Məhkəmə qərarları › İş №3(006)-1825/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1825/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1825/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Bakı şəhər BPİ X9 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: «BMW» markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs ünvan 1 ünvanında 13 fevral 2024-cü il tarixdə nəqliyyat vasitəsinin üzərinə çox avazlı (xüsusi) səs siqnalı quraşdırdığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, o, avtomobili alanda üstündə çox avazlı səs siqnalı quraşdırılmış vəziyyətdə olmuş, lakin o, siqnaldan istifadə etməmişdir. Siqnalın avtomobilin üzərində quraşdırlımış qalmasının isə inzibati xəta tərkibi yaratdığını bilməmişdir. Polis əməkdaşı onun avtomobilinə baxış keçirmiş, qeyd olunan faktı aşkar etdikdən sonra onun guya avtomobilin üzərinə çox avazlı (xüsusi) səs siqnalı quraşdırdığı üçün barəsində protokol tərtib etmişdir. Hal-hazırda məhkəmə tərəfindən barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X4 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında Şəxs məxsus «BMW» markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılaraq, üzərinə baxış keçirilmiş, avtomobilin üzərində xüsusi səs siqnalının quraşdırıldığı müəyyən olunmuşdur. Bununla bağlı Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin Müşayiət-Eskort bölüyü YPX baş inspektoru polis mayoru X5 tərəfindən İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir. Daha sonra həmin tarixdə X1 tərəfindən akt tərtib edilərək siqnal Bakı şəhəri BPİ DYPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati məsuliyyət yaranır. Barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, Bakı şəhər DYPİ inspektoru Müşayiət-Eskort bölüyü YPX baş inspektoru polis mayoru X5 tərəfindən tərtib edilmiş 13 fevral 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətinə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində predmet, yəni çox avazlı (xüsusi) səs siqnalı müsadirə edilməklə cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni çox avazlı (xüsusi) səs siqnalı müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar