Məhkəmə qərarları › İş №3(006)-1921/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1921/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1921/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.2-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş 13 may 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:40-da “VAZ 21074” minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-in 327.1 və 333.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, vətəndaş Şəxs 13 may 2024-cü il tarixdə, saat 03:40-da idarə etdiyi «Vaz 2107» markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobili Memar Əcəmi dairəsində idarə edərkən qayda pozuntusuna görə saxlanılarkən onun içkili vəziyyətdə avtomobili idarə etməsində şübhələr olduğundan həkim kommisiyasına aparılmış, orada içkili olması müəyyən olunmuş, daha sonra barəsində protokol tərtib olunarkən, onun bundan əvvəl yanvar ayında da bu əmələ görə barəsində protokol tərtib olunması müəyyən olunmuş və bu səbəbdən il ərzində əməl təkrarən törədildiyindən onun törətdiyi xətalara görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xətanı etiraf edir. sadəcə şəxsi işləri ilə bağlı tələsik Bakı şəhərinə gələsi olmuş, həmin vaxtı içki qəbul etdiyindən Bakıya gələsi sürücü axtarsa da tapa bilməmiş, məcburiyyət qarşısında qalaraq etibarnamə ilə idarə etdiyi avtomobili özü sürüb gəlmək məcburiyyətində qalmışdır. Saxlanılarkən xətanı etiraf etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Özü hal-hazırda Şamaxıda rəsmi olaraq restoranda ofisant işləyir, evdə yeganə işləyən şəxs odur, işini itirmək istəmir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bildirərərək barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün istifadə edilmiş xüsusi texniki vasitənin göstəricilərini əks etdirən 00152 nömrəli, xx.xx.2024-cü il il tarixli qəbzdən görünür ki, Şəxs alkoqolun miqdarı 1.546 % olmuşdur. Şamaxı rayon Polis İdarəsi Dövlət X4 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXMin 329.3, 327.2 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İ hissəsinin 6-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmanlığını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar