Məhkəmə qərarları › İş №3(006)-1783/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1783/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1783/2023 08.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1 və 451.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1 və 451-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 03 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 03 aprel 2023-cü il tarixdə saat 14:30da ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus pərakəndə satış müəssisəsində dövlət qeydiyyatından keçməmiş və nəzarət markası ilə markalanmamış dərman vasitələri aşkar edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 221.1 və 451-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC-yə məxsus aptekdə yoxlama zamanı dövlət qeydiyyatından keçməmiş və nəzarət markası ilə markalanmamış dərman vasitələri aşkar edilmişdir. Yoxlama aktının əlavəsində qeyd olunan dərmanlardır. Həmin dərmanlardan 3 ədəd qutu nəzarət markası ilə markalanmamış və 5 ədəd qutu dövlət qeydiyyatından keçməmiş dərman vasitələridir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şəxs MMC-nin nümayəndəsi Ş.H.Cəfərov bildirmişdir ki, dərmanların qeydiyyat şəhadətnaməsi müddəti 5 ildir. Hal-hazırda şərtlər ağırdır və bir çox kiçik şirkətlər ləğv olunmuşdur. Şəxs MMC idxalatçı şirkətdir. Nəzarət markası ilə markalanmamış dərman vasitələri depodan topdan satış olan şirkətlər tərəfindən MMC-yə göndərilmişdir. Həmçinin bildirmişdir ki, MMC qeyd olunan inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində yüngül cəza tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1 və 451-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 03 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 03 aprel 2023-cü il tarixdə saat 14:30-da ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus pərakəndə satış müəssisəsində dövlət qeydiyyatından keçməmiş və nəzarət markası ilə markalanmamış dərman vasitələri aşkar edilmişdir. İş materiallarında olan parakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) 03 aprel 2023-cü il tarixli Yoxlama Aktından və 16 mart 2023-cü il tarixli Yoxlama suallarının siyahısından görünür ki, yoxlama zamanı Lantus, Levemis, Novomix 30, Novorapid adlı dərman vasitəsi qeydiyyatsız olduğu və Aspirin Kardio adlı dərman vasitəsi nəzarət markası ilə markalanmadığı üçün müsadirə edilmiş və inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamalarının vahid reyestri məlumatları haqqında xx.xx.2023-cü il tarixli, çıxarışdan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən mağazada plan üzrə xx.xx.2023-cü il tarixdə yoxlamanın aparılmasına icazə verilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə - inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 451-ci maddəsinə əsasən nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə - nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın hallarını və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1 və 451-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130, 221.1 və 451-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 451-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə 5.000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar