Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1865/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə X1 barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 01 may 2024-cü il tarixli qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 01 may 2024-cü il tarixli qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 01 may 2024-cü il tarixində «KİA SPORTAGE» markalı, 77MO736 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. C.Məmmədquluzadə küçəsində 01 may 2024-cü il tarixində, saat 15:34-də Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə görə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durmasına görə xx.xx.2024-cü il tarixli EQ 20898501 saylı protokolla (qərarlı) 40 manat məbləğində cərimə olunmuşdur. Asan pay portalında EQ 20898501 saylı protokolla qayda pozuntusu şəkilləri də əlavə olunmuşdur. Bu şəkillərə baxanda da açıq-aydın görünür ki, “KİA SPORTAGE” markalı ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında, nə də ki, 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayanmışdır. Yol nişanından 15 metr az olan məsafəni kamera ilə hansısa üsul və ya qayda ilə ölçülməsi ağılasığan deyil. Əgər kamera ilə deyil, digər ölçmə vasitəsindən istifadə edərək yol nişanlarından 15 metr olan məsafə təyin olunmuşsa xahiş edir həmən ölçmə vasitəsinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” na uyğun olaraq yoxlama şəhadətnaməsini təqdim etsinlər, (“ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikasinin Qanunu" na əsasən ölçmə vasitələri dövrü yoxlamadan keçirilməlidir və şəhadətnamə əldə edilməlidir.) C.Məmmədquluzadə küçəsində (guya) qayda pozuntusu olan yer onun yaşadığı evin yanıdır. O, həmişə orada avtomobilini park edir. Orada dayanacaq meydançası olmasını yaxşı bilir. Qaydaları pozmamaq üçün, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durmasına həmişə diqqət edir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 01 may 2024-cü il tarixli qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 ona istinad olunan əməli törətməsinə dair iş materiallarında kifayət qədər sübut mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması və fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar ola bilər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş fotoşəkillərdən başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hər hansı sübut mövcud deyil. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən X2 tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki, X2 həmin inzibati xətaya aidiyyəti olmadığını göstərmişdir. Habelə iş üzrə aşkar edilmiş inzibati xətanın məhz X2 tərəfindən törədilməsinə dəlalət edə biləcək hər hansı sübut və əsas göstərilmədən X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İş üzrə tədqiq edilmiş hallar məhkəmədə X1 inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Bundan başqa, iş materiallarında olan fotoşəkillərlə müəyyən olunur ki, şikayətçi X2, “KİA SPORTAGE” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun sağ tərəfində saxlamışdır. Hazırki halda fotoşəkillərlə və digər sənədlərlə həmin ərazinin ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası olması və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda olması müəyyən edilmir və bununla bağlı müvafiq ölçülər göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 01 may 2024-cü il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 346.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də X1 barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 01 may 2024-cü il tarixli qərar ləğv edilməli və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 01 may 2024-cü il tarixli qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 346.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1865/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1865/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver