Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1881/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx, İmişli rayonu, Əliqulular kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:02-də “Chevrolet Cruze” minik markalı, 77BY791 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs A.Məhərrəmov küçəsində yol həəkəti qayalarını pozaraq nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:02-də A.Məhərrəmov küçəsində “Chevrolet Cruze” minik markalı, 77BY791 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman yol hərəkəti qaydalarını pozduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman isə ona sərxoş vəziyyətdə olması bildirilmişdir. Spirtli içki qəbul etdiyindən həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan 16 may 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhər DYPİ Yol patrul xidmətinin əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 00:02-də yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılmış və məlum olmuşdur ki, Şəxs alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir; İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli, 2/15771 saylı akta əsasən Şəxs sərxoş olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Göründüyü kimi, Şəxs yuxarıda qeyd olunan normalarla üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən narkotik vasitədən istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər materiallarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 333.1-ci maddəsi ilə tövsüf edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, ona görə Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə ziddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində inzibati xətanın əlaməti kimi xətanın sərxoş halda törədilməsi nəzərdə tutulduğundan tənbeh təyin edilərkən bu hal İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1881/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1881/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver