Məhkəmə qərarları › İş №3(006)-1891/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1891/2021

16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1891/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 15 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin 15 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 12 Yanvar 2021-ci il tarixdən 17 Yanvar 2021ci il tarixinədək işiylə əlaqədar olaraq xüsusi karantin şəraitində “Holiday İnn” Hotelində qalmasina baxmayaraq 15 Yanvar 2021-ci il tarixində barəsində MN ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun karantin rejimi qaydalari tələblərin pozulması qeyd olunaraq İXM-nin 211.2-ci maddəsi ilə məsuliyyət qeyd edilmişdir. O, 21 yanvar 2021-ci il tarixdə qeyd olunan protokol üzrə əssasız tərtib olunduğu üçün AR DİN-in BPİ-yə şikayət bildirmiş şikayəti əsasında Nəsimi RPİ-nin X1 baxıldıqda onun tərəfindən qanunsuzluğa yol verilməsi halları müəyyən edilməmişdir. Bildirir ki, 21.01.2021-ci tarixində ünvanlandığı müraciətinə 02.02.2021-ci il tarixli cavab 17.03.2021-ci il tarixli poçt möhürü ilə aprel ayının əvvəlində almışdır. Bu da onu göstərir ki, Nəsimi RPİ tərəfindən şikayət nəzərsiz, 2015-ci il 30 sentyabr tarixli 1308-İVQ nömrəli qanununun 10-cu məddəsinin müraciətlərə müəyyən edilmiş müddətdə mahiyyəti üzrə baxılması və onların cavablandırılması tələblərini pozaraq cavablandırmışdır. Onun təqsiri Nəsimi RPİ tərəfindən sübut olunmamışdır. Göstərilənləri nəzərə alaraq Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin 15 yanvar 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Y.Y.Bektimirov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, aprel ayında cərimə olunması ilə bağlı ona sms bildiriş gəlmişdir. Yanvar ayının 12-dən dənizdə işlədiyinə görə onu və iş yoldaşları qaldıqları “Holiday İnn” otelində karantində olmuşdur. Onun həmin vaxtda fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərini pozması mümkün deyil. Bununla bağlı sənədləri məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etmişdir. Bundan başqa, məhkəmə iclasında bilmişdir ki, 15 yanvar 2021-ci il tarixdə, Nəsimi RPİ tərəfindən barəsində MN ******* saylı protokol tərtib olunmuş, həmin protokolu əsassız hesab etdiyi üçün şikayət ərizəsi ilə Bakı Şəhər BPİ-yə müraciət etmiş, 21 yanvar 2021-ci il tarixdə ünvanladığı müraciətinə əsasən 02 fevral 2021-ci il tarixdə cavab verilmiş, həmin cavab məktubu 17 mart 2021-ci il tarixli poçt möhürü ilə aprel ayının əvvəllərində almışdır. O dənizdə işləməsi ilə əlaqədar olaraq və hazırki pandemiya şəraitində əlavə karantin müddətində qalmasından 27 gün işdə 15 gün isə evdə olmuşdur. Həmçinin 21 may 2021ci il tarixdən 05 iyun 2021-ci il tarixədək cərrah əməliyyatı keçirdiyindən bülletendə (işdən azad olma vərəqəsi ilə) olmuşdur. Göstərilənləri nəzərə alaraq buraxılmış müddətin üzürlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-yə lazımi qaydada məlumat verilsə də (29 iyul və 09 avqust 2021-ci tarixli reyestrlərin 08 və 17 sıra nömrələri ilə), Nəsimi RPİ-nin 22-ci PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin 22-ci PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 15 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Y.Y.Bektimirov həmin tarixdə, saat 15:47-də Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində göstərilən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərini pozmuş və buna görə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında şikayətçi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Y.Y.Bektimirov 12 yanvar 2021-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək “Holiday İnn” otelində olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Y.Y.Bektimirovun barəsində Nəsimi RPİ-nin 22-ci PB-nin əməkdaşı tərəfindən 15 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 15 yanvar 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Y.Y.Bektimirov barəsində 15 yanvar 2021-ci il tarixli protokol tərtib edilərkən o, “Holiday İnn” otelində karantində olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Y.Y.Bektimirovun barəsində protokol tərtib edildikdən sonra sonuncuya polis əməkdaşı tərəfindən protokolun surəti təqdim edilməmiş, ona hüquq və vəzifələri izah olunmamış, onun “Holiday İnn” otelində karantində olması nəzərə alınmamış, onun barəsində əsassız olaraq 15 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Y.Y.Bektimirovun əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 15 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 15 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar