Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1915/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi (vəkil) X1, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən 25 may 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, «X7 Azərbaycan» QSC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs 37800,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 37800,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi (vəkil) X2 verdiyi izahatında göstərmişdir ki, inzibati xəta haqqında icraatın başlanmasına səbəb olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022 tarixli inzibati xəta haqqında protokol əsassızdır. Sözügedən protokola əsasən Şəxs tərəfindən müəyyən məbləğdə xaricə pul köçürülsə də, guya həmin pul vəsaitinin müqabilində mallar idxal edilməmiş, edilmədiyinə görə isə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İnzibati xəta haqqında protokol tərtib edilərkən məsələyə səthi yanaşılmış və düzgün araşdırma aparılmamışdır. Təqdim olunmuş yük gömrük bəyannaməsindən və iş materiallarında olan sənədlərdən görünür ki, köçürülmüş vəsait müqabilində mallar ölkəyə tam şəkildə idxal edilmişdir. Lakin, qeyri-müəyyən səbəblərdən bank tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına malların ölkəyə idxal edilməsinə dair məlumat verilməmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X5 verdiyi izahatında göstərmişdir ki, «X7 Azərbaycan» QSC tərəfindən təqdim edilmiş sənədlər əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən inzibati xəta haqqında 25 may 2022-ci il tarixli, EP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokola əsasən Şəxs 37800,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 37800,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Lakin qeyd olunan MMC tərəfindən məhkəməyə ünvanlanmış sənədlər əsasında 37800,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalı öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs tərəfindən “Point-A İnternational” şirkətinin müvafiq bank hesabına 37800,00 ABŞ dolları ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş 14 may 2020-ci il tarixli gömrük bəyannaməsinin bank tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Şəxs tərəfindən qabaqcadan ödəniş etməklə köçürülmüş 37800,00 ABŞ dolları məbləğində vəsait hesabına malların ölkəyə idxalı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 25 may 2022-ci il tarixdə tərtib edilərkən artıq Şəxs tərəfindən 37800,00 ABŞ dolları məbləğində məhsul tələb olunan iki ildən gec olmamaqla, yəni 15 may 2022-ci il tarixdən gec olmayaraq ölkəyə idxal edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1915/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1915/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver