Məhkəmə qərarları › İş №3(006)-1784/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1784/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1784/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «X4» X8 Hüquq şöbəsinin məsləhətçisi X2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 215.4, 451, 452.2 və 452.3-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş materiala əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində xx.xx.2023-cü il tarixdə aparılan planlı yoxlama zamanı nəzarət markası ilə markalanmalı olan malların belə nəzarət markası olmadan satış məqsədi ilə saxlanması, aptek təşkilatlarına dair tələblərin pozulması, sertifikasiyadan keçməyən əczaçının dərman vasitələrinin satışını aparması və qanunla nəzərədə tutulmuş mallardan başqa malların satışının aparılması aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «X4» X8 baş direktoru X7 tərəfindən xx.xx.2023-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «X4» X8 nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «X4» X10 tərəfindən planlı yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərar əsasında 04 aprel 2023cü il tarixdə Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən tibb müəssisəsində yoxlama aparılmışdır. Yoxlama zamanı nəzarət markası ilə markalanmalı olan malların belə nəzarət markası olmadan satış məqsədi ilə saxlanması, aptek təşkilatlarına dair tələblərin pozulması, sertifikasiyadan keçməyən əczaçının dərman vasitələrinin satışını aparması və qanunla nəzərədə tutulmuş mallardan başqa malların satışının aparılması aşkar edilmişdir. Qeyd olunan nöqsanlar aşkar edildikdən sonra Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə müəssisənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2023-cü il tarixli, KY231903921 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən tibb müəssisəsində xx.xx.2023-cü il tarixdə planlı (növbəti) yoxlamanın keçirilməsi təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 312 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən tibb müəssisəsində xx.xx.2023-cü il tarixdə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4nin əməkdaşlarının və sahibkarın nümayəndəsinin iştirakları ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 203 saylı planlı (növbəti) yoxlama aktından görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində planlı (növbəti) yoxlama keçirilmişdir. Yoxlama aparılarkən nəzarət markası ilə markalanmalı olan malların belə nəzarət markası olmadan satış məqsədi ilə saxlanması, aptek təşkilatlarına dair tələblərin pozulması, sertifikasiyadan keçməyən əczaçının dərman vasitələrinin satışını aparması və qanunla nəzərədə tutulmuş mallardan başqa malların satışının aparılması aşkar edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.4, 451, 452.2 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 451, 452.2 və 452.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə görə Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsinə görə nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.2-ci maddəsinə əsasən aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariyagigiyena malları istisna olmaqla, digər malların satılmasına görə üç yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Dərman Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əczaçılıq fəaliyyəti ilə əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər məşğul ola bilərlər. Əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər (işçilər) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. “Dərman Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır. “Dərman Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsinə əsasən optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.5-ci bəndinə görə plan üzrə (növbəti) yoxlama - risk qiymətləndirilməsi sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlamadır. 3.1-ci bəndinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci bəndinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 14.1-ci bəndinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 15.1-ci bəndinə görə plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risk qiymətləndirilməsi sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. 17.1-ci bəndinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. 17.2-ci bəndinə görə yoxlamanın aparılması haqqında qərarda aşağıdakılar göstərilir: 17.2.1. qərarın nömrəsi və tarixi; 17.2.2. yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir); 17.2.3. yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 17.2.4. yoxlama sahibkarın təsərrüfat obyektində (obyektlərində) aparıldıqda onun (onların) ünvanı; 17.2.5. yoxlamanın növü; 17.2.6. sonuncu yoxlamanın növü və başa çatma tarixi; 17.2.7. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə); 17.2.8. yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi; 17.2.9. plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri. 17.3-cü bəndinə görə yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMCyə məxsus ünvan 1 ünvanında yerləşən tibb müəssisəsində X1 keçmədən praktik tibbi fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4, 451, 452.2 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar