Məhkəmə qərarları › İş №3(006)-1869/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1869/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1869/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı Şəhər BPİ-nin X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17916438 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər BPİ-nin X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17916438 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun idarə etdiyi "Ford Focus" markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili barəsində İXM 346.1-ci maddəsinin tələbini pozması ilə bağlı Bakı Şəhər BPİ-nin X4 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə EQ 17916438 saylı protokol tərtib edilmişdir. YHQ 52 və 64-cü maddələrinə əsasən tərtib edilmiş protokol əsassızdır. Belə ki, YHQ 52-ci maddəsinin İV hissəsinin 10-cu bəndində deyilir: 3.27 “dayanmaq qadağandır” nişanı 1.4 nişanlanma xəttinin təsiri zonalarında qüvvədədir. Əlavə olaraq YHQ 64-cü maddənin Vİİİ hissəsinin 3-cü bəndində deyilir: 3.27 nişanı 1.4 nişanlanma xətti ilə birlikdə tətbiq edilə bilər, bu zaman nişanın qüvvədə olduğu sahə nişanlanma xəttinin uzunluğu ilə müəyyənləşdirilir. Protokolun tərtib edildiyi ərazidə quraşdırılan 3.27 nişanı 1.4 nişanlanma xətti ilə birlikdə tətbiq edilmişdir. Yuxarıda qeyd etdiyi maddələrə əsasən avtomobili saxladığı yer 3.27 nişanının təsiri zonası deyildir. Bütün hunları nəzərə alaraq protokolu qanunsuz hesab edir. Bu barədə aidiyyəti üzrə şikayət ünvanlamasına baxmayaraq, şikayəti təmin edilməmişdir. Lakin edilən dəyişikliklər o avtomobilini dayandırdıqdan sonra həyata keçirildiyi üçün dəyişiklikdən sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilə bilməz. Həmçinin edilən dəyişikliklər yuxarıda qeyd etdiyi maddələrin tələblərini olduğu kimi qüvvədə saxlayır. Bu barədə yazılı və şifahi müraciətləri aidiyyəti qurum tərəfindən diqqətə alınmamış və müraciəti əsassız şəkildə təmin edilməmişdir. Protokoldan şikayətin vaxtında verilməməsinə səbəb aidiyyəti qurum tərəfindən cavab məktubunun gec göndərilməsi olmuşdur. Qeyd edir ki, eyni ərazidə daha əvvəllər də barəsində bir neçə dəfə protokol tərtib olunmuşdur. Protokollardan aidiyyəti üzrə şikayət ünvanlandıqdan sonra başlanmış icraatlara xitam verilmişdir. Bu barədə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)- 2460/2022 saylı qərarı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)- 2417/2022 saylı qərarı, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)- 3026/2023 saylı qərarı, Bakı Şəhər Baş Polis İdarəsi X4 İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin icraata xitam verilməsi barədə məktubları da vardır (qoşmada). Bütün bunlar tərtib olunmuş protokolun əsassız olduğunu bir daha sübut edir. Göstərilənləri nəzərə alaraq əməlində inzibati xəta olmadığından EQ 17916438 saylı qərarın ləğv olunması və yazılan cərimənin silinməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi F.F.Mirzəyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və Bakı Şəhər BPİ-nin X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17916438 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Şəhər BPİ-nin DYPİ-nə lazımi qaydada məlumat verilsə də, Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 17916438 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, F.F.Mirzəyev həmin tarixdə, saat 15:57-də Bakı şəhəri, Mirzağa Əliyev 251 ünvanında “Ford Focus” minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmuş və bununla da, barəsində Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, F.F.Mirzəyevin şikayəti təmin olunmuş, Bakı Şəhər BPİ-nin DYPİnin xx.xx.2023-cü il tarixli, EQ 13928671 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Şəhər BPİ-nin DYPİ tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, F.F.Mirzəyev həmin tarixdə, saat 15:57-də Bakı şəhəri, Mirzağa Əliyev 251 ünvanında “Ford Focus” minik markalı, 90- UT919 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən DYP-nin əməkdaşları tərəfindən onun orada olması və “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmadan barəsində dayanma və ya durma qaydalarını pozması halına yol verməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, EQ 17916438 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, F.F.Mirzəyev barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Bakı şəhəri, Mirzağa Əliyev 251 ünvanında “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin 8-ci hissəsinin 3-cü bəndində göstərilmiş 3.27 nişanı qüvvədə olmamışdır. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, F.F.Mirzəyevin barəsində Bakı Şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 3-cü bəndinə əsasən nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər: 3.27—3.30 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27—3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir. 3.10, 3.27—3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi F.F.Mirzəyevin əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Bakı Şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 17916438 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı Şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 17916438 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar