Məhkəmə qərarları › İş №3(006)-1914/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1914/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1914/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı – X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan - Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən binada 17-ci mərtəbədə yaşayır. xx.xx.2024-cü il tarixdə evə gəlmiş, Domofondan istifadə edib evinə qalxmaq istəyərkən domofon işləməmişdir. Buna görə əsəbləşmiş, özündə olmamışdır. Nəticədə bu xətanı törətmişdir. Binaya vurduğu ziyanı aradan qaldıracağını, qarşı tərəflə də razılaşmış, onların da şikayəti olmadığını bildirmişdir. O, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı – X1 Əlişah Abdulla oğlunun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, 28 ünvanında yerləşən direktoru olduğu MMC-yə məxsus binanın sakini Şəxs içkili vəziyyətdə bloka yaxınlaşmış. Domofona borcu olduğundan həmin domofondan istifadə edə bilməmiş və nəticədə həmin domofonu və binanın giriş qapısını vurub qırmışdır. Yaranmış səs küyə o həmin yerə yaxınlaşmış, aralarında mübahisə düşmüşdür. Hazırda Şəxs binaya vurduğu zərəri aradan qaldırmasına söz vermiş, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən binanın giriş blokunun qapısını sındıraraq həmin binanın sədri X2 nalayiq ifadələr işlədərək təhqir etmişdir. Nəticədə, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində sanksiyanın hədləri inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsnə münasibətdə isə tərtib olunmuş inzibati xəta haqqında protokol dəymiş ziyan müəyyən edilmədiyi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək ona 50 (əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə münasibətdə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə qaytarılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar