Məhkəmə qərarları › İş №3(006)-1818/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1818/2022

02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1818/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ xx.xx.1987-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Ağcabədi rayonu, Pərioğullar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 14.05.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs idarə etdiyi “MERCEDES-BENZ C180” markalı, **-ND-*** dovlət qeydiyyat nişanlı avtomobil ilə 17.04.2022-ci il tarixdə, saat 20:50-də Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi ilə saatda 70-80 km sürətlə hərəkət edərkən M.Qaşqay küçəsinin kəsişməsinə çatdıqda işıqforun qırmızı işığında hərəkət edərək M.Qaşqay küçəsi ilə hərəkət edən “MERCEDES-BENZ C230” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sərnişinlər Zərərçəkmiş şəxs2 yüngül dərəcəli, X10 dərəcəsi müəyyən olunmayan, X2 zərər vurulmayan, Zərərçəkmiş şəxs3 yüngül dərəcəli, X1 zərər vurulmayan və sonuncu avtomobili idarə edən Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Saleh Salahzadə tərəfindən qəbul edilmiş 06.05.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Bakı şəhəri Nəsimi Rayon Dövlət X14 nümayəndəsi və barəsində icraat aparılan şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 Nəsimi rayon şöbəsinin: - 25.04.2022-ci il tarixli, 458 saylı rəyinə əsasən 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər – sol çiyin, sol körpücük və sol bazu oynağı nahiyələrinin yumşaq toxumalarının sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, sol saidin siyriği bərk küt əşyanın (əşyaların) təsirindən 17.04.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; - 25.04.2022-ci il tarixli, 471 saylı rəyinə əsasən 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər – sol çiyin qurşağının körpücük sümüyünün akromial ucu (çiyin çıxıntısı) nahiyəsində qabıq maddə hüdudunda akromial birləşməsinin nisbi aralanması bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; - 26.04.2022-ci il tarixli, 472 saylı rəyinə əsasən 2019-cu il təvəllüdlü X6 bədənində aşkar olunmuş xəsarət – qaşın küt travmasıdır və onun obyektiv (qançır, sıyrıq, şişkinlik və s.) əlamətləri göstərilmədiyindən xəsarətin ağırlıq dərəcəsi, törənmə aləti və yaranma şəraiti haqqında fikir söyləmək mümkün deyil; - 04.05.2022-ci il tarixli, 501 saylı rəyinə əsasən 2015-ci il təvəllüdlü X5 bədənində aşkar olunmuş xəsarətlər – bel nahiyəsinin küt travması dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aiddir. Xəsarətin xarakteri və lokalizasiyasına əsasən o, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi; - 04.05.2022-ci il tarixli, 500 saylı rəyinə əsasən 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin küt travması, sağ sağrının cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; - 04.05.2022-ci il tarixli, 499 saylı rəyinə əsasən 1990-cı il təvəllüdlü X3 bədənində aşkar olunmuş xəsarətlər – kürək nahiyəsinin yumşaq toxumalarının əzilməsi 17.04.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ və İİ hissələrinə görə svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, xəsarət alan şəxslərin onun ailə üzvləri olmasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar