Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1887/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X1 iştirakı ilə, qərarından şikayət verilmiş orqan Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 21 fevral 2023-cü il tarixli, EQ 13225297 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: N.M.Qasımov şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 21 fevral 2023-cü il tarixli, EQ 13225297 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri DYPİ-nin tərəfindən qəbul edilmiş qərara əsasən guya o, xx.xx.2023 tarixində Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində idarə etdiyi “Merscedes Benz” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin tələbinə riayət etməyərək 5.12 “avtobusun dayanacaq yeri” yol nişanına 15 metrdən az yaxınlığında saxlamışdır. Buna görədə həmin ərazidə xidmət aparan YPX inspektoru tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin tarixində ASANPAY vasitəsi ilə şikayət etsə də, xx.xx.2023-cü il tarixdə email vasitəsi ilə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda elektron qərarın düzgün olduğu bildirilmiş və ona narazılığıla əlaqədar məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. O, həmin elektron qərar üzrə özünü təqsirli bilmir. Belə ki, avtomobili saxladığı zaman orada avtobus dayanacağı və 1.4 ; 1.17 ; 1.23 xətlərindən heç biri olmamışdır. Orada tratuar yoldan 40- 50 sm hündürlükdə olduğu üçün avtobus dayanacağının olması standartlara uyğun deyil və bu YPX inspektorunun çəkdiyi şəkildə də bu aydın görünür. 5.12 “avtobusun dayanacaq yeri” yol nişanı isə ağaclara yaxın olduğu və hərəkətin intensivliyi çox olduğu üçün görünməmişdir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri DYPİ-nin 21 fevral 2023-cü il tarixli, EQ 13225297 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi N.M.Qasımov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi E.M.Qanbayev şikayətlə razılaşmayaraq bildirmişdir ki, N.M.Qasımov fotoşəkillərdən də aydın olduğu kimi avtomobili avtobus dayanacağının yaxınlığında saxlamış və bununla da, dayanma-durma qaydalarını pozmuşdur. Yol hərəkəti haqqında qanuna əsasən 15 metr məsafədə saxlamalı idi. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və Bakı şəhəri BPİ DYPİ-nin 21 fevral 2023-cü il tarixli, EQ 13225297 saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 21 fevral 2023-cü il tarixli, EQ 13225297 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, N.M.Qasımov həmin tarixdə, saat 10:26-da Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində “Mercedes BENZ E280” minik markalı, **-AH-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir İş materiallarında olan foto-şəkillərdən görünür ki, N.M.Qasımov 21 fevral 2023-cü il tarixdə saat 10:26-da Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində idarə etdiyi “Mercedes BENZ E280” minik markalı, **-AH-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 5.12 “avtobusun dayanacaq yeri” yol nişanlarından 15 metrdən az məsafədə dayanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, N.M.Qasımov 21 fevral 2023cü il tarixdə saat 10:26-da Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində özünə məxsus “Mercedes BENZ E280” minik markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayanma və durma qaydalarını pozmuş, buna görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 52-ci maddəsinin İV hissəsinə əsasən nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə; dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanmaq qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; Həmin Məcəllənin 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə məhkəmə hesab edir ki, N.M.Qasımov Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 21 fevral 2023-cü il tarixli, EQ 13225297 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə idarə etdiyi “Mercedes BENZ E280” minik markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi üzrə 40 manat məbləğində cərimə edilmişdir. N.M.Qasımov həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu və iş üzrə icraatın İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun aparılmadığını iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin məhkəməyə təqdim edilmiş fotogörüntüdən də aydın olur ki, N.M.Qasımov 21 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində idarə etdiyi “Mercedes BENZ E280” minik markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında qanunvericiliyin tələbinə əsasən dayanmanın qadağan edildiyi yerdə, yəni 5.12 “avtobusun dayanacaq yeri” yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanmışdır. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda N.M.Qasımov iş üzrə inzibati icraatın aparılması qaydasının qanuniliyini mübahisələndirsə də, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla onun tərəfindən xətanın törədilməsi faktı aşkar edilmiş və barəsində olan inzibati tənbeh vermə haqqında qərar müvafiq qaydada aidiyyəti informasiya sistemində yerləşdirilmişdir. Bununla da görünür ki, N.M.Qasımov Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 21 fevral 2023-cü il tarixli, EQ 13225297 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan N.M.Qasımovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin 21 fevral 2023-cü il tarixli, EQ 13225297 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1887/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1887/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver