Məhkəmə qərarları › İş №3(006)-1820/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1820/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1820/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X1 iştirakları ilə Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 03 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokola əsasən ona İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 150 manat məbləğində cərimə edilməsi barədə qəbul edilmiş protokol xx.xx.2024-cü il tarixdə elektron kabinetə yüklənmiş və barəsində 10 gün sonra inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin protokol kabinetə yükləndikdən dərhal sonra onlayn qaydada şikayət ilə müraciət edərək icraata xitam verilməsini Bakı şəhər X7 İdarəsindən xahiş etmişdir. Lakin Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, İ-53030 saylı məktubunda müracəti üzrə müsbət qərar qəbul edilmədiyi göstərilmişdir. Bununla bağlı cavab məktubu ona xx.xx.2024-cü il tarixdə elektron ünvanına göndərilmişdir. Qərarla razı deyil, hesab edir ki, barəsində qəbul edilmiş həmin qərar qanunsuzdur və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “TOYOTA Rav-4” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Fikrət Əmirov küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində “1.11” üfüqi nişanlanma xəttinin tələbinin pozulması və əks istiqamətli nəqliyyat axınının hərəkət zolağında əks istiqamətdə hərəkət etmə faktı əsasında pozuntudan neçə gün keçəndən sonra xx.xx.2024-cü il tarixli İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddələrinə əsasən tərtib edilmiş protokol xx.xx.2024-cü il tarixdə şəxsi kabinetinə yüklənmiş və ona məlumat gəlmişdir. Bununla bağlı idarənin əməkdaşı dəfələrlə zəng vuraraq idarəyə gəlməyini xahiş etmiş, o da öz növbəsində qanunun tələbini onun diqqətinə çatdırmaqla bildirmişdir ki, əgər qayda pozuntusu törətmişdirsə və bu kamera vasitəsilə qeydə alınmışsa müvafiq qərar qəbul edərək şəxsi kabinetinə yükləsinlər, bununla bağlı vətəndaşı idarəyə dəvət etmək qeyri-prosessual hərəkətlərə yol vermək deməkdir. Bundan sonra inzibati xətanın törədildiyi gündən 20 gün sonra qanunsuz olaraq barəsində inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir. Şikayətinə verilmiş cavabda bildirilir ki, guya təhlükəsiz şəhər müşahidə kameraları xüsusi texniki vasitə deyil. Qanunun qeyd edilən tələbindən də göründüyü kimi təhlükəsiz şəhər müşahidə kameraları da inzibati xətaların aşkarlanmasında istifadə olunur və video qeydiyyat funksiyasına malikdir. Göstərilənlərə əsasən Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri X6 İdarəsi tərəfindən tərtib edilmiş 03 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 08:09-da Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində idarə etdiyi “TOYOTA Rav-4” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; • Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 08:09-da Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində idarə etdiyi “TOYOTA Rav-4” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddələri üzrə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhər X7 İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar