Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1790/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş: icra məmuru X8 oğlunun Zərər çəkmiş hüquqi şəxs: "xxxx" ASC-nin nümayəndəsi X3 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, “X1” İctimai Birliyində mühəndis (ictimai informasiya) işləyən, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 68, mənzil 58-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli, 2(006)- 6531/2015 saylı və 13 noyabr 2015-ci il tarixli, 2(006)-7101/2015 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında icra məmuru X5 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli, 2(006)-6531/2015 saylı icra sənədinə əsasən Şəxs cəmi 6.307,37 Avro məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 manat ödənilmiş dövlət rüsumu, habelə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli, 2(006)-7101/2015 saylı icra sənədinə əsasən borclular "xxxx" MMC və "xxxx" MMC-nin direktoru Şəxs müştərək qaydada cəmi 101.285,64 manat məbləğində pul alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə şöbəyə daxil olmuş, icraata başlamaq haqqında qəbul edilmiş qərarlar və müvafiq bildirişlər Şəxs rəsmi təqdim olunmuşdur. Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti təşkilatlara sorğular verilmiş, borclunun adına aşkar olunmuş “Mercedes-Benz C280” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Eyni zamanda xx.xx.2018-ci il tarixdə qeyd olunan avtomobilin axtarışa verilməsi üçün qərar qəbul edilərək Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. İşlə bağlı borclu verdiyi izahatlarında maddi vəziyyətinin çətin olduğunu, tam ödəniş edə bilmədiyini, hissə-hissə ödəniş etdiyini bildirmişdir. “Elektron İcra” İnformasiya Sistemindən əldə olunmuş məlumatda Şəxs “X1” İctimai Birliyində çalışdığı göstərilmişdir. İcra sənədləri üzrə borcun tutulması ilə bağlı onun iş yerinə müraciət olunmuşdur. Hazırda Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-6531/2015 saylı icra sənədi üzrə 5.205,71 Avro, xx.xx.2015-ci il tarixli, 2(006)-7101/2015 saylı icra sənədi üzrə isə 91.304,64 manat borcu var. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxs “Bank Respublika ASC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli, 2(006)-6531/2015 saylı və 13 noyabr 2015-ci il tarixli, 2(006)- 7101/2015 saylı icra sənədləri üzrə olan borclarını uzun illərdir ödəmir, bank rəhbərliyi özü də bununla əlaqədar ona kifayət qədər güzəştə getmişdir. Şəxs sosial şəbəkələrdə kifayət qədər məşhurdur, bahalı əşyaları reklam edir, blogerlik fəaliyyəti ilə məşğuldur. Onun teztez xarici ölkələrə səfər etməsi də onu göstərirdi ki, maddi vəziyyəti inandırıcı dərəcədə pis deyil. Təxirə salınmış məhkəmə iclasından sonra o, cəmi 1.500 manat banka pul ödəmişdir. Hazırda onun banka 30 sentyabr 2015-ci il tarixli icra sənədinə görə 5.205,71 Avro, 13 noyabr 2015-ci il tarixli icra sənədi ilə bağlı isə 89.930,64 manat borcu var. Borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2015ci il tarixli, 2(006)-6531/2015 saylı və 13 noyabr 2015-ci il tarixli, 2(006)-7101/2015 saylı qətnamələri ilə müəyyən edilmiş borcu ödəməkdən yayınmaq fikrində deyil, sadəcə olaraq həmin məbləği birdəfəlik ödəyə bilmir. O, əvvəllər tələbkar bankın ən yaxşı, etibarlı müştərisi olmuş, böyük məbləğdə olan bütün borclarını vaxtında ödəmişdir. 2013-cü il tarixdə avtoqəza keçirmiş, səhhətində uzun müddətli ciddi problemlər yaşamış, ağır travmalar almışdır. Hazırda da bu problemləri davam edir. Özünə məxsus biznesini, vardövlətini itirdikdən sonra vəziyyəti çox pisləşmiş, borclarının ödənilməsində çətinliklər yaranmışdır. Həm "xxxx" ASC-yə, həm də digər yerlərə yaranmış borclarını ödəməkdən ötrü mülkiyyətində olan əmlaklarının hamısı satmış, hazırda heç nəyi qalmamışdır. Onun adına qeydə alınan avtomobil isə əslində ona məxsus olmamış, bu maşın etibarnamə ilə çoxdan satılmışdır. Uzun müddət işləyə bilməmiş, hazırda isə “X1” İctimai Birliyində yeni işə başlamışdır. Bir müddət sonra bu işdən dividentlər əldə edəcəkdir. Bundan sonra qazanacağı gəlirlərlə kredit borcundan ödənişlər edə biləcək. Hazırda əmək haqqından icra sənədləri üzrə tutmalar aparılır, özü də 1.500 manat əlavə ödəniş edib. Əgər barəsində həbs növündə inzibati tənbeh tətbiq edilsə, həm hazırki işini itirəcək, həm də səhhəti daha da pisləşəcək və borcundan ödənişlər etməsi qeyri-mümkün hala gələcəkdir. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib belə nəticəyə gəlir ki. Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli, 2(006)-6531/2015 saylı və 13 noyabr 2015-ci il tarixli, 2(006)-7101/2015 saylı icra sənədindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmir. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs tərəfindən borcu üzrə qismən ödəniş etməsini İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 25 aprel 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon İcra şöbəsinə, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1790/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1790/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver