Məhkəmə qərarları › İş №3(006)-1852/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1852/2021

05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1852/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" QSC-nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 iyun 2021-ci il tarixli, 00100-1184/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" QSC 31 mart 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********4374 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş Avstriyadan 38BD480/38ABU298 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 28 mart 2021-ci il tarixdə, saat 14:11-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Bununla da, "xxxx" QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin nümayəndəsi B.H.İsmayılov izahatında bildirmişdir ki, "xxxx" QSC ilə “ARGE Siemens” şirkəti arasında imzalanmış 1TCTNTJ nömrəli 16.10.2019-cu il tarixli müqaviləyə əsasən “Satıcı” “ARGE Siemens” şirkəti yeni tikiləcək D3 dartı stansiyasının ərazisində elektrik yarımstansiyası üçün avadanlıqları (layihələndirmə, montaja nəzarət və sazlama işləri ilə birlikdə) “Alıcı” "xxxx" QSC-yə DAP çatdırılma şərtləri ilə (İNCOTERMS 2010) Alıcının ünvan 1 ünvanına təchiz olunmasını və təhvil verilməsini öz üzərinə götürmüşdür. Müqavilənin 4.3-cü bəndindəki avadanlıqlara dair müvafiq sənədlərin (sənədlərin siyahısı həmin bənddə nəzərdə tutulub) Alıcıya mallar göndərilməmişdən 5 təqvim günü əvvəldən göndərilməsi tələbi nəzərdə tutulmuşdur. Mallar Avstriyadan göndərilməmişdən əvvəl “ARGE SİEMENS” şirkətinin Azərbaycandakı nümayəndələri (telefon danışığı ilə) xəbərdarlıq edilmişlər ki, maşınlar Novruz bayramı ərəfəsində gömrük sərhədini keçməsinlər, çünki həmin günlər Azərbaycanda rəsmi qeyri-iş günləridir. Həmçinin həmin şəxslərin mailto:ruslan.mironov@siemens.comElektron ünvan 1, mailto:azer.guliyev@siemens.comElektron ünvan 2 elektron poçtuna 18.03.2020-ci il tarixində 16:46-da məlumat göndərilməklə xəbərdarlıq edilmişlər ki, ilkin deklarasiya (bəyannamə) rəsmiləşdirilməyənədək heç bir maşın sərhədi keçməsin, əks təqdirdə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun hər bir maşına görə 1.500 manat cərimə tətbiq olunacaq. Satıcının nümayəndələrinə qabaqcadan xəbərdarlıq etsələr də, onlar buna əməl etməmiş, D3 dartı stansiyası üçün elektrik avadanlıqları gətirən 4 (dörd) nəqliyyat vasitəsi (maşınların nişan nömrələri: 38EM633/38GL445, 38BD480/38ABU298, 38JY561/38GK013, 38PD334/38KM726) elektron formada qısa idxal bəyannaməsi verilmədən 28.03.2021-ci il tarixində gömrük postunu keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşlar və buna görə də "xxxx" QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci bəndinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında müvafiq protokollar tərtib edilmişdir. Bundan başqa, o bildirmişdir ki, “ARGE SİEMENS” şirkətinin nümayəndəsi (Azər Quliyev) ilə telefon danışığımız zamanı bütün yuxarıda qeyd olunan məsələlər barədə ona məlumat verilmiş, məhkəmə qərarları əsasında "xxxx" QSC-yə tətbiq olunacaq inzibati cərimələr üzrə ümumi məbləğin həmin şirkət tərəfindən sonradan bizə ödəniləcəyi barədə şifahi razılaşma əldə olunub. "xxxx" QSC Satıcıdan həmin məbləğin reqress qaydasında ödənilməsini tələb etmək huququna malikdir. Göstərilənləri nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, "xxxx" QSC-nin nümayəndəsinin izahatını dinləyib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" QSC-nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Dövlət Gömrük Xidmətinin X1 Sistemindən “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, idxalatçı "xxxx" QSC-nin ünvanına göndərilən mallar 38ABU298 nömrəli nəqliyyat vasitəsilə 28.03.2021-ci il tarixdə, saat 14:11-də Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur, lakin qısa idxal bəyannaməsi gömrük orqanınlarına təqdim edilməmişdir. İş materiallarında olan Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 34/012/015992 nömrəli 14.06.2021-ci il tarixli raporta əsasən "xxxx" QSC-nin adına 28.03.2021-ci il tarixdə 38BD480/38ABU298(**********15035), 38JY561/38GK013(**********1507) nömrəli avtomaşınla ölkə ərazisinə daxil olmuş və **********4374 və **********7017 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib olunmamışdır. İş materillarına əlavə edilmiş 16 oktyabr 2019-cu il tarixli, 1TCTNTJ saylı müqavilənin surətindən görünür ki, "xxxx" QSC-lə (alıcı) “ARGE Siemens AZ 01” (satıcı) şirkəti arasında həmin tarixdə müqavilə bağlanmış, müqavilənin 4.3-cü bəndinə əsasən sənədlər alıcıya mallar göndərilmədən beş təqvim günü əvvəl göndərilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xarici partnyoru tərəfindən "xxxx" QSC-nin ünvanına göndərilən elektrik cərəyanın idarəetməsi və ya bölüşdürülməsi üçün 8535 və ya 8536 mal mövqeyinin iki və ya daha çox qurğusu ilə təchiz olunmuş bölüşdürücü şitlər (0.4 Kv-luq Sivacon S8 tipli komplekt paylayıcı quruluş PQ-0.4 Kv tək. qoşmaya) 38BD480/38ABU298(**********15035) nömrəli avtomaşınla 28.03.2021-ci il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Lakin, şirkət tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da, "xxxx" QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" QSC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" QSC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar