Məhkəmə qərarları › İş №3(006)-1920/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1920/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1920/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ucar rayonu, Təzə Şilyan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 25 iyul 2021-ci il tarixdə saat təxminən 21:00-da ünvan 1 ünvanının qarşısında vətəndaş Zərərçəkmiş şəxs məxsus avtomaşının salonundan “Pioner” markalı maqnitafon və mühərrik hissəsində olan akkumlyatoru oğurlayaraq ələ keçirmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin polis sahə inspektoru X3 izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs 25 iyul 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə və Nəsimi Rayon Polis İdarəsinin 19-cu PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 23.07.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində idarə etdiyi və özünə məxsus olan VAZ-2107 markalı, **- DS-*** dövlət nömrə nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlayıb Masallı rayonuna getmişdir. 25.07.2021-ci il tarixdə saat təxminən 21:00 radələrində rayondan qayıtmış və avtomobilə yaxınlaşarkən avtomobilin salonunda olan “Pioner” markalı maqnitafonun və mühərrik hissəsində olan akkumlyatorun naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, Ucar rayonu, Təzə Şilyan kəndində qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif yerlərdə kirayə yaşayır. İşləmədiyi üçün maddi imkanı yaxşı olmamış və bu səbəbdən də oğurluq etmək qərarına gəlmişdir. 25 iyul 2021-ci il tarixdə saat təxminən 21:00-da ünvan 1 ünvanın qarşısından ad və soyadını sonradan bildiyi vətəndaş Zərərçəkmiş şəxs məxsus avtomaşının salonundan “Pioner” markalı maqnitafon və mühərrik hissəsində olan akkumlyatoru oğurlayarq ucuz qiymətə satmışdır. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu və zərəri ödəməyə maddi imkanı olmadığını bildirərək, barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. 23.07.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində idarə etdiyi və özünə məxsus olan VAZ-2107 markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlayıb Masallı rayonuna getmişdir. 25.07.2021-ci il tarixdə saat təxminən 21:00 radələrində rayondan qayıtmış və avtomobilə yaxınlaşarkən avtomobilin salonunda olan “Pioner” markalı maqnitafonun və mühərrik hissəsində olan akkumlyatorun naməlum şəxslər tərəfindən oğurlandığının şahidi olmuşdur.Hadisə barəsində DİN-nin 102 xidmətinə və Nəsimi Rayon Polis İdarəsinin 19-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan sonra aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 250 manat maddi zərər dəymişdir. Halhazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 iyul 2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin təhqiqatçısı Seydi Quliyev tərəfindən qəbul edilmiş 27.07.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 27 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 03 (üç) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 26 iyul 2021-ci il tarixdən, saat 18:00dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar