Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-190/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 19.11.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 06.12.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 19.11.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 06.12.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 19.11.2021 tarixində, “28 Mall” ticarət mərkəzinin ərazisində hərəkət edərkən, Polis Baş leytenantı Şamxal Mehdiyev ona yaxınlaşaraq, şəxsiyyətini müəyyən etmək üçün məlumatlarını alıb protokol yazmağa başlamışdır. O nə üçün protokol yazdığını soruşduqda, “Mən sizi maskasız görmüşəm, siz maskanı indi taxdınız” demişdir. Halbuki, o, maskadan tamamilə mövcud tələblərə uyğun şəkildə istifadə etmiş və heç bir qanun pozuntusuna yol verməmişdir. Qeyd olunan protokol əsasında Nəsimi Rayon Polis İdarəsi tərəfindən 06.12.2021-ci il tarixli, ******* saylı qərar qəbul edilmiş, barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərarın əsasında duran protokol etibarsızdır. Belə ki, protokolda İXM-in 100.1.4-cü maddəsinə əsasən, inzibati xətanın mahiyyəti göstərilməlidir. Mövcud protokolda bu barədə heç bir qeyd yoxdur. İXM-in 100.2ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Hazırki protokolda belə bir qeyd yoxdur və ona heç bir hüququ izah edilməmişdir. İXM-in 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Hazırki protokolda isə bununla bağlı hər hansı qeyd yoxdur. Yəni protokolda nə imzası, nə də hər hansı əlavə qeydi var, üstəlik, imzalamaqdan imtina etməsi barədə hər hansı məlumat da yoxdur. Elə bunun özü protokolu tərtib edən əməkdaşın işinə nə qədər məsuliyyətli və diqqətli yanaşdığının birbaşa göstəricisidir. Qərar prosessual baxımdan mövcud qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, qərarda İXM-nin 115.1.4-cü maddəisinə əsasən, işə baxılarkən müəyyən edilmiş hallar; İXM-nin 115.1.8-cü qərardan şikayət verilməsi müddəti və qaydası göstərilməlidir. Hazırki qərarda isə qeyd olunan tələblərə riayət edilməmişdir. Protokol və qərardan da aydın olduğu kimi, tərəfindən inzibati xəta törədilmiş olmasına dair hər hansı sübut mövcud deyil. İXM-in 8-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Yəni onun təqsirli olduğunu sübut etmək inzibati tənbeh tətbiq edən orqanın borcudur və həmin orqan təqsiri heç bir şəkildə sübut edə bilməmişdir. Həmin maddənin 3-cü bəndinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 75.0.3-cü maddəsinə əsasən, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübut edilməli olan hallar sırasına daxil edilib. İXM-in 135.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlardan aydın görünür ki, ona İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tətbiq edilməsi ilə əlaqədar hər hansı qanuni əsas mövcud olmamış, tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Buna görə də, inzibati tənbeh tədbiri haqqında qərar tamamilə qanunsuz və əsassız olmuşdur. Əlavə olaraq, məhkəmənin nəzərinə çatdırır ki, Qərar ona 27.12.2021-ci il tarixində çatdırılmış, həmin gündən etibarən 10 gün ötürülmədən hazırki şikayət göndərilmiş, yəni şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət ötürülməmişdir. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 19.11.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 06.12.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22ci Polis Şöbəsinə və şikayətçiyə lazımi qaydada məlumat verilsə də, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin nümayəndəsi və şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 19.11.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol və 06.12.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 19.11.2021-ci il tarixdə, saat 18:50-də Bakı şəhəri, Nəsimi rayonu ərazisində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Göründüyü kimi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, barəsində icraat aparılan şəxslə bağlı zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi tərəfindən qəbul edilmiş 19.11.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 06.12.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 19.11.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 06.12.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-190/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-190/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver