Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1894/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1988-ci ildə İmişli rayonu, İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, İmişli şəhəri, M.Əsədov küçəsi, ev 15, mənzil 21-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Chevrolet Cruze” markalı, **- RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin V hissəsinin tələblərini pozmaqla eyni istiqamətdə ondan sağdakı Zərərçəkmiş şəxs idarə etdiyi mopedə yol verməyib onunla toqquşması nəticəsində sonuncunun yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı Mirdamət Qədirlinin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində o, idarə etdiyi “Chevrolet Cruze” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3-cü mikrorayon dairəsindən Papaninkörpüsü istiqamətində öz zolağında hərəkət edərkən üçüncü köməkçi yoldan Zərərçəkmiş şəxs idarə etdiyi mopedlə onun yoluna daxil olub avtomobilinin sağ arxa hissəsinə dəymişdir. Zərbənin təsirindən mopedin sürücüsü Zərərçəkmiş şəxs yerə yıxılmış, o da avtomobilindən düşüb ona yaxınlaşaraq halı ilə maraqlanmış, sonuncu da heç bir xəsarət almadığını bildirmişdir. Baş vermiş hadisədə onun heç bir təqsiri yoxdur, mopedin sürücüsü Xalid onun avtomobilinə özü dəymişdir. Bu barədə dəfələrlə təhqiqatçıya desə də, onun izahatına məhəl qoyulmamış, hadisənin guya onun təqsiri nəticəsində əmələ gəlməsi göstərilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, metronun “8 Noyabr” stansiyasından üzü 3-cü mkr-n dairəsinə gedən yolda baş vermişdir. Moped “Chevrolet Cruze” markalı, **-RY- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsinə dəymişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Nəsimi rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 701 saylı rəyinə əsasən 1979cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ ayağın əzilmiş-cırılmış yaraları, sol əl, sol mil-bilək oynağı və sağ aşıq-baldır oynağı nahiyələrinin həmin oynaqlarda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlikləri, sol bazu oynağı nahiyəsinin, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, hər iki saidin, sol mil-bilək oynağı nahiyəsinin sıyrıqları, sol diz oynağı nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümimilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində icraat aparılan şəxs təhqiqat orqanına izahatında heç bir təqsiri olmadığını bildirsə də, buna əhəmiyyət verilməyərək hadisənin baş vermə şəraiti ətraflı tədqiq olunmamış, Zərərçəkmiş şəxs aldığı xəsarətə dair ekspert rəyi və izahatlarla kifayətlənilməklə Şəxs hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasının aşkar edilməsi üçün ekspertiza keçirilməmiş, iş üzrə araşdırma səthi aparılmışdır. Belə olan halda Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanın törətməsi halı təkzibedilməz dəlillərə söykənən faktlarla öz təsdiqini tapa bilmir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə Şəxs təqsirliyi sübuta yetirilmədiyindən, onun barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1894/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1894/2022
03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver