Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1889/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini və qanunazidd hərəkətləri etmiş polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 01:00-da Nizami k/t tərəfdən Xəqani heykəlinə tərəf avtomobildə hərəkətdə olarkən YPX inspektoru olmayan polis nəfəri tərəfindən əl işarəsi ilə avtomobili saxlamaq əmrini yerinə yetirmişdir. Bu vaxt özünü təqdim etməyən polis baş leytenantı ona avtomobildən düşməyini əmr etmişdir. O, səbəbini soruşduqda icazəsinin olub olmamasını öyrənmək üçün bunu etdiyini bildirmişdir. O, xidməti vəsiqəsini və portaldan çıxarışı təqdim etsə də polis nəfəri bunun yetərsiz olduğunu bildirmiş və ona protokol tərtib edəcəyini qeyd etmişdir. Təqribən 1 saatdan çox onu ayaq üstə protokol dalınca göndərilmiş əməkdaşın gəlməsini gözləməyə məcbur etdikdən sonra barəsində protokol tərtib edilməyə başlamışdır. Polis nəfərinə Nazirlər kabinetinin 19.06.20-ci il tarixli 208 saylı qərarının 1.3 cü bəndində qeyd edilmiş şəxslərin onlar barəsində İcazə portalında müvafıq qeydiyyat apanlmaqla hərəkətlərinə icazə verilməsini və sms vasitəsilə icazə alınmasının heç bir normativ aktda və ya əlavədə əksini tapmadığını bildirmişdir. Həmçinin həmin vaxt hansı əmr və ya sərəncam əsasında reyd keçirilməsi, müvafiq olaraq polis sahə inspektoru polis baş leytenanatının işdən sonrakı fəaliyyətini təsdiq edən məlumatları soruşsa da, bunun ona aidiyyatı olmadığı bildirilmişdir. Barəsində MN ******* saylı xx.xx.2020-ci il tarixli protokol tərtib edilmiş, həmin protokol tərtib edilərkən polis əməkdaşı nə özünü təqdim etməmiş, həmçinin rəftar zamanı kobudluğa yol vermişdir Əlavə olaraq hüquq və vəzifələrinin izahını tələb etdiyi zaman ondan şikayət edə biləcəyini vurğulamaqla kifayətlənmişdir. Bu barədə protokolda həmin qrafa da imzalanmamışdır. Sadaladığı hallar onun konstitusion hüquqlarının, polis nəfərinin “Polis haqqında qanun”un, etiq davranış kodeksinin, İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla tərtib edilmişdir ki, bu da sair maraq müqabilində vəzifədən sui-istifadə halı olmaqla cinayət əməlinə işarə edən haldır. Qeyd edilmiş faktlarla əlaqədar protokol tərtib etmiş və həmin protokol üzrə qərar qəbul etmiş şəxs barədə itizam icraatına başlanması üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq, Nəsimi RPİnin 22-ci Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini və qanunazidd hərəkətləri etmiş polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə lazımi qaydada məlumat verilsə də, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı xəta haqqında protokol əsasında qəbul edilmiş qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1889/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1889/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver