Məhkəmə qərarları › İş №3(006)-1834/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1834/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1834/2020 17.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə X2 Bakı şəhər Baş Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə icla-sın-da baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X6 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, idarə etdiyi 99-RN580 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E 180” minik markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə, saat 14:20 radələrində Z.Bünyadov prospektində hərəkətdə olan zaman Bakı şəhər Baş Dövlət X9 yol-patrul xidməti inspektoru X1 tərəfindən barəsində karantin rejimlərinin tələblərini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin o, heç bir xəta törətməmiş, karantin rejimi qaydalarını pozmamışdır. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X6 şikayəti müdafiə edərək bildirdi ki, idarə etdiyi avtomobil arvadına məxsusdur və o, xx.xx.2020-ci il tarixdə müvafiq qaydada icazə alaraq yola düşmüş, polis əməkdaşı onun barəsində əsassız olaraq protokol tərtib etmişdir. Heç bir inzibati xəta hadisəsi olmamışdır. Şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X6 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 həmin tarixdə Ziya Bünyadov prospektində epidemiya əleyhinə rejim qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. X4 karantin rejimi ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərlə əlaqədar müvafiq icazəsinin olduğunu qeyd etsə də, bununla bağlı hər hansı bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına müvafiq olaraq yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 05 avqust saat 06:00-dək aidiyyəti məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar (1.5.1); ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar (1.5.2); yaxın qohumunun dəfnində iştirakla əlaqədar (1.5.3). Qeyd olunan Qərarın 1.6-cı bəndinə görə bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər. Sözügedən Qərarın 1.8-ci bəndinə əsasən şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət müəyyən edir. Beləliklə müəyyən edildi ki, X6 xx.xx.2020-ci il tarixdə karantin rejiminin tələblərinə əməl etməyərək müvafiq qaydada icazə almadan yola düşmüş, bununla bağlı yol patrul xidməti inspektoru tərəfindən saxlanılaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, Bakı şəhər Baş Dövlət X9 tərəfindən barəsində qəbul edilmiş qərarın əsassız olduğuna dair dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərdən də aydın olur ki, belə olan halda şikayətçinin əməlində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkib əlamətləri olmuş və onun barəsində düzgün olaraq həmin maddə ilə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər Baş Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərardəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar