Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1940/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, House of Beauty MMC-də yetkinlik yaşına çatmayan X6 29.05.2021-ci il tarixdə əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Ə.C.Əsədullayev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X6 barəsində daxil olmuş şikayət Bakı şəhər Nəsimi Rayon Polis İdarəsində araşdırılarkən onun Şəxs adlı gözəllik salonunda qeyri-qanuni işə cəlb edildiyi müəyyən olunmuş və Nəsimi Rayon Polis İdarəsi tərəfindən onlara məktub, əlavə olunmuş sənədlər göndərilmişdir. Məsələnin araşdırılması üçün Şəxs MMC-nin direktoru idarəyə dəvət olunmuş, lakin gəlməmişdir. Əmək müqaviləsi bağlanmadan işçi işə cəlb edildiyi üçün Şəxs MMC-nin direktoru X8 barəsində cərimə növündə inzibati tənbeh edilməsi barədə qərar qəbul olunub, Şəxs MMC-nin əməlində inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Bundan əlavə X7 Xidmətinin nümayəndəsi Ə.C.Əsədullayev məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, onlar Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən daxil olmuş məlumat və sənədlər əsasında yetkinlik yaşına çatmayan şəxsin işə cəlb olunduğunu müəyyən etmişlər, yoxlama keçirə bilməzdilər. MMC-yə şəhərdaxili nömrə vasitəsi ilə, direktora isə mobil nömrə vasitəsi ilə şifahi məlumat vermişlər. A.E.Əsgərova Polis İdarəsində verdiyi ifadəsində Şəxs gözəllik salonunda işlədiyini, X5 isə şikayət ərizəsində A.E.Əsgərovanın iş yoldaşı olduğunu bildirmişdir. Şəxs MMC-nin təqsirli olmasını təsdiq edən bütün sənədləri məhkəməyə təqdim etmişlər, buna görə də hazırda hər hansı əlavə sübut təqdim edə bilməzlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi İ.E.Məmmədli tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmayaraq göstərmişdir ki, A.E.Əsgərova onların şirkətində işləmir. O, rəfiqəsi A.İ.Sultanova ilə birlikdə yaşayır və salona rəfiqəsi A.İ.Sultanovanın yanına gəlib-gedibdir. A.E.Əsgərovanın onların şirkətində işləməsi barədə heç bir sübut yoxdur. X7 Xidmətinin məktubu onlara 18.08.2021-ci il tarixdə çatmış, ona görə də Müfəttişliyə gedə bilməmişlər. Məktub vaxtında çatsa onlar da sübutlarını təqdim edərdilər. Müfəttişlik tərəfindən heç bir araşdırma aparılmamış, araşdırma aparılsaydı, A.E.Əsgərovanın salonda işləmədiyini müəyyən edə bilərdilər. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında göstərmişdir ki, o, Şəxs MMC-də vizajist işləyir. A.E.Əsgərova onun müştərisi olmuş və müştəri kimi salona onun yanına gəlib-getmişdir. A.E.Əsgərova boş vaxtlarında onun yanına gəlib müştəriləri vizaj edəndə baxmışdır. Onun tam orta təhsili də yoxdur. Polis idarəsində ifadə onun adından yazılıb və o, imzalayıb. İfadə verərkən bildirmişdir ki, A.E.Əsgərova onun müştərisi olub. Bundan əlavə şahid A.İ.Sultanova məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, A.E.Əsgərova əvvəllər onun müştərisi və sonra dost kimi münasibəti olub. Aysun pirsinq etməyi bacarır, ona da evdə qulağına dəlik aşmişdir. A.E.Əsgərova ümumiyyətlə salonda işləməyib sadəcə onun yanına arasıra gələrək işi öyrənirmiş. Bəstini ümumiyyətlə tanımır, o, A.E.Əsgərovanın yanında olub. Hadisə olan gün Bəsti ilə Nazlı Aysunun yanına gəlib. Polis əməkdaşlarına izahatını məhkəmədə bildirdiyi kimi desə də əməkdaşlar onun izahatını təhrif olunmuş formada səhv yazmışlar. Həmçinin Polis bölməsində olarkən onun yanında xəstə ovladı olmuş və burnundan qan açıldığı üçün o, ağlıyırmış, bu səbəbdən də, yazılan izahatı oxumadan imzayıb oradan dərhal xəstəxanaya getmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən yetkinlik yaşına çatmamış 21 yanvar 2004-cü il təvəllüdlü X6 izahatında göstərmişdir ki, o, A.İ.Sultanovanı salondan 1-2 ay olar tanıyır və müştərisi olmuşdur. Özünə peşə öyrənmək üçün müəyyən vaxtlarda Aytən xanımın yanına gələrək ona baxıb işi öyrənirmiş. Pirsinq etməyi bacarır, onu Türkiyədə yaşayarkən oyrənmişdir. Lakin bunu professional şəkildə etmir. A.İ.Sultanovaya pirsinq etməyib yalnız qulağına xüsusi alətlə deşik açıbmış. Tam orta təhsili yoxdur, polisdə verdiyi ifadəsini oxumamış, sadəcə imzalamışdır. Bundan əlavə şahid A.E.Əsgərova məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, A.İ.Sultanova ilə rəfiqə kimi münasibətləri olub. Salonda işi öyrənirmiş, ona görə polisə verdiyi ifadəsində bildirmişdir ki, işləyir. Pul qarşılığında heç bir xidmət göstərməmiş, yalnız Şəxs salonunda işləyən bəzi əməkdaşlara onların təkidi ilə pirsinq etmişdir. Salonda ona hər hansı müştəri təqdim olunmayıb, xidmət göstərməsi tələb olunmayıb. Salonda qeyri-rəsmi işləməsi barədə heç kəsə izahat verməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXMnin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 29 iyun 2021-ci il tarixli 082-23881-1221 məktubuna əsasən Şəxs MMC-də yetkinlik yaşına çatmayan X3 29.05.2021-ci il tarixdə əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə tərəfindən iş materiallarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən protokol tərtib olunarkən ancaq Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən onlara təqdim olunmuş sənədlər nəzərə alınmış və inzibati xətanın törədilməsinin müəyyən olunması üçün əlavə araşdırma aparılmamışdır. Bu hal eyni zamanda X7 Xidmətinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat ilə də müəyyən olunur. Belə ki, nümayəndə izahatında bildirmişdir ki, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən daxil olmuş məlumat və sənədlər əsasında yetkinlik yaşına çatmayan şəxsin işə cəlb olunduğunu müəyyən etmişlər. Bundan başqa məhkəmə iclasında şahid qismində izahatı alınmış A.İ.Sultanova bildirmişdir ki, A.E.Əsgərova ümumiyyətlə salonda işləməyib, sadəcə onun yanına arasıra gələrək işi öyrənirmiş. Polis İdarəsində izahatını məhkəmədə bildirdiyi kimi versə də əməkdaşlar onun izahatını təhrif olunmuş formada səhv yazmış, həmçinin izahatının oxumadan imzalamasının səbəbi kimi Polis bölməsində olarkən onun yanında xəstə ovladının olmasını və həmin vaxt övladının burnundan qan açıldığı üçün onun oradan dərhal xəstəxanaya getməsi səbəbi olmasını göstərmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində izahatı alınmış A.E.Əsgərova bildirmişdir ki, tam orta təhsili yoxdur, bu səbəbdən də özünə peşə öyrənmək üçün müəyyən vaxtlarda Aytən xanımın yanına gələrək ona baxıb işi öyrənirmiş. Ona görə də polisə verdiyi ifadəsində salonda gəlib öyrənməsini işləyir sözü kimi ifadə etmişdir. Pul qarşılığında heç bir xidmət göstərməmiş, yalnız Şəxs salonunda işləyən bir əməkdaşa pirsinq etmişdir. Salonda qeyri-rəsmi işləməsi barədə heç kəsə izahat verməmiş, polisdə verdiyi ifadəsini oxumamış, sadəcə imzalamışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsinhüquqları sadalanmışdır. Həmin maddənin 61.3-cü bəndinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarına əlavə olunan zərfin (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanmış 06 iyul 2021-ci il tarixli MMC-nin nümayəndəsinin Xidmətə dəvət olunması barədə məktuba aid) üzərindəki möhürdən görünür ki, məktub 18.08.2021-ci il tarixdə MMC-yə çatdırılmış, inzibati xəta haqqında protokol isə 22.07.2021-ci il tarixdə tərtib olunmuşdur. Göründüyü kimi, işə baxılmasının yeri və müddətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə vaxtında bildirilməsi barədə Xidmətdə məlumat olmadan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Telefon vasitəsi ilə məlumat verilməsinə dair Xidmətin nümayəndəsi məhkəmə iclasında izahat versə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanlardan da əlavə məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi törədildiyi vaxtdan indiyədək üç aydan artıq müddət keçdiyi üçün Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti də keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda, 53.1.6-cı maddəsinə əsasən, İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokol məhkəməyə 28.07.2021-ci il tarixdə daxil olmuş, məhkəmənin ilk iclası İXM-nin 111.2-ci maddəsinin tələblərinə əsasən 10.08.2021-ci il tarixə təyin edilmişdir. Lakin həmin tarixli iclasda inzibati xəta üzrə icraatın iştirakçıları iştirak etməmişlər. Buna görə də məhkəmə iclası bildirişlərin çatdırılması müddəti nəzərə alınmaqla 24.08.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iştirak edən Xidmətin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri sübutların (şahidlərin) təqdim olunması ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin iştirakının təmin olunmamasını, buna görə də sübut təqdim etmək imkanlarının olmamasını, eyni zamanda şahidlərin iştirakının təmin olunması ilə bağlı müəyyən vaxt lazım olduğunu nəzərə alaraq məhkəmə iclasını 31.08.2021-ci il tarixə təyin etmişdir. Göründüyü kimi A.E.Əsgərovanın Şəxs MMC tərəfindən qeyri-rəsmi əmək münasibətlərinə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə obyektiv, tam və hərtərəfli araşdırma aparılmamışdır. Lakin, məhkəmə baxışı zamanı obyektiv, tam və hərtərəfli araşdırma aparılmış, nəticədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Ə.C. Əsədullayev və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi İ.E.Məmmədlinin izahatları, məhkəmə iclasında şahid kimi dindirilmiş A.İ.Sultanova və A.E.Əsgərovanın ifadələrinə əsasən müəyyən edilmişdir ki, A.E.Əsgərova Şəxs MMC tərəfindən qeyri-rəsmi əmək münasibətlərinə cəlb edilməmişdir. Üzərinə sübutetmə yükü düşən inzibati xəta haqqında protokol tərtib etmiş orqan isə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC hazırkı inzibati xəta üzrə subyekt hesab edilə bilməz, əməlin obyektiv cəhətini təşkil edən hərəkətlərin edilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1940/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1940/2021
31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver