Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1890/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4, tələbkar X1 nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X6 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2011-ci il tarixli, 2(006)-2233/2011 nömrəli icra vərəqəsi ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 20 may 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2011-ci il tarixli, 2(006)-2233/2011 nömrəli icra vərəqəsi üzrə 10600 manat vəsait borclu Şəxs tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X6 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək göstərdi ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)-2233/2011 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 10600 manat məbləğində pul alınaraq iddiaçı X3 verilməlidir. İcra vərəqi Nəsimi Rayon İcra şöbəsinə xx.xx.2011-ci il tarixdə daxil olmuş, icra işi icra məmuru Kənan Əzizova həvalə olunmuş və Kənan Əzizov həmin tarixlə icra işi üzrə icraaata başlama haqqında qərar qəbul etmiş, həmin tarixlə bildiriş və icraata başlama qərarı borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmin ünvanda borclu Şəxs müəyyən olunmadığından barəsində xx.xx.2011-ci il tarixdə axtarış qərarı qəbul olunmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il arixli qərarı ilə Şəxs ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulmuşdur. xx.xx.2013-cü il tarixdə borclu Şəxs icra şöbəsində iştirakı təmin olunmuş və ondan izahat alınarkən aybaay borcunu ödəyəcəyinə söz vermişdir. Lakin, hər hansı bir ödəniş olmamışdır. xx.xx.2024-cü il tarixdə yenidən borclu Şəxs barəsində axtarış qərarı verilmiş və o, bu gün icra şöbəsinə təqdim olunmuşdur. Maddi imkanının olmaması ilə bağlı borcu ödəyə bilməyəcəyini bildirmiş, borclu tərəfindən bugün 2000 manat ödəniş olundu, tələbkarın nümayəndəsi də həmin ödənişi qəbul etdi, hal-hazırki mərhələdə aybaay ödəniş edəcəyinə də söz verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, tələbkarla onun arasında qızıl zinyət əşyalarının alış-verişi olmuş, həmin vaxtdan qalan borcdur. Həmin ərəfədə atası dializ xəstəsi olduğundan əlində olan bütün pulları onun müalicəsinə xərcləmişdir. Bu səbəbdən borcu yaranıbdır. İcra işindən məlumatı olubdur, sadəcə ödəniş etməyə maddi imkanı olmayıbdır. Həmin dövrdə hissə hissə ödəniş etmək istəmiş, lakin tələbkar bununla razılaşmayıbdır. Birdəfəlik də ödəniş etmək imkanı olmayıbdır. Özünün sağlamlığı ilə bağlı başqa iş görə bilmir, özü oboy vurmaqla məşğuldur, borcu ödəyəcəyinə söz verir. Bu günə kimi ödəniş etməməyinə peşmandır, onun ağır ailə şəraiti var, evdə ondan başqa heç kim işləmir, ailəyə o baxır, həmçinin aybaay ödəniş etmək istəyir. Əgər barəsində hər hansı bir cəza təyin olunarsa bu gələcək ödənişlərinə təsir göstərə bilər. Bugünə 2000 manat ödəniş etmiş və ödəniş tələbkarın nümayəndəsi tərəfindən qəbul edilmişdir, hər ay da hissə-hissə ödənişlərini etmək istəyir. Nəticədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd edilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X1 nümayəndəsi X5 çıxış edərək bildirdi ki, o, ödənişi qəbul etmişdir və qalan hissənin də tez bir zamanda ödənilməsini istəyir. İşin hazırki mərhələsində tənbeh məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2011-ci il tarixli, 2(006)-2233/2011 nömrəli icra vərəqəsindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh Şəxs 10600 (on min altı yüz) manat pulun alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2011-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2011-ci il tarixli, 2(006)-2233/2011 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “Borclunun axtarılması haqqında” xx.xx.2011-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.”. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Bundan başqa, məhkəmə, həmçinin nəzərə alır ki, borclu tərəfindən icra sənədi qismən icra olunmuşdur. Belə ki, hazırda borclu Şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2011-ci il tarixli, 2(006)-2233/2011 nömrəli icra sənədi üzrə 2.000 (iki min) manat ödəniş edilmişdir. Bu isə onu göstərir ki, borclu Şəxs borcun icrasından qərəzli yayınmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarına əsasən “İcra haqqında” Qanunda, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Beləliklə, məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin səlahiyyətli orqan tərəfindən sistematik olaraq göstərilmiş pozuntulara malik olan anoloji xarakterli inzibati xəta haqqında protokolların tərtib edilməsini nəzərə alaraq Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən hüquqi mövqeyinin məntiqi davamı kimi aşağıdakıları protokol tərtib etmiş orqanın diqqətinə çatdırmağı zəruri hesab edir: - Müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarı); - Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir («Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2011-ci il tarixli, 2(006)-2233/2011 nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1890/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1890/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver