMW-525i» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini pozmuş, cəmiyyətə açıqca hörmətsizlik etmiş, yol hərəkət qaydalarını davamlı olaraq pozaraq avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin DYPŞ-nin Yol Patrul xidməti inspektoru, polis baş serjantı X1 verdiyi ifadəsində bildirmişdir ki, Şəxs 07.07.2021-ci il tarixdə, saat 03:40 radələrində Rəşid Behbudov küçəsindən sola Bakıxanov küçəsinə dönərkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarması, çoxsaylı təkər izlərinin buraxılmasına görə tərəfimizdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü və 342.5-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında inzibati xətanın törədilməsində özünü təqsirli bilmədiyini, tələsdiyi üçün bir az yüksək sürətlə avtomobili idarə etdiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 07 iyul 2021-ci il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07.07.2021-ci il tarixdə saat 03:40-da Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini özündə əks etdirən CD diskə məhkəmə iclasında baxış zamanı inzibati xəta haqqında protokolda əks olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun nəqliyyat vasitəsi ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq etməsi və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon məhkəmələrinin baxdığı inzibati xəta haqqında işlərin əhatə dairəsi müəyyən olunmuşdur ki, İXM-nin 342.5-ci maddəsində ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edildiyindən məhkəmə inzibati xəta haqqında protokola Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hissəsində baxaraq qiymət verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 511.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ DYPŞ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar