Məhkəmə qərarları › İş №3(006)-1887/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1887/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1887/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, şikayətçi X2 etibarnamə əsasında nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 05 iyul 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 05 iyul 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 14 mart 2021-ci il tarixdə, saat 14:23də mülkiyyətində olan “Kia Picanto” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nəsimi rayonu, A.A.Bakıxanov küçəsi ilə Rusiya səfirliyinin qarşısından hərəkət edib körpünün yanından “Spartak” stadionu qarşısındakı dairəyə tərəf hərəkət edib dairədə hərəkət edən avtomobillərə yol verdikdən sonra maneəsiz dairəyə daxil olmuş və avtomobili ilə bir qədər getdikdən sonra DYP avtomobili onu saxlamışdır. Guya ki, o, dairəyə daxil olarkən hansısa avtomobilə yol verməmiş, bununla da yol hərəkəti qaydasını pozmuşdur. O, polis əməkdaşına bununla razılaşmayaraq soldan gələn, yəni dairədə olan bütün avtomobilləri buraxıb heç kimə maneə yaratmadan dairəyə daxil olduğunu bildirib hansı avtomobilə və necə maneə törətməsi barədə inspektordan sübut (videəgörüntü) təqdim etməsini xahiş etsə də inspektor hər hansı bir qayda pozuntusu etməsi barədə ona sübut təqdim edə bilməmişdir. O, inspektorla razılaşmamış və sonuncudan şikayət vermək üçün inzibati protokolun surətinin verilməsini xahiş etmiş, lakin inspektor qanunun tələblərini pozaraq inzibati protokol əvəzinə “inzibati xəta” ilə bağlı məcburi İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsi ilə 60 manat cərimə edilməsi ilə bağlı birbaşa qanunsuz qərar çıxarıb surətini ona təqdim etmişdir. Qərardan verdiyi şikayətə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılaraq 3(006)-977/2021 saylı, 16.04.2021-ci il tarixli qərarla şikayət qismən təmin edilərək Bakı şəhəri DYH-nin TP ******* saylı qərarı ləğv edilib iş baxılması üçün həmin quruma göndərilmişdir. Məlumata əsasən məhkəmə qərarının surətinin 2021-ci ilin may ayının əvvəllərində Bakı şəhəri DYPİ-nə daxil olmasına baxmayaraq, işin yenidən araşdırılması ilə bağlı məlumat verilmədiyindən tərəfindən iyun ayının əvvəlində araşdırmanın nəticəsi barədə məlumat verilməsi barədə Bakı şəhəri DYPİ-nə şikayət göndərilmişdir. Bundan sonra da məlumat verilmədiyindən iyun ayının sonunda Bakı şəhəri DYPİ-nə gedib məsələ ilə bağlı maraqlandıqda araşdırma ilə bağlı sürücülük vəsiqəsində olan, lakin 4 ilə yaxındır oradan qeydiyyatdan çıxdığı ünvana məktub göndərilmiş və iştirak etmədiyinə görə 25 may 2021-ci il tarixdə yenidən cərimə qərarının qəbul edildiyi bildirilmişdir. Şikayət vermək üçün qərarın surətinin rəsmi təqdim edilməsi üçün dəfələrlə Bakı şəhəri DYPİ-nin İXHİÜİŞ-nin inspektoru X1 müraciətlərdən sonra nəhayətki “ekspress” kuryer vasitəsi ilə 10.07.2021-ci il tarixdə Bakı şəhəri DYPİdən göndərilmiş zərf ona təqdim edilmişdir. Zərfi açdıqda bu işlə bağlı kompüterdə yığılaraq K.Nağıyev tərəfindən imzalanmış ******* saylı qərarla tanış olarkən qərarın sonunda onun idarənin vəzifəli şəxsi kimi yazılan K.Nağıyev tərəfindən imza edilməsinin sübutu kimi möhürü olmamış və nədənsə 25.05.2021-ci il tarixdə deyib 05.07.2021-ci il tarixdə tərtib edildiyi məlum olmuşdur. Hesab edir ki, kuryer vasitəsi ilə ona təqdim edilmiş qərardakı imza təşkilatın hər hansı bir möhürü ilə təsdiq edilmədiyindən onun idarənin vəzifəli şəxsi tərəfindən tərtib edilməsi ilə başlı onda şübhələr yaradır, buna görə də həmin qərar qanuni sayıla bilməz. Həmçinin, nəyə görə Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsi tərəfindən qərarın tarixinin saxtalaşdırılması da məhkəmə tərəfindən araşdırılmalıdır. Məlum olmuşdur ki, Bakı şəhəri DYPİ tərəfindən hər hansı bir sübut olmadan barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsi ilə bağlı yenidən saxta və qanunsuz qərar çıxarılmışdır. Ona görə də həmin qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri DYPİ-nin 05.07.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.H.Maqsudovanın etibarnamə əsasında nümayəndəsi N.V.Maqsudov ərizəsinin məzmununa uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Bakı şəhəri BPİnin DYPİ-nə lazımi qaydada məlumat verilsə də (27 iyul 2021-ci il tarixli reyestr ilə), Bakı şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri BPİ-nin DYPİ-nin 05 iyul 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs A.H.Maqsudova Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 60 (altmış) manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Bakı şəhəri DYPİ-nin yol patrul xidməti inspektoru tərəfindən qəbul edilmiş 14.03.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. İş materiallarında olan 000849 saylı ekspress kuryer servisin qəbzin surətindən görünür ki, Bakı şəhəri DYPİ-nin yol patrul xidmətinin ******* saylı qərarını şikayətçi 10.07.2021-ci il tarixdə almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, şikayətçi A.H.Maqsudova 14 mart 2021-ci il tarixdə, saat 14:23-də mülkiyyətində olan “Kia Picanto” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nəsimi rayonu, A.A.Bakıxanov küçəsi ilə Rusiya səfirliyinin qarşısından körpünün yanından “Spartak” stadionu qarşısındakı dairəyə tərəf hərəkət edərkən dairədə hərəkət edən avtomobillərə yol verdikdən sonra maneəsiz dairəyə daxil olmuş və avtomobili ilə bir qədər getdikdən sonra DYP avtomobili onu saxlamışdır. Bundan sonra YPX əməkdaşı onu saxlayaraq dairədə hərəkət edən avtomobillərə yol vermədiyinə görə saxlamış və onun barəsində 14.03.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Daha sonra A.H.Maqsudova həmin qərardan şikayət vermiş, Nəsimi Rayon Məhkəməsi tərəfindən həmin şikayət qismən təmin edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Sonradan yenidən Bakı Şəhər BPİ-nin DYPİ-nin tərəfindən araşdırılma aparılmış və A.H.Maqsudova 05 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 60 (altmış) manat miqdarında cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri BPİ DYPİ-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, məhkəmə iclasında iştirak edən şikayətçinin etibarnamə əsasında nümayəndəsi N.V.Maqsudov A.H.Maqsudovanın özünəməxsus 14 mart 2021-ci il tarixdə, saat 14:23-də mülkiyyətində olan “Kia Picanto” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nəsimi rayonu, A.A.Bakıxanov küçəsi ilə Rusiya səfirliyinin qarşısından körpünün yanından “Spartak” stadionu qarşısındakı dairəyə tərəf hərəkət edərkən dairədə hərəkət edən avtomobillərə yol versə də YPX əməkdaşı bunu nəzərə almamış, şikayətçiyə pozuntu ilə bağlı heç bir video görüntü təqdim etməmiş, həmçinin şikayətçi barəsində inzibati protokolu tərtib etmədən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində göstərilən hüquqlarını və vəzifələrini izah etmədən dərhal barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Lakin buna baxmayaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsi isə məhkəmə iclarlarında iştirak etməmiş və həmin orqana məhkəmə tərəfindən bildirişlər göndərilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Bakı şəhəri BPİ-nin DYPİ-nin qəbul etdiyi 05 iyul 2021-ci il tarixli qərarda A.H.Maqsudovaya istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs A.H.Maqsudova isə ərizəsində ona istinad edilən inzibati xəta hadisəsini törətmədiyini bilmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda A.H.Maqsudovaya istinad edilən inzibati xəta hadisəsinin həqiqətən də törədilib-törədilməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə A.H.Maqsudovaya istinad edilən inzibati xəta hadisəsini törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, A.H.Maqsudovanın təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Qeyd edilən səbəbdən də, məhkəmə hesab edir ki, hazırki iş üzrə yolayrıcını keçmə qaydalarının pozmasına görə A.H.Maqsudovaya istinad edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud deyildir, ona görə də, onun şikayəti təmin edilməli, Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 05 iyul 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və A.H.Maqsudovanın barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respulbikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi A.H.Maqsudovaya istinad edilən inzibati xəta hadisəsi mövcud olmadığından onun şikayəti təmin edilməli, Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 05 iyul 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və A.H.Maqsudovanın barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 05 iyul 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar