Məhkəmə qərarları › İş №3(006)-1876/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1876/2020

25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1876/2020 25.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Bakı şəhər BPİ Dövlət X1 Yol Patrul xidmətinin əməkdaşı tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoluna görə Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 19:52 radələrində «X2» markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxlanılmış və bu zaman onun avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx xxxx 2020-ci ildə iştirak etdiyi məclisdə bir neçə bakal spirtli içki qəbul etmiş və həmin gün saat 12 radələrində avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və yoxlanılarkən avtomobili sərxoş vəziyyətdə idarə etdiyini və barəsində protokol tərtib ediləcəyini bildirmişlər. Onun spirtli içki qəbul etməsini iki dəfə yoxladıqdan sonra polis əməkdaşlarına qanuni olaraq barəsində edilməli olan hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Daha sonra polis əməkdaşları ona narahat olmamasını və getməsini bildirmişlər. Sonradan o həmin hadisə ilə əlaqədar maraqlandıqda ona işin məhkəməyə göndərildiyini demişlər. İzahatının sonunda barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün barəsində xx.xx.2020-ci il tarixli protokol tərtib olunmuş və həmin protokolun tərtib olunmasına əsas xx xxxx 2020-ci il tarixli “Alcovisor-ACE Z-series” markalı sərxoşluq vəziyyətini müəyyən edən xüsusi texniki vasitə və onun əsasında qəbul edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək” haqqında xx.xx.2020-ci il tarixli protokol olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Bu Məcəlləinin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəlləsinin 96.5-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Sözügedən Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Lakin iş materiallarından aydın olur ki, yol patrul xidmətinin əməkdaşı tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməmiş, yol patrul xidmətinin əməkdaşı tərəfindən Şəxs barəsində “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək” haqqında xx.xx.2020-ci il tarixli protokol tərtib edilsə də, şəxsin sərxoşluq vəziyyətinin dərəcəsini müəyyən edən “Alcovisor-ACE Z-series” markalı xüsusi texniki vasitənin göstəricisi xx xxxx 2020-ci il tarixə təsadüf etmişdir. Bununla da, inzibati xətanın baş verməsi faktı xx xxxx 2020-ci il tarixdə olsa da, inzibati xəta haqqında protokol xx xxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi, Şəxs barəsində tərtib olunan inzibati xəta haqqında iş üzrə materiallardan onun sərxoşluq vəziyyətində olması faktı xx xxxx 2020-ci il tarixdə müəyyən edilsə də, onun barəsində inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Bakı şəhər BPİ Dövlət X1 Yol-Patrul Xidməti tərəfindən tərtib olunan xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanın törədilməsi hadisəsi baş versə də, inzibati xəta haqqında protokol qanunla müəyyən edilmiş müddətdə tərtib edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar