Məhkəmə qərarları › İş №3(006)-1880/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1880/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1880/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X1, Qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3, Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan **-XF-*** dövlət qeydiyyat nişanlı “Audi A4” markalı avtomoboli idarə edərkən, YPX əməkdaşları tərəfindən saxlanılmışdır və barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol tərtib edilərək, AR İXM-nin 342.1.3-cü maddəsinə əsasən TP ******* saylı inzibati tənbeh vermə barədə qərar qəbul edilərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edir ki, maddədə dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimə nəzərdə tutulmuşdur. İdarə etdiyi avtomobildə göstərilən tələblərin heç biri pozulmamışdır. Hər iki qeydiyyat nişanı yerində olmuş, eyni zamanda mövcud standartlara cavab vermişdir. Polis əməkdaşı inzibati cəriməni yalnız qabaq dövlət qeydiyyat nişanının ortada deyil sağda olmasına görə tərtib etmişdir. AZS ***-**** “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” standartının tələbləri haqqında məlumatında qeyd edilən məsələ ilə bağlı hər hansı qadağa nəzərdə tutulmamışdır. 2.5 Dövlət qeydiyyat nişanları hər bir avtonəqliyyat vasitəsinin qabaq və arxa hissəsində, motosikllər, traktor və qoşquların isə yalnız arxa hissəsində onların orta üfüqi kəsiyinə perpendikulyar olaraq, vertikal vəziyyətdə bərkidilməlidir. Qanunvericiliyin göstərişindən açıq-aydın görünür ki, barəsində tətbiq edilmiş inzibati tənbeh vermə barədə qərar tam olaraq qanunsuzdur. Göstərilənləri nəzərə alaraq Bakı şəhər DYPİ-nin polis baş leytenantı X4 tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, onlar istinad etmir ki, dövlət nömrə nişanı standartlara uyğun deyil, sadəcə dövlət nömrə nişanının yerinin sağ tərəfə çəkilməsini istinad edərək şəxs barəsində protokol tərtib etmişik. Həmin dövlət nömrə nişanı sağ tərəfə quraşdırılanda bəzi radarlar həmin nömrəni görmür və qeydiyyata ala bilmir, bu səbəbdən xəta tərkibi yaradır. Onlar bunu törədilmiş xətalardan yayınmaq məqsədi iə dövlət nömrə nişanının həmin yerə yerləşdirilməsini nəzərə alırlar. Standartla qanun arasında ziddiyyət yoxdur. Yol Hərəkəti haqqında qanunun 27-ci maddəsinin 14-cü bəndində məsələ aydınlaşdırılır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 barəsində Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, işə yenidən baxılması Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin əməkdaşı X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 16:53-də “AUDİ A4" minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati xəta haqqında” Qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 342.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 (qırx) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən X2 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27ci maddəsinin 17-ci hissəsinin 2-ci bəndinin tələbini pozaraq “Audi" markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilinizi qeydiyyat nişanlarından biri yerində olmadan şəhərin Şəmsi Bədəlbəyli küçəsində idarə etdiyinizdən həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barənizdə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə İXP ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasını pozmağınız həmin ərazidə quraşdırılmış “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə qeydə alınmış videogörüntüləre baxış zamanı öz təsdiqini tapmışdır. Törətdiyiniz inzibati xətanın aşkar edilməsində və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi hallan müəyyən edilməmişdir. AZS ***-**** “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” adlı dövlət standartının 2.5-ci bəndində göstərilir ki, dövlət qeydiyyat nişanları hər bir avtonəqliyyat vasitəsinin qabaq və arxa hissəsində, motosikllər, traktor və qoşquların isə yalnız arxa hissəsində onların orta üfüqi kəsiyinə perpendikulyar olaraq, vertikal vəziyyətdə bərkidilməlidir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, səlahiyyətli orqan xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Bununla da səlahiyyətli orqan inzibati xəta haqqında protokola baxaraq qərar qəbul edərkən X1 iştirakını təmin etməmiş və nəticədə onun hüquqlarını pozmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki iş üzrə X2 istinad edilən inzibati xətanın konkret olaraq nədən ibarət olması müəyyən edilmir. xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarda inzibati xətanın mahiyyəti “dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması” kimi göstərilsə də bu hal öz təsdiqini tapmamışdır. Digər tərəfdən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında inzibati xəta haqqında protokolun “mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsi” əsası ilə tərtib edildiyini göstərmişdir. Lakin, bununla belə inzibati icraatı həyata keçirən orqan tərəfindən dövlət qeydiyyat nişanının hansı standartın hansı tələbinə uyğun olmaması əsaslandırılmamışdır. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması Bakı şəhəri X9 İdarəsinə tapşırılmalı, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətdə göstərilən xüsusatlar yenidən ətraflı araşdırılmalı, müvafiq sübutlar əldə olunmaqla iş üzrə obyektiv qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar