Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1848/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X11 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN ******* nömrəli, 02 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X9 və X5 adlı şəxslərin “Əmək və Məşğulluq altsistemində” qüvvədə olan əmək müqaviləsi bildirişinin olmaması aşkar edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X15 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi qanunsuz məskunlaşmanın qarşısını almaq məqsədi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına gedən şəxslərə, xüsusilə də həmin ərazilərdə işləyən şəxslərin işçi icazələrinin olub-olmamasına nəzarət edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işləmək üçün icazə alınmış şəxslərin siyahısı həmin şəxslər üçün işçi icazəsi almış şirkətin işə götürülən şəxslə əmək müqaviləsi bağlayıbbağlamaması, əmək müqaviləsi olduğu halda isə həmin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi barədə məlumatların araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatların araşdırılması zamanı “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına” giriş informasiya sistemi üzərindən təqdim olunan məlumatların təhlili nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə işləməsi üçün işçi icazəsi alınmış X4 və X1 adına Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Şəxs MMC X6 və X2 portaldan qeydiyyatdan keçirəndə orada həmin şəxslər üçün işçi icazəsi almış, buna görə də portala həmin şəxslər Şəxs MMC-nin işçiləri kimi düşmüşdür. Beləliklə də Şəxs MMC tərəfindən X4 və X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də Şəxs MMC-nin barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək baxılması və müvafiq qərarın qəbul edilməsi üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə inzibati xəta törətməsi göstərilmişdir. Həmin protokola etiraz edərək, bildirir ki, Şəxs MMC tərəfindən, protokolda göstərilən inzibati xəta törədilməmişdir. Belə ki, protokolda “Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış X9 və X5 adlı şəxslərin “Əmək və Məşğulluq altsistemi”ndə qüvvədə olan əmək müqaviləsi bildirişinin olmaması aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Daxili İşlər Nazirliyinin müvafiq məlumatı ilə təsdiq edilir” göstərilmişdir. Göründüyü kimi, protokolda fakt kimi qələmə verilməsinə cəhd edilən əsas olaraq Daxili İşlər Nazirliyinin müvafiq məlumatı çıxış edir. Maraqlıdır ki, həmin məlumata (Qarabağ ərazisində işləmə icazələri ilə bağlı adlı siyahı) əsasən X4 “X17” MMC-də, Tağıyeva FəridəTanrıverdi qızının isə "xxxx" MMC-də çalışdığı birbaşa göstərilir. Şəxs MMC inşaat şirkəti olaraq müvafiq dövlət orqan və idarələri (Sifarişçilər) tərəfindən Qarabağ ərazisində müxtəlif tikinti-quruculuq işlərini həyata keçirməyə baş podratçı olaraq cəlb edilmişdir. Şəxs MMC isə öz növbəsində müfaviq layihə düşərgələrində qida təminatı xidmətlərinin göstərilməsi üçün “X17” MMC-ni, təmizlik xidmətlərinin göstərilməsi üçün "xxxx" MMC-ni cəlb etmişdir. Hər iki müəssisə xidmətlərini öz şəxsi işçi heyəti ilə göstərir. Odur ki, X9 və X5 adlı şəxslər Şəxs MMC ilə hər hansı əmək münasibətlərində deyildir və olmamışdır. Bu şəxslər Şəxs MMC-nin müqavilə əsasında xidmət aldığı “X17” MMC-nin və "xxxx" MMC-nin əməkdaşlarıdır. Bununla bağlı təsdiqedici sənədlər əlavə edilir. 28 mart 2024-cü il tarixli “Əmək müqaviləsinin bağlanması barədə Əmək müqaviləsi bildirişi”ndən görünür ki, X9 ilə “X17” MMC arasında əmək müqaviləsi bağlanmışdır və şəxs həmin şirkətdə aşpaz köməkçisi vəzifəsində işləyir. 18 may 2024-cü il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişi”ndən görünür ki, X5 ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmışdır və şəxs həmin şirkətdə xadimə vəzifəsində işləyir. Bundan başqa, X12 Xidmətinin Bakı şəhər İdarəsinin sorğusuna cavab olaraq göndərilmiş NWC/378- 096K-24 saylı 27 mart 2024-cü il tarixli məktubda da X4 və X1 Şəxs MMC-nin əməkdaşları olmadığı DƏMX-in diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində ******* saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərkən yuxarıda göstərilən hallara nəzər yetirilməmiş, nəzərə alınmamışdır ki, X9 ilə “X17” MMC arasında xx.xx.2024-cü il tarixində (protokolun tərtib edilməsi tarixindən əvvəlki tarixlərdə) əmək müqaviləsi bağlanmışdır və şəxs həmin şirkətdə aşpaz köməkçisi vəzifəsində işləyir. Yəni faktiki olaraq, başqa müəssisə ilə əmək müqaviləsi mövcud olan işçinin adı göstərilməklə Şəxs MMC barəsində qanunsuz protokol tərtib edilmişdir. Digər şəxs - X5 ilə "xxxx" MMC-nin arasında sonradan müqavilənin bağlanması da Şəxs MMCnin məsuliyyəti sahəsində deyildir və həmin şəxslə şirkətimiz arasında əmək münasibəti yoxdur və əksini sübut edən hər hansı sənədlər dövlət qurumu tərəfindən təqdim edilməmişdir. Eyni zamanda Məhkəmənin diqqətinə çatdırır ki, DƏMX-in Bakı şəhər İdarəsinin istinad etdiyi DİN-nin siyahısında olan X4 və X1 Qarabağ ərazisində işləməsi üçün icazənin alınmasına müraciətin Şəxs MMC tərəfindən edilməsi həmin şəxslərlə əmək münasibətində olması anlamına gəlmir və belə bir bağlılığın X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qurulması və bunun əsasında inzibati xəta halına istinad edilməsi böyük təəssüf doğurur. Müvafiq şəxslər üçün müraciətin Şəxs MMC tərəfindən edilməsi zərurəti bu prosesin Şəxs MMC-dən asılı olmayan və DİN tərəfindən müəyyən edilmiş xüsusiyyətləri ilə bağlıdır ki, işə cəlb edilən şirkətlərin (yəni “X17” MMC-nin və "xxxx" MMC-nin) əməkdaşları layihə üzrə baş podratçı təşkilatı olan Şəxs MMC-nin tikinti sahəsində çalışacaqlar və bununla da müvafiq müraciətin məhz Şəxs MMC tərəfindən edilməsi məqsədə uyğun görülmüşdür. Lakin, öz müraciətində Şəxs MMC X4 və X1 müvafiq olaraq “X17” MMC-nin və "xxxx" MMC-nin əməkdaşları olduğunu vurğulamışdır. Məhkəmə icraatında baxılan Protokola diqqət yetirilsə görünür ki, dövlət qurumu inzibati hüquq pozmanın sadəcə hansısa məlumatın aşkar edilməməsi əsasında tərtib etmişdir və hər hansı digər sübutlar təqdim etməmişdir. Çünki digər hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin törədilməsi istinad edilən, İXM-nin 192.1-ci maddəsinə görə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir”. Maddələrə nəzər yetirdikdə görünür ki, istinad edilən məsuliyyətin yaranması üçün işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi baş verməlidir. Lakin hazırkı iş üzrə təqdim edilən heç bir sənədlə inzibati xətanın mövcudluğu birbaşa sübut edilmir, sadəcə ehtimal edilir. Bu hissədə Məhkəmənin diqqətinə çatdırır ki, X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən göstərilən məlumatlara sübut qismində istinad edilməsi dolayı və ehtimallara əsaslanır və bunun əsasında inzibati xətanın baş verməsini bildirmək əsassızdır. Bu səbəbdən də hesab edir ki, məhkəmə tərəfindən inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göründüyü kimi inzibati xəta hadisəsinin olmaması, sübutların yetərsizliyi, birbaşa sübutların olmaması, dolayı olması, protokolun ehtimala əsasən tərtib edilməsi, belə qənaətə gəlməyə əsas verir ki, inzibati xəta hadisəsi baş verməmişdir. Bunlardan əlavə, protokolu tərtib edən dövlət qurumu tərəfindən əlavə sübutların toplanmasına da cəhd edilməmişdir. Məsələn siyahılarda və protokolda adları göstərilən şəxslərin - X9 və Tağıyeva FəridəTanrıverdi qızının, həmçinin siyahıda göstərilən müəssisələrin - "xxxx" MMC və “X17” MMC hər hansı izahatları alınmamış, məsələyə aidiyyatları və ya münasibətləri öyrənilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Maddənin tələbindən də görünür ki, Məhkəməyə təqdim edilmiş protokol qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilmişdir və ləğv edilməlidir. Göstərilənlər əsasında da qənaətə gəlinir ki, X12 tərəfindən məsələ üzrə səthi araşdırma aparılmış və əsassız protokol tərtib edilmişdir. Qeyd edilənlə əsasında aşkar müəyyən edilir ki, protokolda göstərilən inzibati xəta Şəxs MMC tərəfindən törədilməmişdir. Törədilməsində şübhələnilən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə nəzər yetirsək: “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” əməli inzibati hüquq pozma hesab edilir. Lakin X12 məhz məsuliyyət yaradan əməlin baş verməsini - “hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi”ni təsdiq edən hər hansı sübut ortaya qoymamışdır, araşdırmamışdır. Sadəcə iş icazəsinin alınmasına istinad etməklə və bunun əsasında “Əmək və məşğulluq altsistemi”ndə əmək müqaviləsinin aşkar edilməməsini, X8pozuntusu hesab edərək protokollaşdırmışdır. Bu isə inzibati xətanın törədilməsinin göstəricisi deyildir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şəxs MMC-nin idarə heyətinin sədri Elçin Bədəlov tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin rəisinə ünvanladığı 27 mart 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, adları qeyd olunan X9 (3E155FL) və X5 (2EV7GDA) Şəxs MMC-də işləmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin mənasına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi – bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; Həmin Məcəllənin 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X14 inzibati xəta haqqında protokol tərtib edərkən işin düzgün həlli üçün əhəmiyyətli olan bütün zəruri halları müəyyən etmək məqsədilə iş üzrə əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırmalı olduğu halda, iş üzrə səthi araşdırma apararaq Şəxs MMC tərəfindən X7 və X3 iş icazəsi almaq üçün “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə hər hansı müraciət ünvanlayıb-ünvanlanmaması, Şəxs MMC-nin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon”larına daxil olan inzibati ərazi vahidində fəaliyyət göstərib-göstərməməsi, hansı sahibkarlıq fəaliyyəti növü ilə məşğul olması, qeyd olunan işçilərin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon”larına daxil olub-olmaması, daxil olublarsa hansı rayonda işlərin icrasına cəlb olunub-olunmaması araşdırılmamış, cəlb olunduqları iş yerinin audiovideo çəkilişi aparılmamış, X4 və X1 yazılı izahatları alınmamış və digər müvafiq sübutlar toplanmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə X4 və X1 məhz Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə, ümumiyətlə X4 və X1 həmin cəmiyyətlə hər hansı bir əlaqələrinin olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. İnzibati araşdırmanı aparan və protokolu tərtib edən orqan X4 və X1 Şəxs MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi barədə nəticəyə gəlsə də, buna dair mötəbər sübutlar mövcud deyildir, yerinə yetirilmiş işlərin (xidmətlərin) məhz nədən ibarət olması, həmin işlər (xidmətlər) həyata keçirildiyi halda isə onların mülki qanunvericiliklə müəyyən olunmuş işlər (xidmətlər) (tapşırıq müqaviləsində nəzərdə tutulmuş) sırasına deyil, məhz əmək münasibətləri pozulmaqla, müqavilə bağlanılmadan işlərin, xidmətlərin görülməsinə cəlb edilməyə aid olması, bu zaman inzibati xətanın törədilməsi və bunda hüquqi şəxsin təqsirinin olması müəyyən və təsdiq olunmamışdır. Hansı ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi onu özündə ehtiva edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bir sözlə, burada, sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Təqdim olunan sübutlara münasibətdə qeyd edilməlidir ki, Şəxs MMC tərəfindən X7 və X3 işçi icazəsi alınması barədə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına” giriş informasiya sistemi üzərindən təqdim olunan məlumatlar inzibati məsuliyyətin əsasını təşkil edən “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” barədə hüquqi nəticəyə gəlinməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1848/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1848/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver