Məhkəmə qərarları › İş №3(006)-1908/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1908/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1908/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, X1 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 14 aprel 2024-cü il tarixli qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 14 aprel 2024-cü il tarixli qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə ona məxsus **-VJ-*** nişanlı avtomobilini Bakı şəhəri F.Əmirov küçəsində AYNA tərəfindən təşkil edilmiş 90235 nömrəli parking məntəqəsində park etmişdir. Parking edərkən məntəqənin əlillər üçün təşkil olunduğunu göstərən yerdə çəkilmiş müvafiq işarə olmadığını müşahidə etmişdir. Həmin tarixdə AYNA tərəfindən AYN ******* saylı elektron qərar tərtib olunmuş, İXM-nin 346-1.3 maddəsi ilə 10 AZN məbləğində cərimələnmişdir. Qeyd etmək istərdi ki, inzibati xəta haqqında cərimə tətbiq olunarkən Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə tətbiq olunmalıdır. Mövcud qanunvericiliyə görə İXM-nin 346-1.3 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqmda işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Əlavə olaraq, İXM-nin 346-1.3 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar tənbeh vermə haqqmda elektron qərar parklanma yerlərində quraşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında İXM-nin 124.6 maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Buna baxmayaraq mövcud praktikada parking-lə bağlı inzibati xətalar haqqında elektron qərarlar AYNA-nın tabeliyində fəaliyyət göstərən Azparking MMC-nin əməkdaşları tərəfindən planşet vasitəsilə avtomobillərin şəkilləri çəkilərək AYNA-ya ötürülür və AYNA tərəfindən elektron qərar tərtib edilərək mərkəzi informasiya sistemində yerləşdirilir. Əlavə olaraq qeyd edim ki, parklanma yerlərində heç bir foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrə rast gəlinməmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 14 aprel 2024-cü il tarixli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X2 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan “AsanPay” ödəniş sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X2 barəsində AYN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan 01 ədəd fotoşəkildən görünür ki, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənarında parklanmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X1 ona istinad olunan əməli törətməsinə dair iş materiallarında kifayət qədər sübut mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması və fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar ola bilər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə əsasən 124.6. Bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında “Asan Pay” ödəniş portalından əldə edilmiş çıxarış və ona əlavə edilmiş fotoşəkildən başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 346-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hər hansı mötəbər sübut mövcud deyil. Həmçinin, səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən X2 tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Belə ki, iş üzrə X2 tərəfindən inzibati xətanın törədilməsinə dəlalət edə biləcək hər hansı sübut və əsas göstərilmədən X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İş üzrə tədqiq edilmiş hallar məhkəmədə X1 inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Bundan başqa, iş materiallarında olan fotoşəkillə müəyyən olunur ki, şikayətçi X2, **- VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun sağ tərəfində saxlamışdır. Hazırki halda fotoşəkillə və digər sənədlərlə həmin ərazinin əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yeri olması təsdiq edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 14 aprel 2024-cü il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən X2 Azərbaycan Respublikası İXM-in 346-1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Buna görə də X1 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 14 aprel 2024-cü il tarixli, AYN ******* nömrəli qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 14 aprel 2024-cü il tarixli, AYN ******* nömrəli qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 346-1.3-cü maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar