Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1775/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən xx.xx.2023cü il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. X2 həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. Sercan Büyükdurmuş şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci PB-nin 05 mart 2023-cü il tarixli qərarı ilə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 88b, 203 nömrəli mənzildə ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qeyd olunan qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, qərara əsasən inzibati xətanın törədildiyi zaman o, evdə olmamış, həmin vaxt evdə həyat yoldaşı və oğlu olmuşdur. Lakin polis tərəfindən tərtib edilmiş protokoldan və qərardan görünür ki, inzibati xətanı, guya, o, törətmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddənin məzmunundan da göründüyü kimi inzibati xətanı törətmiş şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməli və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşımalıdır. Qeyd olunduğu kimi qərara əsasən inzibati xətanın törədildiyi zaman o, evdə olmamışdır, lakin polis tərəfindən o, evdə olmaya-olmaya barəsində inzibati protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin həmin maddə ilə konkret olaraq saxlanılma qaydalarının pozulma halları sadalanmışdır. Belə ki, həmin maddə ilə ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə; ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına; it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına; itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə; sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə; ev heyvanlarının insanların üzərinə saldırılmasına; yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə; qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların (quyruğun kəsilməsi, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına; ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin tərtib edilmiş protokolda sadalanan halların hansının baş verməsi qeyd edilməmişdir. Digər tərəfdən, əgər sadalanan hallardan hansısa baş vermişdirsə bu zaman həmin halların öz təsdiqini tapması barədə protokolda hər hansı bir mötəbər sübuta istinad edilməmişdir. Göründüyü kimi, tərtib edilmiş protokol formal mülahizələrdən ibarət olmaqla, həmin protokolda hansı inzibati xətanın törədilməsi sübut edilmir. Hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci PB-nin barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilən 05 mart 2023-cü il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Hazırkı şikayətin tam, obyektiv və hərtərəfli araşdırılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 21-ci PB-də toplanmış inzibati xəta haqqında iş üzrə protokol, qərar, foto, video və digər sənədlərin (əgər varsa !?) əslinin barəsində şikayət verilən orqandan tələb olunması zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 67.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırıla bilərlər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Göstərilənlərə əsasən, protokolu tərtib etmiş polis əməkdaşının məhkəməyə dəvət olunmasını və işə dair izahat verməsi iş üçün əhəmiyyətli olduğundan həmin şəxsin məhkəmə icraatının bütün mərhələlərində iştirakının təmin olunmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.7-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayətçi Sercan Büyükdurmuş ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq heç bir əsası olmadan tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Sercan Büyükdurmuşun şikayəti qismən təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş MN ******* saylı protokoldan məlum olur ki, Sercan Büyükdurmuş barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, Sercan Büyükdurmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, Sercan Büyükdurmuş barəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Qeyd edilən qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Digər tərəfdən, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 100.1-ci maddəsində inzibati xəta haqqında protokolda mütləq qaydada əks olunmalı hallar sadalanmışdır. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə araşdırılması üçün inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş araşdırılması üçün həmin quruma göndərilsin. Qərardan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1775/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1775/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver