Məhkəmə qərarları › İş №3(006)-1923/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1923/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1923/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs Rzayeva (Rəhmanova) Aysel Frunze qızı, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, (FİN:OZKMTLY), fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Nəsimi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e- 2(010)-4037/2023 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-2(010)-4037/2023 saylı icra vərəqəsindən məlumatı olmuş və qətnaməyə uyğun olaraq ödənişlər edilmişdir. Lakin sonradan tələbkar tərəfindən əlavə olaraq pullar tələb olunduğundan aralarında mübahisə yaranmışdır. Onun özündən başqa valideynləri tərəfindən də alimentin ödənilməsi üçün müəyyən olunmuş karta alimentdən əlavə ödənişlər də edilmişdir. Bundan əlavə, onunla tələbkar arasında ona məxsus evin kirayə verilməsi ilə bağlı narazılıq olmuş və tələbkar ona məxsus evin kirayə verilməsinə mane olduğundan əlavə gəlirdən məhrum olmuşdur. Təhsil haqqının azaldılması ilə bağlı mülki işə kassasiya qaydasında baxılması üçün müraciət edilmişdir. Onun tərəfindən 29 may 2024-cü il tarixdə uşaqlarının təhsil haqının 1000 manatı ödənilmişdir. Onun yaranmış borcu tam olaraq ödəməsi hal-hazırda maddi vəziyyəti ilə əlaqədar mümkün deyil. Lakin onun icra sənədi üzrə yaranmış borc məbləğini ödəməkdən qərəzli olaraq yayınmaq məqsədi olmamışdır. Məhkəmədən göstərdiyi halların nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil məhkəmə iclasında göstərdi ki, hüquqlarını müdafiə etdiyi Şəxs uşaqların aliment və təhsil haqlarını ödəməsi barədə öhdəliklərini icra etmiş, lakin tələbkarın əlavə pullar tələb etməsinə görə aralarında narazılıq yaranmışdır. Tələbkar qəsdlə Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istəyir, bununla da əlavə pulların verilməsini təmin etmək məqsədinə nail olmaq istəyir. Halbuki, Şəxs əlavə mənzilin kirayə verilməsini və bununla da, əldə edilmiş gəlirin uşaqlara sərf edilməsini və ya borca yönəldilməsini təklif etsə də, tələbkar qeyd olunan mənzilin kirayə verilməsinə mane olur. Şəxs icra sənədinin icrası ilə əlaqədar yayınmaq və ya qərəzli hərəkətlər etmək niyyəti olmamışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Rzayeva (Rəhmanova) Aysel Frunze qızı verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-2(010)-4037/2023 saylı qətnaməsi Şəxs tərəfindən tam olaraq icra edilmir. Baxmayaraq ki, hər ay təhsil haqqının ödənilməsi və hər uşağa görə aylıq 500 manat aliment ödənilməsi barədə razılıq əldə edilsə də, sonradan Şəxs üzərinə düşən öhdəlikləri icra etməməyə başlamışdır. Təhsil haqlarının ödənilməməsi onun uşaqlarının oxuduqları məktəbdən qovulması ilə nəticələnə bilər. Ümumiyyətlə, Şəxs bir ildən çoxdur uşaqları ilə maraqlanmır. Onların böyük oğlu aliment üzrə ödənişləri özü xərcləyir və münasibətləri yaxşı səviyyədə deyil. Şəxs müxtəlif bəhanələrlə aliment üzrə ödənişləri yerinə yetirməkdən qərəzli şəkildə imtina edir. Göstərilənlərə əsasən məhkəmədən Şəxs barəsində sərt inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 01 sentyabr 2023cü il tarixli, e-2(010)-4037/2023 saylı qətnaməsi üzrə icra sənədləri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilərək icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü olaraq təmin edilməsi üçün borcluya bildirişlər göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası tam olaraq təmin edilməmişdir. Şəxs əvvəllər aliment ödəsə də, son aylarda aliment üzrə ödənişləri ödəməkdən yayınır. Şəxs dəfələrlə alimentin ödənilməsində hərəkətsizlik göstərmiş, borcu ödəməkdən yayınmışdır. Onun tərəfindən icra sənədinin icra edilməsi üçün cəhdlər edilsə də heç bir nəticə verməmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda həmin şəxs barəsində inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə verilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-2(010)-4037/2023 saylı icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-2(010)-4037/2023 saylı qətnaməsinə əsasən Şəxs və Rzayeva (Rəhmanova) Aysel Frunze qızı arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı bəndləri təsdiq edilmiş, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X4 orta məktəbi bitirənə kimi ataları Şəxs hər ay 1000 manat olmaqla ümumilikdə 2000 manat təhsil haqqı ödəməsi, Şəxs övladlarına aylıq 500 manat aylıq xərci hər ayın 1-dən 5-dək X1 bank hesabına ödəməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun maraqlı şəxs Şəxs tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” 09 yanvar 2024-cü il tarixli qərardan, eyni tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən və Şəxs izahatlarından görünür ki, icra işi ilə əlaqədar icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Şəxs izahatlarında qətanmə ilə razı olmadığını və həmin qətnaməni məhkəmə qaydasında mübahisələndirdiyini bildirmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar