Məhkəmə qərarları › İş №3(006)-193/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-193/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-193/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 nümayəndəsi və vəkili Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Yusifov Ülvi Rövşən oğlunun iştirakı ilə, Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Qaradağ RPİ-nin baş inspektoru Söhbət Namazov tərəfindən barəsində əsassız və qanunsuz olaraq MN ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Belə ki, qeyd olunan protokolda guya onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində göstərilən xətanı törətməyi qeyd olunmuşdur. Daha sonra isə MN ******* nömrəli qərarla ona 4000 manat məbləğində cərimə təyin edilmişdir. Bildirir ki, ona təyin olunmuş cərimə tamamilə əsassızdır. Belə ki, onun tərəfindən nə həmin tarixdə, nə də başqa vaxt hər hansı bir inzibati xəta törədilməmişdir. Barəsində tərtib olunan protokol və protokol əsasında qəbul edilmiş qərar yalnız polis əməkdaşlarının şəxsi təxəyyülündən ibarətdir. İlk olaraq nəzərə çatdırır ki, ******* nömrəli inzibati protokol qanunvericiliyin tələblərinə tamamilə zidd formada tərtib olunmuşdur. Belə ki, həmin protokolun ilk səhifəsində onun izahatında guya “həqiqətən xüsusi karantin rejim qaydalarını pozduğu” qeyd olunmuşdur. Halbuki onun izahatı belə heç protokol tərtib edilərkən alınmamışdır. Belə olan halda protokolda onun adından polis əməkdaşlarının etiraf edici xarakterli ifadəni qeyd etməkləri birbaşa olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri deməkdir. Bu səbəbdən o, sözügedən protokolla tanış olarkən cərimənin əsassız olduğunu, protokolla razı olmadığını, bu səbəbdən imzalamaqdan imtina etdiyini və həmin tarixdə ümumiyyətlə Nəsimi rayonunun ərazisində olduğunu bildirmişdir. İnzibati protokola nəzər yetirdikdə onun həmin qeyd etdikləri ilə protokolun birinci səhifəsində onun adından yazılanların ziddiyyət təşkil etdiyi müşahidə olunur. Hətta protokolda inzibati xətanın törədilməsini müəyyən edən sübutların mövcud olmaması da görünür. Belə ki, protokolun “müəyyən olunmuş sübutlar” hissəsində hər hansı bir təsdiq edici fakt və ya sübut öz əksini tapmamışdır. Bu zaman haqlı olaraq sual meydana gəlir. Necə ola bilər ki, protokolun birinci səhifəsində onun adından xətanı törətməyi təsdiq etməyi, ikinci səhifəsində isə protokolla razı olmayıb xətanı törətmədiyi qeyd oluna bilər?! Bunun yalnızca bir açıqlaması vardır, o da protokola polis əməkdaşlarının onun adından guya xətanı törətməyi qeyd etmələridir. Tərtib edilmiş inzibati protokol və qərarın məzmun və tərtibatında bir çox prosessual pozuntu və nöqsan mövcuddur. Belə ki, protokolda guya onun xx.xx.2020-ci il tarixdə karantin qaydalarına zidd formada kafe işlətməyi qeyd olunmuşdur. Daha sonra isə protokol və qərarda onun Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində göstərilən xətanı törətməyi qeyd olunur. Görünür barəsində əsassız cərimə təyin edən polis əməkdaşları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarını kifayət qədər yaxşı bilməməkdədir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinin 3 alt bəndinin olması polis əməkdaşlarının nəzərindən qaçmışdır. Əslində isə bunun edilməsinin səbəbi nə qanunvericiliyin kifayət qədər bilinməməsi, nə də səriştəsizlik olmamışdır. Bu yolla polis əməkdaşları bilərəkdən İXM-nin 211 -ci maddəsinin yan hissəsini boş saxlayaraq istədiklərini oraya əlavə edə bilməkləri üçün münbit şərait yaratmışdırlar. Halbuki xəta barəsində protokol tərtib edilərkən şəxs tərəfindən hansı inzibati xətanın törədilməsi tam və dəqiq formada orada qeyd edilməlidir. Həmçinin inzibati qərara əsasən ona 4000 manat cərimə təyin edilmişdir. Lakin o, hələ də həmin cərimənin İXM-nin hansı maddəsinə əsasən təyin edildiyindən xəbərsizdir. Barəsində tərtib olunan protokol və qərarda maddənin tam və düzgün qeyd edilməməsindəki bir digər məqsəd isə onun məhkəmədə həmin maddəyə qarşı düzgün müdafiə taktikasının qurulmasının qarşısını almaq olmuşdur. Nəzərə çatdırmaq istədiyi bir digər fakt isə protokolun tərtib edildiyi vaxt onun Qaradağ rayonunun ərazisində olmamağı ilə bağlıdır. Belə ki, protokolda da qeyd etdiyi kimi o, həmin tarixdə Nəsimi rayonunun ərazisində olmuşdur. Buna baxmayaraq, polis əməkdaşları olmadığı yerdə, olmadığı tarixdə ona protokol tərtib etmişlər. Yuxarıda qeyd etdiklərindən əlavə olaraq bildirir ki, inzibati protokolda onun sözügedən kafeni işlədərək xüsusi karantin rejiminin qaydalarını pozmağı qeyd olunmuşdur. Halbuki kafe həmin vaxt onlayn və qapıda xidmət formasında fəaliyyət göstərmişdir. Bu isə qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Belə ki, Azərabaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən xx xxxxxx 2020-ci il tarixədək həftənin bütün günləri ictimai iaşə obyektlərində əvvəlcədən edilmiş sifarişlərin hər hansı bir məkana və ya xidmət göstərən obyektin qarşısında gözləyən müştəriyə çatdırılması-təqdim edilməsi üsulu ilə fəaliyyət göstərməsi tam qanunidir. Sözügedən kafe də həmin formada, yəni onlayn və çatdırılma yolu ilə fəaliyyət göstərmişdir. Belə olan halda ona cərimə təyin edilməsi qəbuledilməzdir. Qadağan edilməyən formada fəaliyyət göstərən və sahibkarlıqla məşğul olmağa çalışan şəxsə qarşı bu formada qanunsuzluğun edilməsinin qarşısı mütləq formada alınmalıdır. Ona qarşı həmin ərazidə uzunmüddətli davam edən qərəzli mövqe məqsədyönlü xarakter daşıyır. Belə ki, həmin tarixdən əvvəl də dəfələrlə polis əməkdaşları kafeyə gəlmiş və kafeni işlədə bilməyimiz üçün aylıq müəyyən haqq ödəməli olduğumuzu bildirmişdilər. O isə heç bir qeyri-qanuni iş görmədiyini, dövlətin büdcəsinə də lazımi vergiləri vaxtı-vaxtında ödəməyi bildirmişdir. Lakin, görünür polis əməkdaşları bununla razılaşmamış və mütəmadi olaraq kafenin qanuni fəaliyyətinə müdaxilə etməyə başlamışlar. Bundan əlavə xx.xx.2020-ci il tarixdə yenidən polis əməkdaşları kafeyə sözün əsl mənasında basqın etmişlər. Bununla da, həmin şəxslər bir növ öz qanunsuz əməllərini davam etdirmişlər. Bunun səbəbi isə polis əməkdaşlarının ilk qanunsuz əməlləri nəticəsində təyin etdikləri cərimənin məhkəmə və aidiyyəti polis orqanı tərəfindən ədalətli formada araşdırılaraq ləğv ediləcəyini bilmələri olmuşdur. Bu isə açıq-aşkar onu göstərir ki, onların yeganə məqsədi ondan “aylıq haqq” almaqdır. Çünki bundan əvvəl də dəfələrlə buna cəhd edilmiş, lakin tərəfindən bu qanunsuzluğa icazə verilməmişdir. Qanuni sahibkarlıq fəaliyyətinə yönələn bu qəsdlər artıq dözülməz həddə çatmışdır. Polis əməkdaşları öz vəzifə səlahiyyətlərindən bu formada suiistifadə edərək fəaliyyətinə süni maneələr yaradırlar. Hətta ona qarşı tətbiq edilən bu əsassız təzyiq və cərimələr o həddə çatmışdır ki, o, artıq Azərbaycan Respublikası Vergilər Nazirliyinə xx.xx.2020-ci il tarixdə sahibkarlıq fəaliyyətini sonlandırmaq üçün müraciət də etmişdir. Bundan əlavə törədilməyən inzibati xəta ilə bağlı Qaradağ RPİ-nin 10-cu bölməsində izahatı alınan kafenin işçiləri Xəqani Rəsulov, Xəqani Sadıqov, Qürbət Ağammədov, Bədəl Sadıxov və X3 rayon Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək izahatlarını təsdiq etmədiklərini və karantin rejimini pozmadıqlarını bildirmişdirlər. Hesab edir ki, yuxarıda göstərilən əsas və səbəblərindən onun barəsində tərtib olunmuş protokol və protokol əsasında tərtib olunmuş qərar ləğv olunmalıdır. Belə ki, inzibati xəta olmadıqda həmin xətaya görə məsuliyyət də mövcud ola bilməz. Belə olan halda həmin inzibati qərar mütləq formada ləğv olunmalıdır. O, sözügedən inzibati xətanı törətməmişdir və bu səbəbdən də inzibati qərar və qərar əsasında təyin olunmuş cərimə ləğv olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 28.1-ci maddəsinin tələbinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X1 nümayəndəsi və vəkili Yusifov Ülvi Rövşən oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə lazımi qaydada məlumat verilsə də, Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar