Məhkəmə qərarları › İş №3(006)-1911/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1911/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1911/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin nümayəndəsi iş üzrə icraat aparılan şəxs: X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 72; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC ölkəyə idxal etdiyi toyuq budunu qida təhlükəsizliyi sertifikatı olmadan xx.xx.2021-ci il tarixdə satışını həyata keçirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, onun rəhbərlik etdiyi Şəxs MMC Rusiya Federasiyasından toyuq budunun ölkəyə idxalı ilə məşğuldur. Ötən ilin sentyabr ayında Rusiyadan idxal edilmiş, ümumi çəkisi 14.291 kq olan toyuq budu məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün aidiyyəti üzrə müraciət edilmiş, xx.xx.2021-ci il tarixdə nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı Regional Sınaq Laboratoriyasına təqdim edilmiş, qalan məhsul isə saxlanılması üçün şirkətə verilmişdir. Bu mal Rusiyadan gətirilən zaman oradan sertifikat alındığı üçün malın istehsala yayarlı olduğuna əmin olub MMC laborator müəyinələrin nəticələrini gözləmədən həmin malı xx.xx.2021-ci il tarixdə satmışdır. Lakin, xx.xx.2021-ci il tarixdə əldə edilmiş nəticəyə görə guya təqdim edilmiş nümunədə “salmonella” bakteriyasının aşkar olunduğu üçün bu məhsul partiyasının sertifikatlaşdırılmasından imtina edilmişdir. O, bu nəticə ilə razı deyil. Çünki, satılan maldan indiyə kimi onlara heç bir şikayət daxil olmamış, heç kimin səhhətində problem yaranmamışdır. Təkrar laborator müayinənin keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • “İdxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi haqqında” xx.xx.2021-ci il tarixli ərizədən aydın olur ki, Şəxs MMC Rusiya Federasiyasından idxal etdiyi dondurulmuş toyuq budu ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişdir; • 23.09.2021-ci il tarixli, ********* saylı “Məhsul nümunələrinin götürülməsi Aktı”na əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları tərəfindən Şəxs MMC-nin idxal etdiyi toyuq budu məhsulundan nümunələr götürülmüşdür; • Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/10-434 saylı məktubda qeyd olunur ki, ölkə ərazisinə Şəxs MMC tərəfindən idxal olunmuş 14.291 kq dondurulmuş toyuq budundan Agentliyin nümayəndələri tərəfindən ekspertiza üçün nümunələr götürülmüşdür. Bu zaman yük sahibi və onun nümayəndəsi ekspertiza keçirilənə qədər məhsul partiyasının toxunulmazlığı barədə xəbərdarlıq olunaraq iltizam alınmışdır. Aparılmış ekspertiza nəticəsinə görə Şəxs MMC tərəfindən Rusiya Federasiyasından idxal edilmiş dondurulmuş toyuq budu məhsullarının nümunələrində “salmonella” aşkar edilmişdir. “Tədqiq (sınaq) nəticələrinə dair protokol”a əsasən yoxlanılan məhsulun təhlükəsizlik göstəriciləri normalara uyğun olmadığı üçün qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmiş və məhsulların məhv edilməsi və ya geri qaytarılması barədə qərar qəbul edilmişdir. Lakin ekspertiza nəticələri üzrə Agentliyin əməkdaşları tərəfindən yük saxlanıldığı anbara təkrar baxış keçirilərkən, yük partiyasının satıldığı müəyyən edilmişdir; • Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru N.Nəcəfli tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla əməldə cinayət tərkibi olmadığından iş üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 2.1-ci bəndinə görə ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Həmin Qaydaların 2.21-ci bəndinə əsasən yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda sertifikatın verilməsindən imtina edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar