Məhkəmə qərarları › İş №3(006)-1829/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1829/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1829/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X5 vəkili X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair X5 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sahibi olduğu Nəsimi rayonu, X16 küçəsi 81 ünvanında fəaliyyət göstərən “köhnə ciyərxana 1997” restoranında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə yoxlama aparılmış və guya aparılan yoxlama zamanı restoranın fəaliyyəti ilə əlaqədar ətraf mühitə zərərli maddələrin normativdə nəzərdə tutulandan artıq atılmasının müəyyən edilməsi əsası ilə Fərid Rəhimovun barəsində xx.xx.2024-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir və həmin protokol əsasında barəsində İXM-nin 233.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2500 manat məbləğində cərimə edilməyi qərara alınmışdır. Bildirmək istəyir ki, 11 saylı Regional İdarənin əməkdaşları inzibati tənbeh vermə haqqında qərarda sahibkarlıq fəaliyyəti göstərilən ərazidə yoxlama aparıldıqlarını qeyd etsələr də həmin yoxlamanın Ədliyyə Nazirliyinin vahid məlumat reyestrində qeydiyyata alınmasına dair nə yoxlama zamanı nə də yoxlamadan sonra hər hansı bir hansı çıxarış təqdim edilməmiş və beləliklədə həmin yoxlama vahid məlumat reyestrindən qeydiyyatdan keçmədən aparılmışdır. Onun inzibati məsuliyyətə cəlb edilməyi üçün əsas normativdən artıq tüstü və buxarın havaya buraxılması nəticəsində olması əsas götürülsə də inzibati xətalara dair icraat zamanı onun tərəfindən havaya axıdılan tüstü və dumanın hansı normativdən artıq olması artıqdırsa artıq olan hissənin hansı həddə olması barədə heç bir araşdırma və ekspertiza aparılmadan öz şəxsi mülahizələri əsasında nəticəyə gəlmişlər və belə olan halda inzibati xətalara dair baş vermiş hadisədə Rəhimovun təqsirinin sübuta yetirilməsinə dair əsaslı dəlil mövcud deyildir. Rəhimov barəsində tərtib tərtib edilən inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsi ilə təqsiləndirilsə də faktın nə də ifadə olunduğunu qərarda göstərilməmiş, heç bir sübuta istinad edilməmişdir. Eyni zamanda hazırki şikayətə əlavə edilən 26 aprel 2024-cü il tarixli X17 tərəfindən tərtib olunmuş aktdanda görünür ki, restoranda olan su əsaslı tüstüdə təmizləyici filtr qurğunun və sovurucu ekzoqamın yağlardan və qurumlardan təmizləndiyi və tam işlək vəziyyətdə olduğu qeyd edilmişdir və belə olan halda normativdən artıq tüstünün havaya buraxılmasından söhbət gedə bilməz. Nəzərə çaldırılması zəruridir ki, Azərbaycan Respublikasında apanlan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, eləcə də yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, həmç.inin sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər “'Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Hesab edir ki, idarənin əməkdaşları tərəfindən, həmçinin yuxarıda sözügedən maddi hüquq normalarının tələbləri də kobud şəkildə pozulmaqla qanunsuz yoxlama aparılmış və qanunsuz yolla əldə olunmuş məlumatlar əsasında xx.xx.2019-cu il tarixli Akt, onun əsasında isə inzibati protokol və daha sonra da həmin qanunsuz sənədlər əsasında inzibati tənbeh tətbiqinə dair qərar qəbul olunmuşdur. Ona görə də rəhimov barəsində qəbul olunmuş qərarın qanuniliyindən söhbət gedə bilməz, bu qərarın qanunauyğunluğu onu qəbul etmiş səlahiyyətli şəxs tərəfindən əsaslandırılmamış, hazırki işdə də sübut olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən verilmiş şikayətin təmin olunması, AR Ekologiya və Täbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin barəmdə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* saylı «lnzibati tənbeh vermə haqqında qərar»ın ləğv olunması və hazırki inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən X5 vəkili X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişləri tərəfindən daima ərazilərdə müşahidələr aparılır. Belə müşahidələrin birində X1 olduğu Nəsimi rayonu,X16 küçəsi 81 ünvanında fəaliyyət göstərən köhnə ciyərxana 1997 restoranında normadan artıq tüstünün havaya buraxılması faktı aşkar olunmuş və xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2500 manat məbləğində cərimə edilmişdir. Ona görə də şikayəti əsassız hesab edir və təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin əməkdaşı X8 izahatında göstərdi ki, sahibkar X1 olduğu Nəsimi rayonu, X16 küçəsi 81 ünvanında fəaliyyət göstərən köhnə ciyərxana 1997 restoranında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə tərəfimizdən xx.xx.2024-cü il tarixdə yoxlama aparılmış və yoxlama aparılan zamanı restoranın fəaliyyəti ilə əlaqədar ətraf mühitə zərərli maddələrin normativdə nəzərdə tutulandan artıq atılmasının müəyyən edilməsi əsası ilə Fərid Rəhimovun barəsində xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin iaşə obyektində əvvəllər də belə yoxlamalarımız olmuş, hər şey qaydasında olması ilə bağlı hər hansı bir zəruri tədbir görülməmişdir. Sonuncu yoxlama zamanı isə havaya buraxılan tüstü normadan artıq olduğundan barələrində protokol tərtib olunmuşdur. Həmçinin, X8 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, iaşə obyektinə o və idarənin əməkdaşı daxil olmuşlar. Xüsusi cihazla yoxlama aparmışlar. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsi tərəfindən tərtib edilmiş 001176 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi 18 A ünvanında fəaliyyət göstərən “köhnə ciyərxana” adlı iaşə obyektində atmosfer havasında ölçmə işləri aparılmışdır. Atmosfer havasında olan zərərli qarşıqların miqdarını təyin etmək məqsədilə “ANKAT 64m304” seriya nömrəsi 200123 səyyar cihaz vasitəsilə ölçmə işləri aparılmışdır. Ölçmə nəticəsində dəm qazı CO-6,7 mq/m3 (norma 5,0 mq/m3) təşkil edərək yol verilən hədd normasından artıq olduğu müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi 81 ünvanında “Köhnə Ciyərxana 1997” restoranında ətraf mühitə atılan zərərli maddələrin miqdarının normativlərdən artıq olması, qaz-toz tutucu qurğuların istismar qaydasının pozulması müəyyən edilmişdir. X2 Azərbaycan Respublikası İXM-in 233.1 və 234.0.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün həmin orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 234.0.2-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına, yəni atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədi ilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydalarının pozulmasına görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, ilkin olaraq iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati tənbeh vermə haqqında qərardan və aktdan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı sübutla təsdiq olunmur. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Lakin, hazırki halda inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş inzibati xəta haqqında protokol səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu isə inzibati xəta haqqında protokolun və bütövlükdə icraatın qanuniliyini müəyyən etməyə imkan vermir. Bundan başqa, Azərbaycan Respublikasında apanlan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, eləcə də yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, həmçinin sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər “Sahibkarlıq sahəsirtdə aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanununun: 2.1-ci maddəsinin tələbinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.1-ci maddəsinin tələbinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2014-cü il tarixli. 143 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası”nın tələblərinə əsasən yoxlama suallarının siyahısına daxil edilən tələblər sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən aktlara (o cümlədən texniki normativ hüquqi aktlara) uyğun formalaşdırılmalı və hər bir tələblər qarşısında sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktın adı, tarixi, nömrəsi və struktur elementi göstərilməli, tələblərdə qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilməməlidir. Yuxarıda göstərilənlərlə yanaşı qeyd etməyi zəruridir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu ilə sahibkarlıq subyektlərində aparılan yoxlamalar 2025-ci ilin yanvar ayınadək dayandırılmışdır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısının 1-ci hissəsindən məlum olur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının X4, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlamalar aparıla bilər. Həmin Siyahının 2-ci hissəsində isə göstərilir ki, bu Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə aparılır. Beləliklə, qanunvericiliyin yuxarıda istinad edilmiş normalarının tələbləri gözlənilmədiyindən məhkəmə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın qərarını qanuna uyğun aparılmış araşdırmanın nəticəsi kimi qiymətləndirə bilməz. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X7 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X7 barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X7 Azərbaycan Respublikası İXM-in 233.1 və 234.0.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və X5 iştirakı ilə yenidən əsaslı və qanuni qərar qəbul edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X7 barəsində Azərbaycan Respublikası İXM-in 233.1 və 234.0.2-ci maddələri ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar