Məhkəmə qərarları › İş №3(006)-1812/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1812/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1812/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 iyun 2021-ci il tarixli, EP ******* (01400-0626/21) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin 05.04.2021-ci il tarixli, 34/012/002016 saylı raportunda Şəxs MMC tərəfindən 26.02.2019-cu il tarixli, **********2203 saylı gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 6.339,98 ABŞ dolları (10.777,97 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi göstərilmişdir. İdarə tərəfindən 07.04.2021-ci il tarixli, 1700-013/003- 22/001678 saylı məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edilərək Şəxs MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi, fəaliyyət göstərdiyi təqdirdə hanası ünvanda fəaliyyət göstərməsi, MMC-nin rəhbərinin şəxsiyyətinə dair məlumatların təqdim olunması xahiş olunmuşdur. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 15.04.2021-ci il tarixli, **********961000 saylı cavab məktubunda MMC-nin ********** saylı VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının AZ1010, ünvan 1yyətdə, rəhbərinin X3, sonuncunun ünvanının isə Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, ev 36, əlaqə nömrəsinin ***-***-**-** olduğu qeyd edilmişdir. Konsiqnasiya yolu ilə rəsmiləşdirilərək ixrac edilən yüklərin müqabilində köçürülməli olan vəsaitlərin bank hesabına köçürülməsini təmin etmək məqsədilə 07.04.2021-ci il tarixli, 1700-013/003-24/001685 saylı məktubla MMC-nin nümayəndəsi, 27.04.2021-ci il tarixli, 1700-013/003-26/002012 saylı məktubla isə MMC-nin rəhbəti Dadaş Bağırov idarəyə dəvət olunmuşdur. Lakin 07.04.2021-ci il tarixli məktub MMC-yə çatmamış, 27.04.2021-ci il tarixli məktub isə Bərdə rayonu, Zümürxan Ərazi dairəsi. Zümürxan kəndində qeydiyyatda olan X2 çatdırılsa da, sonuncu çağırış üzrə gəlməmişdir. Gömrük Əməliyyatları İdarəsinə verilmiş sorğu əsasında Dövlət Gömrük Xidmətinin X1 Sistemindən 03.05.2021-ci il tarixə əldə edilmiş məlumata görə qeyd olunan vəsaitlər MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin hüquqi ünvanlarına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş 07 aprel 2021 il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 100 B ünvanına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən inzibati xəta haqqında icraata başlanılacağı barədə məlumat göndərilmişdir. İş materiallarına əlavə edilmiş poçt göndərişi zərfindən görünür ki, Şəxs MMC-nin yerləşdiyi Bakı şəhəri, ünvan 3 ünvanda yerləşmir” qeydi ilə geri qaytarılmışdır. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli, 3(006)-1812/2021 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 100 B ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (17 iyul 2021-ci il tarixli reyestrin 20 sıra nömrəsi ilə). İş materiallarında olan 29 iyul 2021-ci il tarixli, 3(006)-1812/2021 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 100 B ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (30 iyul 2021-ci il tarixli 15 sıra nömrəsi ilə). Bununla da, Məhkəmə hesab edir ki, Şəxs MMC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında şirkətin yeganə ünvanı kimi qeyd edilən ünvan 5lər göndərilmiş, həmçinin şirkətin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə 29 iyul 2021-ci il tarixli məhkəmə iclası 12 avqust 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 26.02.2019-cu il tarixli, **********2203 saylı gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 6.339,98 ABŞ dolları məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülməsi təmin edilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda (iyirmi min manatadək olan məbləğ) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30%-i məbləğində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 6.339,98 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi – 1.901 (bir min doqquz yüz bir) ABŞ dolları 99 (doxsan doqquz) sent məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar