Məhkəmə qərarları › İş №3(006)-183/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-183/2022

13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-183/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X3, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin təhqiqatçısı X2 iştirakları ilə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəisi tərəfindən qəbul edilmiş 30 dekabr 2021ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəisi tərəfindən qəbul edilmiş 30 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 30.12.2021-ci il tarixdə Nəsimi RPİnin 21-ci PB-nin təhqiqatçısı İlkin Nəbizadə tərəfindən barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilərək qərar qəbul etmişdir. Qərarın nəticə hissəsində X5 guya döyməsi bildirilmiş və barəsində 300 AZN cərimə tənbeh növü seçilmişdir. Qeyd edir ki, qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, 14.12.2021-ci il tarixdə L.Z.Aslanova DİN-in 102 xidmətinə və Nəsimi RPİ-nin 21-ci PB-nə ərizə ilə müraciət edərək, 14.12.2021-ci il tarixində işlədiyi (əslində oxuduğu) Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən Bakı Xoreoqrafıya Akademiyasında olduğu zaman ögey bibisi olan Yeganə Aslanovanın çiyni ilə onu itələməsi və qapıya dəyərək xəsarət almasını bildirmişdir. Halbuki, belə bir hal baş verməmişdir. Əgər baş versəydi belə, material araşdırılarkən dəfələrlə onun tərəfindən polis əməkdaşına Bakı Xoreoqrafıya Akademiyasında olan kamera məlumatlarının götürülməsini xahiş etmiş, hətta şahidlərin dindirilməsini tələb etmişdir. Əgər L.Z.Aslanovaya hər hansı xəsarət yetirmə olsaydı kamera məlumatlarında görünəcəkdi, Bakı Xoreoqrafıya Akademiyasında hər tərəfdə kamera müşayiəti olmasına baxmayaraq, polis əməkdaşı etinasız yanaşaraq, məlumatları əldə etməmiş, şahidləri dindirməmiş və qanunsuz qərar qəbul etmişdir. O gün deyilənin əksinə onu şərləyən şəxs, tədris ocağına imtahana gələn onlarca tələbələr və müəllim əməkdaşlarına böyük hörmətsizlik etmiş, tədris ocağına uyğun olmayan hərəkət nümayiş edərək imtahan gedən müddətdə yüksək səslə nəlayiq ifadələr işlətmişdir. Normanın tələbindən də göründüyü kimi, inzibati xətalar xüsusi texniki vasitələrin göstəriciləri ilə sübut olunur, lakin polis orqanı bu kimi hallara etinasız yanaşmış və vəzifə funksiyalarını lazımınca icra etməmişdir. Qanunun ilkin məqsədi obyektiv həqiqəti müəyyən etməkdir. Təəsüflər olsun ki, bu hala riayət edilməmiş, onun izahatı kamera görüntüləri nəzərə alınmadan yalnız ekspert rəyinə əsaslanaraq qərar qəbul edilmişdir. Həmçinin ekspert qarşısında şəxsin özü-özünə xasərat yetirməsi imkanının olub-olmaması sual kimi qoyulmamışdır. L.Z.Aslanova özü-özünə xəsarət yetirmişdir. Onların arasında yaxşı münasibət olmasa da, hər hansı şəxsə qarşı zor tətbiq etmək ona və onun peşəsinə yaraşmadığından bu kimi böhtan dolu ittihamların irəli sürülməsi tamamilə qanunsuz və ədalətsizdir. Göstərilənləri nəzərə alaraq Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəisi tərəfindən qəbul edilmiş 30 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Y.A.Aslanova şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, təhqiqatçı tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamış və onun işlədiyi Bakı Xoreoqrafıya Akademiyasında olan müşahidə edici kamera görüntüləri olmasına baxmayaraq həmin görüntülər götürülməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin təhqiqatçısı İ.S.Nəbizadə bildirmişdir ki, hadisə yerinə gedərək kamera görüntülərini rəhbərlikdən istəmiş, lakin ona heç bir görüntü təqdim edilməmişdir. Hər iki tərəfi polis idarəsinə çağırmış, izahatlarını almış və həmin izahatlar və ekspert rəyi əsasında qərar çıxarılmşdır. Baş vermiş hadisəni görmüş şəxsləri şahid kimi dindirmək istəsə də həmin şəxslər hadisəni görmədiklərini bildirmişlər. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, İ.S.Nəbizadə məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, sahə inspektoruna Bakı Xoreoqrafıya Akademiyasında olan kamera görüntülərinin götürülməsinə dair tapşırıq vermişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 30 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 14.12.2021-ci il tarixdə, saat 13:00 radələrində Y.A.Aslanova Ş.Əsgərova küçəsində yerləşən Bakı Xoreoqrafıya X1 döymüş və bununla da Y.A.Aslanova barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 30 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Y.A.Aslanova 14.12.2021-ci il tarixdə, saat 13:00 radələrində Ş.Əsgərova küçəsində yerləşən Bakı Xoreoqrafıya X1 döyərək xəsarət yetirmiş, buna görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 23 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş L.Z.Aslanovanın müraciətinə dair toplanmış materialda Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, L.Z.Aslanovanın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada müvafiq tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti xidmət sahəsi göstəriş verilməsi üçün Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəhbərliyinə təqdim edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərardadından görünür ki, Nəsimi RPİ-nin 21-ci PB tərəfindən Y.A.Aslanova barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş 30.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Y.A.Aslanova 14.12.2021-ci il tarixdə, saat 13:00 radələrində Ş.Əsgərova küçəsində yerləşən Bakı Xoreoqrafıya X1 döyərək xəsarət yetirmiş, buna görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, Y.A.Aslanovanın barəsində Nəsimi RPİ-nin 21-ci PB-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Y.A.Aslanova barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta hadisəsinin necə baş verməsinin səbəbləri düzgün araşdırılmamış, baş vermiş hadisəsi ilə bağlı Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən videogörüntüləri məhkəmə iclasına təqdim edilməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və Y.A.Aslanova barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin 21-ci PB-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ-nin 21ci PB-nin rəisi tərəfindən qəbul edilmiş 30 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin rəisi tərəfindən qəbul edilmiş 30 dekabr 2021ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar